İran Azərbaycanının müxtəlif şəhərlərində türk dilində kitablar paylanıb

Dünən, 15:44           
İran Azərbaycanının müxtəlif şəhərlərində türk dilində kitablar paylanıb
İran Azərbaycanının şəhərlərində milli fəallar 21 fevral Beynəlxalq Ana Dili Günü ərəfəsində xüsusilə məktəblilər və uşaqlar arasında Azərbaycan türkcəsində kitablar paylayıblar.

Sosial mediada yayılan məlumatlara görə, Təbriz, Ərdəbil, Urmiyə, Xiyav, Parsabad (Muğan), Qoşaçay, Bostanabad (Ucan) və digər şəhərlərdə milli fəallar Azərbaycan türkcəsinin qrammatikasını öyrədən kitablar və uşaqlar üçün nağıl kitabları yayaraq ictimaiyyət arasında ana dilinin əhəmiyyəti barədə maarifləndirmə aparıblar.

Fəallar şəhərlərin müxtəlif yerlərində, eləcə də məktəblərin qarşısında bu kitabları şagirdlərə və uşaqlara paylayıb, valideynlərlə söhbətlər apararaq onların ana dili təhsilinin vacibliyinə diqqət çəkməyə çalışıblar.

Hər il Beynəlxalq Ana Dili Günü münasibətilə paylanan bu kitablar əsasən uşaq nağıllarından ibarətdir və Azərbaycan türkcəsinin yazı qaydaları ilə tanışlıq məqsədi daşıyır. Bu kitablar rəsmi nəşriyyatlar və mədəni fəallar tərəfindən çap olunur və İran İslam Respublikası qanunlarına görə onların yayılmasına hüquqi maneə yoxdur. Bununla belə, bəzi fəalların təhlükəsizlik qüvvələrinin təzyiqi ilə üzləşdiyinə dair məlumatlar var və bu halın əvvəllər də yaşandığı bildirilir.

Milli fəallar həmçinin bu gün münasibətilə şəhərlərdə broşürlər və şirniyyat paylayaraq ana dilində təhsilin əhəmiyyəti barədə maarifləndirmə aparıblar. Təbriz Universitetində Türk dili və ədəbiyyatı fakültəsinin tələbələri bu günü şirniyyat və təbrik notları ilə qeyd edərək tələbələr arasında ana dilinin əhəmiyyəti barədə məlumatlandırma aparıblar.

Bundan əlavə, bəzi milli fəallar Təbrizdə "Azadlıq, Ədalət, Milli Hökumət" və "Nə dilimiz oldu, nə gölümüz doldu" şüarlarının yer aldığı broşürlər yayaraq ana dili məsələsinə diqqət çəkiblər.

Beynəlxalq Ana Dili Günü 1999-cu ildə UNESCO tərəfindən dil və mədəni müxtəlifliyin qorunması, eləcə də yox olmaq təhlükəsi ilə üzləşən dillərin müdafiəsi məqsədilə təsis edilib. Bu gün, 21 fevral 1952-ci ildə Benqal dilinin Pakistanın rəsmi dillərindən biri kimi tanınması uğrunda mübarizə aparan və həyatını itirən benqal tələbələrin xatirəsinə həsr olunub.

İran Azərbaycanı bölgəsində də ana dilində təhsil tələbi xalqın əsas istəklərindən biridir və milli fəallar son iki onillik ərzində müxtəlif formalarda bu günü qeyd edərək ana dili hüquqları uğrunda mübarizəni davam etdirirlər.

Ümumiyyətlə, demək olar ki, Traktor komandasının bütün oyunlarında bu komandanın azarkeşləri matçın 15-ci dəqiqəsində İran İslam Respublikası Konstitusiyasının 15-ci maddəsinə diqqət çəkmək məqsədilə "Ana dilində mədrəsə [məktəb] olmalıdır hər kəsə" şüarını səsləndirirlər. Bununla belə, çox zaman Traktorun televiziya ilə yayımlanan oyunlarında azarkeşlərin şüar səsləndirdiyi anlarda stadionun səsi kəsilir.

Əsasən İranda azərbaycanlı fəalların ana dilinin əhəmiyyətini vurğulamaq və ictimaiyyətə məlumat vermək məqsədilə apardıqları dinc və vətəndaş təşəbbüsləri maneələr və məhdudiyyətlərlə qarşılaşır. İran Konstitusiyasında etnik dillərin və ədəbiyyatın azad olduğu qeyd olunsa da, hətta bu qanuni çərçivədə fəaliyyət göstərən fəallar belə təhlükəsizlik orqanlarının təqibinə məruz qalıb, müxtəlif təzyiqlərlə üzləşib və məhkəmələrdə onlara qarşı təhlükəsizlik ittihamları irəli sürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.