Azərbaycan-Türkiyə sərhədində nəqliyyatın gündəlik buraxılış qabiliyyəti artırılacaq

31-12-2024, 16:38           
Azərbaycan-Türkiyə sərhədində nəqliyyatın gündəlik buraxılış qabiliyyəti artırılacaq
Sədərək buraxılış məntəqəsinin infrastrukturu 6 giriş, 6 çıxış yolu ilə 24 saat fasiləsiz xidmət göstərir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nümayəndələri Dövlət Gömrük Komitəsinin təmsilçiləri ilə Sədərək və Türkiyənin Dilucu sərhəd buraxılış məntəqələrinə səfər ediblər.
AYNA-dan Azərbaycan bildirilib ki, görüşlər zamanı buraxılış məntəqələrində yük nəqliyyat vasitələrinin qəbulu, növbələrin təşkili, yük nəqliyyat vasitələrinin yoxlanılması və sənədlərin rəsmiləşdirilməsi qaydaları ilə yerində tanışlıq olub.
Bildirilib ki, milli daşıyıcılar da daxil olmaqla, bütün ölkələrin daşıyıcılarına bərabərhüquqlu xidmət göstərilir. Növbələr elektron qaydada təşkil edilir. Nəqliyyat vasitələrinin yoxlamaya cəlb olunması məlumatların əvvəlcədən emalı hesabına yük nəqliyyat vasitələrinin sürətli sərhəd keçidinə, çevik gömrük rəsmiləşdirilməsinə şərait yaradan, süni intellekt əsaslı maşın öyrənmə alqoritmləri ilə işləyən Avtomatlaşdırılmış Risk Analizi Sistemi vasitəsilə həyata keçirilir.
Qeyd edilib ki, Sədərək buraxılış məntəqəsinin infrastrukturu ən yüksək tələblərə cavab verir və 6 giriş, 6 çıxış yolu ilə 24 saat fasiləsiz xidmət göstərilir.
Türkiyə tərəfi ilə görüş zamanı buraxılış qabiliyyətinin artırılması üçün hazırda 3 giriş və 3 çıxış yolu olan Dilucu buraxılış məntəqəsinin infrastrukturunun təkmilləşdirilərək Sədərək keçid məntəqəsi ilə eyniləşdirilməsi zərurəti qeyd edilib. Qarşı tərəf bu istiqamətdə işlərə yaxın zamanda başlanılacağını bildirib.
Hər iki məntəqənin buraxılış imkanı eyniləşdirildiyi halda, günlük bir istiqamətdə 400-450 yük nəqliyyat vasitəsinin buraxıla biləcəyi vurğulanıb.
Görüşlər zamanı Sədərək və Dilucu sərhəd buraxılış məntəqələrinin Cənub-Qərb marşrutu üzrə beynəlxalq daşımalarda mühüm rol oynadığı qeyd edilərək, buraxılış qabiliyyətinin artırılması istiqamətində birgə səylərin davam etdirilməsi haqqında razılığa gəlinib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.