“QRU” çevriliş haqda MİT-i məlumatlandırıb? –İrandan Rusiya-Türkiyə hərbi əməkdaşlığına dair qalmaqallı açıqlama

21-07-2016, 09:52           

İran hakimiyyətinə yaxın mətbuat bölgədə yeni geosiyasi konfiqurasiyanın – Rusiya-Türkiyə hərbi əməkdaşlığının yaranmasına eyham vuran maraqlı iddia ilə çıxış edib.

Strateq.az xəbər verir ki, İran xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən "Fars" agentliyi Rusiya Müdafiə Nazirliyinin (aidiyyəti strukturu QRU kimi tanınan Baş Kəşfiyyat İdarəsidir – Strateq) Türkiyədə çevriliş olacağı barədə Türkiyə kəşfiyyatını (Milli İstihbarat Təşkilatını) vaxtında xəbərdar etdiyini açıqlayıb.

Agentlik bildirib ki, Rusiya Müdafiə Nazirliyi Türkiyədəki hərbi çevriliş cəhdinə bir neçə saat qalmış artıq prezident Rəcəb Tayyib Ərdoğanı xəbərdar edib: "Regionda yerləşən Rusiya ordusu çevrilişə cəhd göstərən hərbçilərin danışıqlarını tuta bilib və radio məlumatların kodlarını deşifrə edib. Həmin məlumatlarda Türkiyə ordusunun Ankarada ölkə hakimiyyətinə qarşı çevrilişə başlamağa hazır olduğu deyilirmiş".

Qeyd edək ki, İran agentliyi məlumatın ilkin qaynağı kimi, ərəb kütləvi informasiya vasitələrinə açıqlama verən hansısa "naməlum türk diplomatı" göstərib.

Belə görünür ki, İran tərəfinin bu açıqlaması daha çox bölgədə Rusiya-Türkiyə hərbi əməkdaşlığının başladığını çatdırmağa hesablanıb və özündə ciddi mesajları daşıyır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.