Təbriz millət vəkili: Ölkə əhalisinin təxminən 60 faizi türkcə danışır

Bu gün, 15:24           
Təbriz millət vəkili: Ölkə əhalisinin təxminən 60 faizi türkcə danışır
Təbriz millət vəkili və Parlamentin Təhsil Komissiyasının sədri Əlirza Münadi Sefidan, parlamentdə “etnik dillərin ədəbiyyatının tədrisi” layihəsinin rədd edilməsindən sonra məsələ ilə bağlı açıqlama verib. O, jurnalistlərə bildirib ki, “ölkə əhalisinin təxminən 60 faizi türk dilində danışır və bu reallıq gözardı edilə bilməz.”

Deputat Münadi, eyni zamanda, şəxsi İnstagram səhifəsində də mövzu ilə bağlı paylaşım edərək vurğulayıb ki, “bu dil dünyada ən çox danışılan dillərdən biridir və yayılma baxımından dünyanın üçüncü dili hesab olunur. Azərbaycan, Türkiyə və Türkmənistan da daxil olmaqla, bir sıra qonşu ölkələrdə türk dili rəsmi statusa malikdir və bu ölkələrlə dil və mədəni əlaqələr İran üçün bir fürsət yarada bilər.”

O, fars dili ilə yanaşı, "yerli dillərin" də qorunmasının və tədrisinin vacibliyini vurğulayaraq əlavə edib: “Bu dillərin məktəblərdə tədrisi mədəni kimliyin qorunmasına və gələcək nəsillərə düzgün ötürülməsinə kömək edə bilər.”

Əlirza Münadi, hökumət nümayəndəsinin parlamentdə layihəyə qarşı çıxmasına da toxunaraq bildirib ki, ilkin olaraq hökumətin parlamentdəki nümayəndəsi Seyyid Kazım Dilxoş layihəyə etiraz edib. Lakin daha sonra hökumət rəsmisi, Dilxoşun mövqeyinin hökumətin rəsmi mövqeyi olmadığını açıqlayıb. Münadi qeyd edib ki, layihədə müəyyən düzəlişlər edildikdən sonra prezidentin xüsusi dəstəyi ilə yenidən parlamentə təqdim ediləcək.

Deputat əlavə edib ki, İranda ümumilikdə 84 dil mövcud olub, lakin onlardan 40-ı artıq məhv olub. O, son illərdə bir sıra dillərin yox olmasına diqqət çəkərək, onların qorunması və inkişafı üçün sistemli proqramın hazırlanmasının zəruriliyini vurğulayıb.

Parlamentdə hökumət nümayəndəsi Seyyid Kazım Dilxoşun layihənin qəbuluna qarşı çıxması, layihəni dəstəkləyən deputatlar tərəfindən sərt tənqid edilib. Çünki seçki kampaniyası dövründə Məsud Pezeşkianın əsas vədlərindən biri Konstitusiyanın 15-ci maddəsinin icrası olmuşdu və hökumətin bu layihəyə qarşı çıxması geniş müzakirələrə səbəb olub.

Buna görə də iclasdan və xəbərin yayılmasından sonra sosial mediada geniş reaksiyalar yaranıb. Bu tənqidlərə cavab olaraq prezidentin parlament məsələləri üzrə müavini Şəhram Dəbiri X hesabında açıqlama yayaraq bildirib ki, "Prezident və hökumət məktəblərdə ana dilinin tədrisini dəstəkləyir." Dəbiri, hökumətin parlamentdəki nümayəndəsinin çıxışının şəxsi fikir olduğunu, onun bu mövqeni hökumətlə koordinasiya etmədən ifadə etdiyini qeyd edib.

Qeyri-fars dillərinin məktəblərdə tədrisi daha əvvəl də müxtəlif səviyyələrdə gündəmə gəlsə də, bu məsələ ilk dəfə “etnik və yerli dillərin ədəbiyyatının tədrisi” layihəsi formasında parlamentin ümumi iclasına çıxarılıb. Lakin keçirilən səsvermədə 130 deputat əleyhinə, 104 deputat lehinə, 5 nəfər isə bitərəf səs verib və nəticədə layihə qəbul olunmayıb.

İranda müxtəlif dillərdə danışanların sayı ilə bağlı rəsmi statistika yoxdur və hökumət bu barədə məlumat açıqlamaqdan çəkinir. İran türklərinin sayı ilə bağlı müxtəlif rəqəmlər yayımlansa da, dəqiq rəsmi məlumat mövcud deyil. Əvvəllər IRNA xəbər agentliyi bir məqaləsində türklərin ölkə əhalisinin 40 faizini təşkil etdiyini bildirmişdi, lakin bu rəqəmin hansı rəsmi mənbələrə əsaslandığı təsdiqlənməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.