Milli fəal Müctəba Əbdülinin Bostanabad şəhərində həbs edildiyi bildirilir
Bu gün, 11:38

İranın Şərqi Azərbaycan vilayətinin Bostanabad (Ucan) şəhərində yaşayan milli fəal Müctəba Əbdüli təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Demokratlar və Araz News kimi mənbələrin məlumatına görə, o, Beynəlxalq Ana Dili Günündən bir gün sonra, fevralın 22-də Sepahın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Onun ailəsi və yaxınları dəfələrlə aidiyyəti qurumlara müraciət edərək, səhhəti və saxlanıldığı yer haqqında məlumat almağa çalışsalar da, heç bir məlumat əldə edə bilməyiblər.
Bostanabad şəhəri də Beynəlxalq Ana Dili Günündə milli fəallar tərəfindən məktəb şagirdləri arasında geniş şəkildə Azərbaycan türkcəsində kitabların paylandığı şəhərlərdən biri olub.
Həmçinin, Marağada məktəb şagirdləri arasında türkcə kitablar yaydığına görə saxlanılan digər milli fəal Məhəmməd Əsədinin taleyi barədə də hələlik heç bir məlumat yoxdur.
Bu xəbəri X hesabında paylaşan hüquq müdafiəçisi Sina Yusifi, Əbdülinin Beynəlxalq Ana Dili Günündə türkcə kitablar payladığına görə həbs olunduğunu qeyd edib.
Bundan əvvəl Maragada türk fəal Məhəmməd Əsədi məktəblərdə Azərbaycan türkcəsində nağıl kitabları yaydığına görə təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.
Marağada bir sıra milli fəallar Məhəmməd Əsədiyə dəstək məqsədilə sosial mediada video mesajlar yayıblar. Onlardan biri, videosu sosial mediada yayımlanan təqaüdçü pedaqoq Davud Əzimzadə bildirib ki, Məhəmməd Əsədinin payladığı kitablar İranın Mədəniyyət və İslami İrşad Nazirliyindən nəşr və çap icazəsi alan kitablardır. O, bu kitabları şəxsi vəsaiti hesabına alaraq uşaqlar arasında paylayıb. "Bu addımın harası qanuna ziddir?" – deyə o sual edib.
Davud Əzimzadə, İranın beynəlxalq insan hüquqları konvensiyalarını qəbul etdiyini və ölkənin Konstitusiyasına əsasən hökumətin Beynəlxalq Ana Dili Gününün qeyd olunması və türk dilinin tədrisi üçün şərait yaratmağa borclu olduğunu, lakin əksinə, bu fəaliyyətləri könüllü olaraq həyata keçirən şəxslərin həbs edilib, təqib olunduğunu ifadə edib.