ABŞ Dövlət katibi və Türkiyə xarici işlər naziri Cənubi Qafqazda sülhə toxunub
17-02-2025, 16:14

Birləşmiş Ştatların Dövlət katibi Marko Rubio fevralın 14-də Münhendə Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə Cənubi Qafqazda sülh məsələsinə toxunub.
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan görüşdə tərəflər bir sıra məsələlərlə yanaşı, “Cənubi Qafqazda ədalətli və davamlı sülhü dəstəkləmək üçün birgə səyləri” müzakirə ediblər.
Bu barədə ABŞ Dövlət Depatamentinin mətbuat katibinin ofisi məlumat yayıb. Məlumatda əlavə detallar verilməyib. Türkiyənin Xarici İşlər Nazirliyi də müzakirələrin detalları barədə məlumat yaymayıb.
“Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülhün vacibliyi” Rubio və Fidan arasında yanvarın 23-də baş tutan telefon danışığında da vurğulanmışdı.
Fevralın 15-də Münhendə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da türkiyəli həmkarı ilə görüşüb.
“Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluğa əsaslanan müttəfiqlik regional təhlükəsizlik və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir və biz bu kontekstdə öz strateji prioritetlərimizə sadiq qalırıq”, Ceyhun Bayramov “X” səhifəsində yazıb və görüşdən məmnunluğunu ifadə edib.
Münhen Təhlükəsizlik Konfransına qatılan Ermənistanın Baş naziri Nikol Paşinyan da keçirdiyi bir sıra dövlət başçıları ilə ikitərəfli görüşlərində, o cümlədən Almaniya Kansleri Olaf Şolts və Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta ilə müzakirələr zamanı Ermənistan-Azərbaycan sülh danışıqlarının cari vəziyyətinə toxunduqlarını bildirib.