Qazaxıstan rus dilinə görə yenə qarışacaq - Azərbaycanda da "1-cilərdə rus dili" söz-söhbətləri gedir...

19-08-2022, 09:29           
Qazaxıstan rus dilinə görə yenə qarışacaq -
Qazaxıstan birinci sinifdən rus dilinin öyrənilməsini ləğv edib. Bu barədə Qazaxıstanın təhsil naziri Asxat Aymaqambetov bildirib.

“Biz belə qərara gəldik ki, ikinci və üçüncü dilləri mənimsəmək üçün uşaq öz ana dilində oxuyub-yazmağı öyrənməlidir, ona görə də dövlət dilində təhsil alan birinci siniflərdə uşaqlar yalnız qazax dilini öyrənəcəklər"-deyə Qazaxıstanın təhsil naziri vurğulayıb.

Qazaxıstana gedən bu prosesin başqa ölkələrdə də əks-səda verəcəyini proqnozlaşdıranlar az deyil.

Azərbaycanda da uşaqlarını 1-ci sinifdən ingilis, rus sektoruna qoyurlar və uşaqlar ibtidai təhsili də rus dilində alır, digər təhsil pullərini də rus dilində başa vurur.

Azərbaycanda bu məsələyə necə yanaşılır, bizdə də bütün uşaqlar 1-ci sinfə ana dilində getməlidir, yoxsa təhsil sistemi olduğu kimi qalmalı, seçim azad olmalıdır?

Faiq Ələkbərli : “Hesab edirəm, uşaqlarımız ibtidai təhsili Azərbaycan dilində almalıdır...”

Ölkəmizdə bu məsələdə birmənalı yanaşma yoxdur, bir qisim mütəxəssislər, insanlar Azərbaycanın da Qazaxıstanın yolu ilə getməli olduğunu deyir, bəziləri isə əksini düşünür. Qeyd edirlər ki, ibtidai siniflərdə rus dilində təhsil ləğv edilməli və yalnız Azərbaycan dilində olmalıdır, uşaqlara dilimiz mükəmməl öyrədilməlidir. AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO başqanının müavini, siyasi şərhçi Faiq Ələkbərli "Bakı Xəbər" ə şərhində Qazaxıstanın atdığı bu addımı təqdir etdiyini bildirdi. F.Ələkbərli hesab edir ki, uşaqlar 1-ci sinfə öz Azərbaycan dilində getməlidir və ibtidai təhsili bu dildə almalıdır, bundan sonra başqa dilləri öyrənməyə yönəldilməlidir. "Hər bir millət ilk növbədə öz övladlarına ana dilində təhsil verməlidir, uşaqların təhsilinin bünövrəsi ana dilində qoyulmalıdır. Ana dilində təhsil uşaqların şüuruna və gələcəyinə müsbət təsir göstərir. Əlbəttə, Qazaxıstan bu anlamda xeyli çətinlik yaşayıb. Bu problemdən çıxmaq üçün belə bir addım atıb. Qazaxıstanla müqayisədə Azərbaycan bu sahədə o qədər ciddi problem yaşamasa da, gələcəkdə Azərbaycanda da bu problemə çevrilə bilər. Son illər uşaqların məktəblərin rus dili bölmələrinə qoyulması diqqəti çəkir, bu da ciddi problemdir. Ona görə də, ən azından, Azərbaycan da 1-ci sinfə gedən şagirdlərin Azərbaycan dilində təhsil alması ilə bağlı qərar qəbul etməlidir. Bu gün ingilis dilli bölmələrə də maraq var, amma rusdilli bölmələrə gedənlərin sayı daha çoxdur. Hesab edirəm ki, uşaqlarımız ibtidai təhsili Azərbaycan dilində almalıdır, çünki bu onlarda milli şüurun formalaşmasına, gələcəklərinə çox müsbət təsir göstərəcək. Bu anlamda biz, əlbəttə, dövlət sifarişli rusdilli orta məktəblər olmasını da doğru saymırıq. Rusdilli məktəblərin dövlət tərəfindən maliyyələşdirilməsi düzgün deyil. Azərbaycanda da uşaqların 1-ci sinifdə dövlət dilində təhsil alması yaxşı olardı”.

F.Ələkbərli ümid edir ki, Azərbaycanda da 1-ci sinfə gedən uşaqların yalnız dövlət dilində təhsil almaları məsələsi ən üst səviyyəydə gündəmə gələcək.

Məzahir Məmmədli: “Bu prosesin bizim ölkədə də getməsi müsbət nəticə verməz”

Tanınmış təhsil eksperti Məzahir Məmmədli isə əksini düşünür. M.Məmmədli bildirdi ki, Qazaxıstanda baş verən məsələ bizim cəmiyyətdə də səsləndirilib, zaman-zaman aktual olub. “Bizdə də dönə-dönə səsləndirilib ki, Azərbaycanda ibtidai təhsil dövlət dilində olsun, başqa dillərdə olmasın. Uşaqlara 5-ci sinifdən sonra seçim imkanı yaradılsın ki, onlar ya ingilis, ya da rus dilində təhsili seçsinlər. Bizdə belə fikirlər olub. Amma bilirsiz ki, bizim qanunlarımızda bu məsələ ilə bağlı konkret məhdudiyyət yoxdur. Səhv etmirəmsə, son statistikaya görə, Azərbaycanda rus dilində təhsil almaq istəyənlər müraciət edənlərin 34 faizini təşkil edir. Bu da səbəbsiz deyil. Bir tərəfdən, bu dəb halı alan bir məsələdir. Çünki o vaxt Sovetlər dönəmində belə bir stereotip formalaşdırıldı ki, rus dilində təhsil alanlar daha intellektlidir, Azərbaycan dilində təhsil alanlardan fərqli düşüncəyə malikdirlər. Bu belə düşünüldüyündən üstünlük daha çox rus dilinə verilirdi. Amma biz müstəqillik əldə etdikdən sonra statistikada göstərildi ki, 1992-1993-cü illərdə bu müraciətlərin sayı azalmağa doğru gedib, ondan sonrakı dövrdə yenidən artım başlayıb. Yəni biz yaxın qonşu ölkələrlə müqayisə etsək, nə Gürcüstanda, nə də Ermənistanda artıq rus sektoru qalmayıb. O ki qaldı Orta Asiyaya, bu hərəkat Qazaxıstanda başlayıb və onun da digər Orta Asiya ölkələrinə yayılması proqnozlaşdırılır. Qazaxıstanda milli dil sahəsində problem vardı və orada rus dilinə daha çox meyl göstərilirdi. Azərbaycana gəlincə, bizdə vəziyyət, mənzərə tamamilə fərqlidir. Mənim bu məsələyə münasibətim fərqlidir. Bilirsiz, təhsil azaddır, bunu bizə Azərbaycan konstitusiyası da diqtə edir. Azərbaycan çoxmillətli, çox konfessiyalı, multikultural ölkədir Burada müxtəlif xalqların nümayəndələri yaşayır və təhsil alır. Bu baxımdan hesab edirəm ki, bu prosesin bizim ölkədə də getməsi müsbət nəticə verməz. Yenə deyirəm, təhsil azaddır və seçim müstəqildir. Bu səbəbdən də, o tendensiyanın bizdə başlaması gözlənilmir, çünki buna səbəb və zəmin yoxdur. Azərbaycanda yaşayan ruslar, başqa xalqlar da var və onların övladları rus dilində təhsil alır. Azərbaycan dövləti eyni zamanda bütün xalqların övladlarının təhsil almasına münbit şərait yaradır”.

M.Məmmədli hesab edir ki, Azərbaycanda yaşayan bütün xalqlar Azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşib və hər birinin güclü dövlət, dövlətçilik sevgisi var.

İradə SARIYEVA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.