PKK-ya daha bir zərbə - Təşkilatın liderlərindən biri də öldürüldü
14-07-2016, 14:07

PKK liderlərindən olan Murad Karayılanın ən yaxın adamı və şimal bölgəsindən cavabdeh olan Fəthi Şarlatan öldürülüb.
Avropa.info xəbər verir ki, Sabri Başkale ləqəbli PKK terrorçusu Fəthi Şarlatanın həyata keçirilən əməliyyat zamanı oldürüldüyü bildirilir.
Türkiyə mətbuatında yayılan və hərbi mənbələrə istinad olunan məlumata görə Türkiyə ordusu ay yarım bundan əvvəl PKK-nın şimal bölgəsindən cavabdehi olan Fəthi Şarlatanın da iştirak etdiyi və Metinada təşkil olunan iclasın keçirildiyi qərargaha hücum edib. Hücum zamanı 15 terrorçu məhv edilib və ağır yaralanan Şarlatan da bölgədəki bir xəstəxanaya yerləşdirilib.
Əldə olunan məlumata görə terrorçular komaya girən Şarlatanı xilas etmək üçün onu 3 müxtəlif xəstəxanaya aparıb.
Bütün bu hadisələr zamanı Türkiyə kəşfiyyatı Şarlatanı addım-addım izləyib və son yerləşdirildiyi xəstəxananı də müəyyən edib.
Ancaq mülki şəxslərin də zərər görmə ehtimalı olduğu üçün hərbçilər xəstəxanaya əməliyyat təşkil etməyib.
Türkiyə kəşfiyyatının 24 saat pilotsuz təyyarələrlə izlədiyi xəstəxanadan nəhayət ki, gözlənilən xəbər gəlib. PKK-nın ən mühüm adamlarından biri və demək olar ki, Türkiyədə təşkil olunan bütün qanlı hücumlarda adı keçən Fəthi Şarlatanı xilas etmək mümkün olmayıb.
Öldürülən Şarlatanın Türkiyədə şimal bölgələri sayılan Hakkari, Diyarbəkir, Bingöl, Mardin, Ərzurum, Şırnak, Tunceli Ağrı, Qars və Amanos, Şimali İraqdakı Metina və Haftanin bölgələrindən cavabdeh kadr idi.