Urmiyəli parlamentar ölkədə "qıtlıq" riski barədə xəbərdarlıq edib

31-12-2024, 11:44           
Urmiyəli parlamentar ölkədə "qıtlıq" riski barədə xəbərdarlıq edib
İran parlamentindəki Urmiyə millət vəkili ölkədə mövcud vəziyyətin davam edəcəyi təqdirdə qıtlıq yarana biləcəyi ilə bağlı xəbərdarlıq edib.

İran mediasının yaydığı məlumata görə, Salman Zakir “ölkədə bu səviyyədə balanssızlığın davam etməsinin” qıtlıq riskini artırdığını bildirib.

O, hökumətin vəziyyətin pisləşməsinin qarşısını almaq üçün “planı olduğunu və onun tezliklə həyata keçməsinə ümid etdiyini” desə də, ölkənin mövcud durumunu izah edərkən “bu balanssızlıq zarafat deyil” deyib və məsul şəxsləri həll yolları tapmağa çağırıb.

İran müxtəlif sahələrdə, o cümlədən enerji çatışmazlığı problemi ilə üzləşib. İranda enerji çatışmazlığı rəsmi olaraq "balanssızlıq" kimi ifadə olunur və enerji çatışmazlığı ifadəsinin istifadəsindən çəkinilir.

Rokna xəbər portalına müsahibə verən Salman Zakir ölkənin mövcud vəziyyətini izah edərək deyib: “Bu, bir prinsipdir ki, istehsal olmayanda valyuta gəliri də olmur, insanların ehtiyacları ödənilmir, məşğulluq azalır, insanların gəliri azalır və onların süfrələri kiçilir”.

O, ölkədə sənaye müəssisələrinin elektrik enerjisinin kəsilməsi məsələsinə toxunaraq bildirib ki, sənaye şəhərciklərində baş verən elektrik kəsintiləri birbaşa insanların dolanışığına təsir edir və bu da cəmiyyətdə narazılığın artmasına səbəb olur.

Zakir həmçinin iqtisadiyyatla əlaqəli nazirlərinin parlamentə dəvət edildiyini və deputatların suallarına və şübhələrinə cavab verəcəklərini bildirib. O, bir daha “məsələ zarafat deyil” deyərək ölkənin kritik vəziyyəti barədə xəbərdarlıq edib.

Ölkədəki enerji böhranı sənaye şəhərciklərində davamlı elektrik kəsintilərinə səbəb olur ki, bu da işəgötürənlərə maliyyə itkisi verir, nəticədə işçilərin maaşlarının gecikməsinə və ya ödənilməməsinə gətirib çıxarır.
Həmçinin son günlər dollar məzənnəsinin kəskin artması Tehranın Böyük Bazarında mağaza sahiblərinin etirazlarına və mağazalarını bağlamasına səbəb olub.

Sosial mediada yayılan 29 dekabr tarixli videolara əsasən, Tehranın Böyük Bazarında mağaza sahibləri dolların ardıcıl rekord qırması və inflyasiyaya etiraz etdiyini göstərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.