Güney Azərbaycanda 6 min illik qala məhv olmaq təhlükəsi ilə üzləşib - VİDEO

2-06-2023, 10:54           
Güney Azərbaycanda 6 min illik qala məhv olmaq təhlükəsi ilə üzləşib - VİDEO
İranın mədəni irs və tarixi abidələr qurumunun laqeydliyi səbəbindən Güney Azərbaycanın Mərənd bölgəsində yerləşən Urartu dövrünə aid Yaldur qalası məhv olmaq təhlükəsi ilə üzləşib.

“Report” xəbər verir ki, bu barədə Gunaz.TV məlumat yayıb.

Bildirilib ki, bu qədim tarixi qalanın 6 000 il yaşı var. Mütəxəssislərin sözlərinə görə, müasir dövrdə belə abidələrin yerləşdiyi bölgə turizm zonasına çevrilir, buraya turistlərin cəlb edilməsi üçün tədbirlər görülür.

Onların fikrincə, fars olmayan millətlərinin tarixinə etinasız yanaşan Tehran rejiminin bölgədəki təmsilçiləri isə Yaldur qalasını diqqətdən kənar qoyublar.

Bildirilib ki, abidə Urartu dövründə tikilib və həmin ərazidə 22 qalanın qalıqları var.

Tarixi məlumatlara əsasən, Yaldur qalası Asuriya kralı II Sarqonun hücumu nəticəsində dağılıb. Rusiyalı şərqşünas Vladimir Minorski orada yerləşən Mandaqarna atəşgahının da Urartu dövründə gil kərpicdən tikildiyini və qala kompleksinə daxil olduğunu yazıb. V.Minorski hesab edir ki, atəşgah II Sarqonun Mərəndə hücumu zamanı müəyyən qədər dağıdılıb.

Xatırladaq ki, Mərənd bölgəsi Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində yerləşir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.