İranda Turhan adlı uşağa şəxsiyyət vəsiqəsi verilmir

31-12-2024, 15:44           
İranda Turhan adlı uşağa şəxsiyyət vəsiqəsi verilmir
İranın Qeydiyyat Təşkilatı Şərqi Azərbaycanın Əhər şəhərindən olan Turhan adlı uşağa beş aydır şəxsiyyət vəsiqəsi verməkdən imtina edir. Uşağın ailəsi bu gecikmənin səbəbi kimi övladlarına qoyduqları adın türk adı olduğunu göstərir.

Turhanın əmisi Hadi Rəhməti "Balamın Adı" adlı İnstagram səhifəsinə bildirib ki, Əhər Qeydiyyat İdarəsi bunun türk adı olması və ad seçimi sistemində yer almaması səbəbindən qeydə almaqdan imtina edib.

Turhan 25 mayda dünyaya gəlib və aradan 7 ay keçməsinə baxmayaraq, ailəsi ona bu adla şəxsiyyət vəsiqəsi ala bilmir.

Uşağın ailəsi məsələ ilə bağlı Qeydiyyat İdarəsini məhkəməyə verib. Lakin keçirilən iki məhkəmə iclasında idarənin xeyrinə qərar çıxarılıb. Qurumun rəsmiləri bildiriblər ki, bu adla bağlı qərar vilayət rəhbərliyinin göstərişi əsasında verilib və ailə övladları üçün başqa bir ad seçməlidir.

İran Azərbaycanında türk adlarının seçiminə qoyulan məhdudiyyətlər sosial problemə çevrilib. Hər il onlarla azərbaycanlı ailə övladlarına türk adı verdikləri üçün şəxsiyyət vəsiqəsi almaqda çətinlik çəkir.

Son vaxtlar İranın Qeydiyyat Təşkilatının rəhbəri “qeyri-İran və İslami” adlara qarşı daha sərt qaydaların tətbiq ediləcəyini elan edib. O, qurumun "iranlı və islami" adların istifadəsini genişləndirmək və bu çərçivədən kənar adları "saflaşdırmaq" niyyətində olduğunu irəli sürüb.
Rəsmi qurumların məlumatına görə, İran Azərbaycanının vilayətlərində türk adları populyar adlar siyahısına daxil edilib və ailələr arasında bu adlara maraq artmaqdadır. Bununla belə, bəzi adlar hələ də Qeydiyyat Təşkilatı tərəfindən təsdiqlənmir.

Tənqidçilər bu siyasəti etnik və mədəni hüquqların məhdudlaşdırılması kimi qiymətləndirir və qeyri-fars icmaların dil və mədəni irsinin qorunmasına maneə törətdiyini iddia edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.