Dilan və Engin Polat cütlüyünün milyonlarla dəyərində lüks avtomobilləri satışa çıxarılır
28-03-2025, 15:26

Türkiyədə Əmanət Depozitlərinin Sığortalanması Fondu (TMSF) Engin və Dilan Polat cütlüyünə məxsus "Milda" daşınmaz əmlak, avtomobil şirkətinin lüks maşınlarını satışa çıxarmaq barədə qərar qəbul edib.
Bu barədə "Haber Global" xəbər verir.
Məlumata görə, tenderə çıxarılan avtomobillər arasında "Ferrari", "Porsche", "Mercedes-Benz" və BMW kimi məşhur brendlər var və ümumi qiyməti 77 milyon Türkiyə lirəsi (3 milyon manatdan çox) olaraq müəyyən edilib.
Bildirilir ki, TMSF-nin qəyyum təyin edilməsindən sonra Polat cütlüyünə məxsus dəbdəbəli avtomobillər İstanbulda qapalı dayanacaqda 24 saat təhlükəsizlik kameralarının müşahidəsi ilə mühafizə edilir. Nəqliyyat vasitələrinin dəyəri müstəqil qiymətləndirmə qurumu tərəfindən müəyyən edilmiş bazar qiymətləri əsasında təyin edilib.
Tenderdə iştirak etmək istəyənlər ilk növbədə öz təkliflərini möhürlənmiş zərflərdə TMSF komissiyasına təqdim edəcəklər. Zərf açıldıqda ən yüksək təklif təxmin edilən qiymətdən yuxarı olarsa, hərrac mərhələsinə keçiləcək. TMSF-nin təsdiqindən sonra tender prosesi tamamlanacaq və nəqliyyat vasitələri yeni sahiblərinə təhvil veriləcək.
Tenderin 22 aprel tarixində yerli vaxtla saat 10:00-da TMSF-nin İstanbuldakı binasında keçirilməsi nəzərdə tutulub. Tenderdə iştirak edəcək şəxslər TMSF-nin internet saytından ətraflı məlumat ala və təklif şərtləri ilə tanış ola biləcəklər.