PKK-nın girə bilmədiyi yeganə türk kəndi – Video
15-07-2016, 09:10

Ulupamir kəndliləri “PKK-nın girə bilmədiyi yeganə kənd, bizim kəndimizdir”, - deyir.
Axar.az xəbər verir ki, qəhrəmanlarla dolu olan bu kənd Türkiyənin Van vilayətində yerləşir.
Kəndin tarixçəsi ötən əsrin 80-ci illərinə gedib çıxır. SSRİ 1979-ci ildə Əfqanıstana qoşun yeritdikdən sonra Pamir yaylasında yaşayan qırğız əhalinin bir qismi Əfqanıstanı tərk etmək məcburiyyətində qalıb.
Onlar Pakistana köç etsələr də, buranın isti iqliminə alişa bilməyiblər. Son ümidi Türkiyənin Pakistandakı səfirliyində görən qırğızlar yaşamaq üçün qardaş ölkədən yardım istəyiblər.
1982-ci ildə 1500 qırğız təyyarə ilə Türkiyəyə gətirilir. İlk günlərdə Malatya və Vana yerləşdirilən qırğızlar 1985-ci ildə Turqut Özalın göstərişi ilə sosial evlərə köçürülür.
Qırğızların istəyi ilə yeni salınmış kəndin adı isə Ulupamir olur.
Kəndin icra nümayəndəsi Əyyubxan Koşar Ulupamirin sonrakı hekayəsini belə nəql edir:
“1988-ci ildə PKK terroru başlayınca, məmləkətimizi qorumaq üçün ayağa qalxdıq. Əhalinin sayı təxminən 2500 nəfərdir və kişilərin 90 %-i kəndin müdafiəsində iştirak edir. PKK terror təşkilatının girə bilmədiyi yeganə kənd bizim kəndimizdir. Qanımız, canımız bahasına PKK-nı kəndimizə buraxmadıq, buraxmayacağıq”.
PKK ilə mübarizədə kəndin itkiləri də çox olub. Bir müddət öncə terrorçularının Vanın Ərciş rayon polis bölməsinə hücumu zamanı Ulupamir kənd qoruyucusu, qırğız türkü Turanbek Günocaq həlak olub.
Onun dəfn mərasimində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, TBMM-in sabiq sədri Cəmil Çiçək, MHP lideri Dövlət Baxçalı və digər şəxslər iştirak edib.
[media=https://www.youtube.com/watch?v=r4gOu0k_fS8]