Milli fəal İbrahim Asmani həbs və qamçı cəzasına məhkum edilib
17-02-2025, 17:24

Təbriz Cinayət Məhkəməsinin 118 saylı şöbəsi azərbaycanlı milli fəal İbrahim Asmanini 3 ay azadlıqdan məhrumetmə və 30 qamçı cəzasına məhkum edib.
AZOH və Araz News media qurumlarının yaydığı məlumata görə, Təbriz sakini Asmani ötən il Zöhrə Vəfayi və Məhəmməd Tağı Zehtabinin dəfn mərasimində saxlanıldıqdan sonra məhkəmə tərəfindən 3 ay 1 gün həbs və 30 qamçı cəzasına məhkum olunub.
O, ötən ilin 24 dekabr tarixində yazıçı Zöhrə Vəfayinin Təbrizin Vadi-Rəhmət qəbiristanlığında keçirilən dəfn mərasimi zamanı təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmuşdu. Həbs zamanı təhlükəsizlik qüvvələrinin onu döydüyü barədə məlumatlar yayılıb. Bir neçə gün saxlanıldıqdan sonra o, Təbriz Mərkəzi Həbsxanasına köçürülüb və nəhayət, 1 oktyabr tarixində 100 milyon tümən girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.
Sosial mediada yayılan bəzi məlumatlara görə, İbrahim Asmani ötən ilin dekabr ayında Şəbistər şəhərində Məhəmməd Tağı Zehtabinin anım mərasimində də saxlanılmışdı. Hər il milli fəallar Məhəmməd Tağı Zehtabinin vəfat ildönümündə onun məzarı başına toplaşır, çiçəklər qoyur və milli marşlar oxuyaraq onun xatirəsini yad edirlər.
Mediada yayımlanan məhkəmə hökmü sənədinin surətinə əsasən, o, "Zöhrə Vəfayinin dəfn mərasimində qeyri-adi geyim geyinməklə, səs-küy və qalmaqal yaratmaq yolu ilə ictimai asayişi pozmaq" ittihamı ilə təqsirli bilinib.
Məhkəmənin "qeyri-adi geyim" ittihamı, onun sözügedən mərasimdə ənənəvi Azərbaycan geyimi geyinməsi faktı ilə bağlı irəli sürülüb.