Rza Talibi ABŞ-ın İrana qarşı “maksimum təzyiq” kampaniyasını şərh edir

Bu gün, 12:38           
Rza Talibi ABŞ-ın İrana qarşı “maksimum təzyiq” kampaniyasını şərh edir
ABŞ xəzinədarlığı bazar ertəsi günü İranın neft sənayesinə qarşı əlavə sanskiyalar açıqlayıb. Yeni sanksiyalarda İran neftinin satışı və daşınmasında rol oynayan 30-dan çox broker, tanker operatoru və gəmiçilik şirkəti hədəf alınıb.

Jurnalist və beynəlxalq əlaqələr üzrə ekspert Rza Talibi Amerikanın Səsi ilə söhbətində Tramp administrasiyasının İslam Respublikasını sıxışdırmaq üçün “maksimum təzyiq” kampaniyasının şiddətini artırmaqda qərarlı göründüyünü vurğulayıb.

Prezident Tramp təqribən 3 həftə əvvəl İran İslam Respublikasına qarşı “maksimum təzyiq” kampaniyasının bərpası barədə göstəriş vermişdi.
“Bundan neçə həftə öncədən Tramp gəldikdən sonra İrana qarşı sanksiyalar başlamışdı. Bunlar da onun davamıdır. Bu göstərir ki, özəlliklə ali lider Xameneyinin son ifadələri və sözlərindən sonra bu nəticəyə və qərara çatıblar ki, aşırı təzyiq və basqı ilə bərabər İran İslam Respublikasını sıxışdırsınlar. Görünür ki, Tramp administrasiyası maksimum basqılar çərçivəsində şiddəti artıraraq çalışır ki, İranı müzakirələrə gətirsin,” Talibi söyləyib.

İranın ali dini lideri Seyyid Əli Xameneyi fevral ayının 7-də ABŞ ilə danışıq aparmağın “ağıllı, müdrik və şərəfli” olmadığını ifadə etmişdi.

Rza Talibinin sözlərinə görə, “Əli Xameneyi daha öncə də bu şəkildə danışıb və bu növ danışıqlardan sonra nüvə anlaşması da olub. Yəni, o illər öncə şiddətlə müzakirələrə qarşı çıxdı və ondan sonra biz gördük ki, müzakirələr davam etdi və nəticədə 5+1 dövlətləri ilə nüvə anlaşması oldu. Bu da təbii ki, onun sözdəki siyasəti ilə əməkdəki siyasətinin fərqini göstərir.”

Jurnalist bəzi digər İran rəsmilərinin son açıqlamalarına işarə edərək İslam Respublikasının müzakirə qapılarını qapatmadığını vurğulayıb.
“İran İslam Respublikasının başqa bir çarəsi də yoxdur. Ya Amerika ilə birbaşa müzakirə edəcək ya da bu sanksiyalara məruz qalaraq içəridən çöküşə doğru gedəcəkdir. İranın hər hansı başqa bir alternativi yoxdur... Əlində artıq o vəkil gücləri qalmayıb. İqtisadiyyatı çökmüşdür. Bu vəziyyətdə və Amerika və Rusiyanın yaxınlaşması ilə bərabər, hətta Çinin belə İrandan uzaqlaşdığı bu durumda İslam Respublikası gec ya tez müzakirəyə gedəcək,” deyə Rza Talibi əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.