Türkiyədən dəstək: - 43 general Azərbaycana göndərildi
23-06-2016, 12:31

Azərbaycanın Türkiyədəki səfirliyi Ankarada 26 iyun Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü münasibətilə geniştərkibli rəsmi qəbul təşkil edib.
Publika.az xəbər verir ki, tədbirdə Türkiyənin ordu və hökumət rəhbərliyi yüksək səviyyədə təmsil olunub.
Sözügedən tədbirdə Türkiyənin Elm, Sənaye və Texnologiya naziri Faruk Özlü, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Hulusi Akar, Baş Qərargah rəisinin müavini Yaşar Gülər, Quru Qoşunları komandanı ordu generalı Salih Zeki Çolak, Hava Qüvvələri Komandanı, ordu generalı Abidin Ünal və Jandarma Qüvvələrinin baş komandanı ordu generalı Galib Mendi başda olmaqla Türkiyə Silahlı Qüvvələrinin 43 generalı, tanınmış ictimai-siyasi xadimlər, diaspor nümayəndələrimiz, çox sayda millət vəkili, Türkiyə Xarici İşlər Nazirliyi başda olmaqla ölkənin çox sayda rəsmi qurumlarının nümayəndələri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri və çox sayda KİV nümayəndələri iştirak ediblər.
Tədbir iki qardaş ölkənin himnlərinin səsləndirilməsinin ardından açıq elan edilib.
Daha sonra çıxış edən Azərbaycanın Türkiyədəki səfirliyinin Hərbi Attaşesi, polkovnik Müşfiq Məmmədov qonaqları salamlayaraq, ümummilli lider Heydər Əliyevin ordumuzun təşkilatlanma və möhkəmlənməsindəki əvəzsiz xidmətlərindən bəhs edib.
O, Azərbaycan Prezidenti Ali Baş komandan İlham Əliyevin milli ordumuzla bağlı məqsədyönlü və müvəffəqiyyətli siyasətinə toxunaraq, ordumuzun 2016-cı ilin aprel ayında əldə etdiyi qələbə, o cümlədən Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin geri qaytarılması ilə bağlı birmənalı və qətiyyətli mövqeyimiz haqqında tədbir iştirakçılarını ətraflı şəkildə məlumatlandırıb.
Tədbir zamanı qonaqlara ziyafət verilib.