Türkiyədə diplomat və kəşfiyyatçı “qalaqurması”:Davudoğlunun strateji postlardakı kadrları dəyişdirilir

12-06-2016, 13:06           

Türkiyə xarici siyasət idarəsində ciddi dəyişikliklərə imza atılıb. Ötən il seçki hökumətində xarici işlər naziri vəzifəsini tutmuş, 7 il XİN müstəşarı vəzifəsini tutmuş, xarici siyasət idarəsində ən təcrübəli kadrlardan hesab olunan Ferudin Sinirlioğlu Nyu-Yorkda Türkiyənin BMT-dəki təmsilçisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Sinirlioğlu 7 il müstəşar (nazirliyin əsas fəaliyyətini təşkil edən post) olaraq çalışmış, eyni zamanda Türkiyənin Ermənistanla, eləcə də İsraillə münasibətlərinin düzəlməsi istiqamətində gizli danışıqlar prosesinin aparan şəxs hesab olunurdu. Ümumiyyətlə isə XİN sistemində təcrübəli, gizli prosesləri idarə edən və üstəlik, keçmiş baş nazir Əhməd Davudoğlunun kadrı kimi tanınırdı.

Hökumətdə ikinci səs-küylü səfir təyinatı Milli İstihbarat (Kəşfiyyat) Təşkilatı müstəşarı müavini, daha öncə bir müddət təşkilata rəhbərlik etmiş İsmayıl Hakkı Musanın Fransaya göndərilməsi olub.

Bundan başqa, xarici işlər naziri müavini Naci Koru BMT Cenevrə qərargahına səfir, XİN müstəşarı müavini Murat Esenli İtaliyaya səfir, Avropa Birliyi Nazirliyi müstəşarı Engin Soysal ATƏT-ə səfir, XİN sözçüsü Tanju Bilgiç Serbiyaya səfir təyinatı alıb.

Siyahıda daha bir neçə səfirliklərə təyinat qeyd olunub. O cümlədən bir dönəm Bakıda səfir olaraq çalışmış Hulusi Kılıç da Moldovaya səfir təyin olunub. Moskva səfiri Ümit Yardım və Almaniya səfiri Hüseyn Avni Karslıoğlu isə XİN-ə gətirilib.

Qeyd edək ki, Türkiyənin müxalifət qəzetləri bunu hökumətdəki keçmiş baş nazir Əhməd Davudoğlunun kadrlarının təmizlənməsi kimi təqdim ediblər. Bir sıra yerli analitiklər də səfir kimi təyinat alan vəzifəli şəxslərin sabiq baş nazirə yaxın adamlar olduğunu düşünür.

Ekspertlərə görə, yeni hökumət ciddi kadr islahatlarına gedir və keçmiş baş nazirə yaxın kadrlar komandadan uzaqlaşdırılır. F.Senirlioğlu Ə.Davudoğluna yaxın şəxs sayılırdı, eyni zamanda MİT müstəşar müavini İsmayıl Hakkı Musa da MİT müstəşarı Hakan Fidana yaxın şəxslərdən biri hesab olunur.

Ancaq diqqət çəkən detal hökumətdə ilk dəyişikliyin məhz xarici işlər və kəşfiyyat qurumundan başlamasıdır.

Təbii ki, hər iki qurum həssas və dövlətin strateji orqanlarıdır. Amma dəyişikliyin burdan başlaması, baş nazirin və yeni hökumətin xarici siyasət və kəşfiyyat strategiyasında dəyişiklik edəcəyinə işarə kimi qiymətləndirilə bilər. Hazırda Türkiyə hökumətinin əsas problemli nöqtələri daxili təhlükəsizlik (PKK, İŞİD terroru, qeyri-sabitlik təhülkəsi – K.R.) və xarici siyasət sahələridir. Bir sıra analitiklər, o cümlədən hökumətə yaxın media yeni hökumətin məhz bu istiqamətlərdə dəyişiklik edəcəyini, xarici siyasət kursuna yenidən baxacağına bəzən açıq, bəzən də gizli şəkildə işarə edirlər.

Son təyinatlarla həm kəşfiyyat, həm də xarici işlər sistemində aparıcı postlarda vakansiya yaranıb. Hələlik hər iki qurumda birinci şəxslər yerində qalsalar da, aparıcı və müəyyənedici postlar boşaldılıb. Beləliklə, bu postlara yeni təyinatlar Türkiyənin yeni siyasət kursunu da müəyyən mənada açıqlayacaq.

Yeri gəlmişkən, hökumət orduya əlavə səlahiyyətlər verən yeni qanun layihəsi hazırlayıb. Bununla da Türkiyə ordusu, əvvəlki kimi omasa da, bir sıra hüquq və səlahiyyətlər əldə edəcək. Bunların içərisində Nazirlər Kabinetinin qərarıyla ordu qüvvələrinin ölkə daxilində əməliyyatlar keçirməklə bağlı əlavə səlahiyyətlər alması da var. Eyni zamanda ordu mənsublarının mühakimə olunması baş nazirin və daxili işlər nazirinin razılığı əsasında mümkün olacaq.

Bir sıra ekspertlərə görə, bu layihə ölkə daxilində hökumətin terrora qarşı mübarizə və daxili təhlükəsizlik sahəsində ciddi addımlar atacağına işarədir.

Beləliklə, yeni hökumətin artıq ilk strateji addımları bəllidir: daxili təhlükəsizliyi gücləndirmək, xarici siyasət kursuna yenidən baxmaq. Bu istiqamətdə əsas oyunçular isə artıq yenilənməyə başlayıb.
musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.