Vahid Qarabağlı: Ümid edirik ki, anti-irqçilik mübarizəsi nəticəsində İran toplumu irqçiliyə qarşı maariflənəcək

Bu gün, 11:24           
Vahid Qarabağlı: Ümid edirik ki, anti-irqçilik mübarizəsi nəticəsində İran toplumu irqçiliyə qarşı maariflənəcək
Sosioloq və siyasi fəal Vahid Qarabağlı Amerikanın Səsi ilə söhbətində son vaxtlar İran Azərbaycanı və Tehranda idman və siyasi çevrələrin gündəmində olan “irqçi şüarlar” haqqında mübahisələri dəyərləndirib.

Vahid Qarabağlı müsahibədə İran Azərbaycanında “anti-irqçilik söyləminin” güclənməsi ilə birlikdə İran toplumunda irqi təhqirlər haqqında maariflənmənin artacağını ümid etdiyini deyib.

İran Futbol Federasiyası yanvarın 26-da Tehranda keçirilən “Traktor Azərbaycan” və “Persepolis” komandalarının qarşılaşması zamanı baş verən hadisələr ilə bağlı qərarında “irqçi şüarlar” səsləndirildiyini təsdiq edib. Ancaq Traktor klubu “irqi təhqirlərə” tolerantlıq göstərildiyini” önə çəkərək qərara etiraz bildirib.

“Son zamanlarda Traktor ilə bağlı gedən bəhslər və Tehran stadionunda səsləndirilən o irqçi şüarların gündəmdə qalması mənə görə keçən illərdə Traktor tərəfdarları və məsulları arasında, eləcə də toplumda bir maariflənmənin nəticəsidir. Anti-irqçilik söyləminin yayılması və toplumun onun fərqində olması və önəminə varmasının nəticəsidir”, o bildirib.

Vahid Qarabağlı “vaxtilə İran toplumunda normallaşan irqi təhqirlərə” qarışı artıq ciddi etirazların olduğunu vurğulayıb.

“Bu hadisələr illərdir baş verir. İrqçi şüarlar verirlər. Türkləri ən çirkin şəkildə təhqir edirlər. Keçən 10 ildən artıqdır ki, artıq Traktor tərəfdarları və türk fəallar buna etiraz edir. FİFA-ya qədər məktub göndəriblər. Bunu qəbul edilməz görürlər. Halbuki, bu irqçi söyləmlər o qədər normallaşdırılmışdı ki, basqı mühitində məsələ olmurdu. Məsələ olanda da media dövlətin nəzarətində idi, səslənmirdi. Amma son illərdə sosial medianın olması və Traktorun da Güney Azərbaycanda yaranan anti-irqçi söyləmə və türk kimliyinə sahib çıxması nəticəsində biz bu təpkiləri görürük,” sosiloq bildirib.

Qarabağlı irqi təhqirlərə qarşı etirazların və reaksiyaların artması ilə İran toplumunda irqçiliyə qarşı maariflənmənin artacağına ümid etdiyini deyib.

“Türklərə qarşı irqçilik sistematikdir. Ana dillərində təhsildən məhrum olmaları və illərdir İran kinosunda, TV filmlərində, seriallarda gülünc obyektinə çevirilmələri. İşləmək üçün Tehrana gedən türklər, əsgərliyə, universitetə gedənlər gündəlik həyatda irqçi zarafatlar və ya qeyri-insaniləşdirilmiş ləqəblər ilə üzləşirdilər. Bunları təcrübə edirdilər. Ən son da bir neçə həftə öncə İran xəttatlar dərnəyi tərəfindən türklərə qarşı təhqiredici ifadələr işlədilmişdi. Yəni, o fərdlər ki, stadionda o şüarları səsləndirir, onlar türklərə qarşı toplumda var olan o söyləmi təkrarlayırlar. Biz əslində o şüarları səsləndirənlərdən çox o şüarların haradan gəldiyinə baxmalıyıq. Ümid edirik ki, bu mübarizələrin nəticəsində gələcək illərdə İran toplumu daha çox irqçilik haqqında maarifləndirilsin və dəyişikliklər baş versin,” siyasi fəal əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.