Ərdoğan İmamoğlunun həbsinə görə etirazlar fonunda qalib gələ biləcəkmi?

29-03-2025, 10:18           
Ərdoğan İmamoğlunun həbsinə görə etirazlar fonunda qalib gələ biləcəkmi?
Mənbə: Azadlıq Radiosu

Təxminən 25 il bundan əvvəl İstanbulun məşhur meri vəzifəsindən uzaqlaşdırıldı və tərəfdarlarının "siyasi motivli" adlandırdığı ittihamlarla həbs olundu. Lakin sonradan o, ölkəsinin müasir tarixində ən uzun müddət hakimiyyətdə qalan lider kimi yenidən səhnəyə çıxdı. O, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan idi.

Lakin Ərdoğan indi getdikcə avtoritarlaşan və 20 ildən çoxdur davam edən hakimiyyətinin ən ciddi siyasi böhranı ilə üzləşib.

Nə qədər paradoksal olsa da, bu qalmaqalı doğuran başqa bir populyar və açıqsözlü İstanbul merinin həbsidir.

Martın 19-da İstanbul meri Əkrəm İmamoğlunun korrupsiya və terror qruplaşmasına yardım ittihamları ilə həbsindən sonra İstanbul, Ankara və ölkənin digər şəhər və vilayətlərində etirazlar başlayıb. Etirazlar artıq bir həftədən çoxdur davam edir.

Bu etirazlar 2013-cü ildə həftələrlə dünya manşetlərində olan Gəzi parkı etirazlarından bəri ölkəni bürüyən ən genişmiqyaslı və böyük narazılıq dalğasıdır. Hüquq müdafiəçiləri bildirib ki, Gəzi parkı hadisələrindən sonra Ərdoğan hakimiyyəti altında avtoritarizmin dərinləşməsi sürətlənib.

Hazırda davam edən etirazlarda, hələlik, ölüm halları qeydə alınmasa da, 1500-ə yaxın şəxs həbs edilib – bəziləri Ərdoğan və ailəsinə təhqir ittihamı ilə saxlanılıb. Etirazları işıqlandıran bəzi jurnalistlər də həbs olunub, BBC bildirib ki, onun müxbiri "ictimai asayişə təhdid" sayılaraq ölkədən deportasiya edilib.

Analitiklərin fikrincə, mövcud böhranın Ərdoğan və Türkiyə demokratiyası üçün daha böyük dönüş nöqtəsinə çevrilməsinin əsas səbəbi dəyişən iqtisadi və siyasi mühitdir.

"O zamanlar Ərdoğanın həqiqətən xarizmatik bir rəqibi yox idi, iqtisadiyyat daha yaxşı vəziyyətdə idi və, ən əsası, mühafizəkar seçicilər AKP-yə (Ədalət və İnkişaf Partiyası) sadiq idilər", –2022-ci ildə nəşr olunan "Ərdoğan dövründə Türkiyə: Ölkə demokratiyadan və Qərbdən necə üz döndərdi" kitabının müəllifi Dimitar Beçev bildirib.

"İndi aparılan sorğuların hamısı göstərir ki, Türkiyə vətəndaşları üçün əsas problem yaşayış xərclərinin artmasıdır. İmamoğlu məhz bu narahatlığa toxunur və buna görə də daha geniş seçici kütləsi ilə əlaqə qura bilir", – Beçev AzadlıqRadiosuna deyib.

Türkiyə prezidenti Ərdoğan Ankarada hakim AKP-nin Böyük Qurultayında tərəfdarlarını salamlayır.

Rəqəmlərin gücü
Xarizmatik lider sayılan İmamoğlunun Ərdoğan və AKP üçün yaratdığı problemin miqyasını təsəvvür etmək çətindir. O, prezident seçkilərində müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi kimi təsdiq olunması üçün martın 23-də keçiriləcək ilkin seçkilərdən bir neçə gün əvvəl həbs olunub. Türkiyədə prezident seçkisinin 2028-ci ildə keçirilməsi nəzərdə tutulub.

Təxminən 15 milyon vətəndaş bu ilkin seçkilərdə iştirak edib – bu, 2023-cü ilin parlament seçkilərində CHP üçün səs verənlərin sayından daha çoxdur, – və siyahıda olan yeganə namizədi – Ə.İmamoğlunu dəstəkləyib.

CHP martın 24-də Ə.İmamoğlunun namizədliyini elan edib.

Saxlandığı vaxt 53-yaşlı İmamoğlu onun həbsinə dair başqa bir məhkəmə qərarı ilə mübarizə aparırdı. 2019-cu il bələdiyyə seçkilərində qazandığı nəticələri ləğv edən seçki rəsmilərini "axmaq" adlandırdığı üçün 2022-ci ildə məhkəmə İmamoğlunun həbsi ilə bağlı qərar çıxarmışdı. Onun apellyasiya şikayətinə görə 2 il yarımlıq hökm qüvvəyə minməmişdi.

Həbsi ərəfəsində onun məzun olduğu İstanbul Universiteti İmamoğlunun diplomunu mübahisəli şəkildə ləğv edib. Bu da onu Türkiyədə prezidentliyə namizədlər üçün icbari şərt olan ali təhsilini sübut edən sənəddən məhrum edib.

Kiyevdəki Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru İqor Semivolos AzadlıqRadiosuna deyib ki, "İmamoğlunun bəxtindən bu hərəkətlər onu yalnız daha da populyarlaşdıracaq".

71-yaşlı Ərdoğan CHP-ni etirazları dəstəkləyərək "zorakı hərəkatı" qızışdırmaqda və sonunda sönəcəyini təxmin etdiyi "şou" ilə iqtisadiyyatı "batırmaqda" günahlandırıb.

CHP İmamoğlunun həbsini "çevriliş" kimi qiymətləndirib və martın 29-na böyük mitinq təyin edib.

İstanbulda etirazlar

"Seçilmiş diktaturaya" doğru?
Küçələrdə hadisələrin inkişafından asılı olmayaraq, CHP-nin güc qazandığı görünür. Bu həm də İmamoğlunun uğurudur. O, CHP-nin əsasını təşkil edən şəhərli, sekulyar və təhsilli kütlələrdən kənara çıxaraq, mövcud iqtidarın daha bölücü yanaşmasına qarşı "hər şey yaxşı olacaq" şüarı ilə geniş bir seçici auditoriyasına çata bilib.

Konstitusion məhdudiyyətlərə görə, Ərdoğan hazırkı vəzifə müddətindən sonra namizəd ola bilməz. Bu yalnız parlament növbədənkənar seçki çağırarsa və ya əsas qanun dəyişdirilərsə, mümkündür.

Amma heç kim şübhə etmir ki, bu iki hadisədən biri baş verəcək, bu da CHP-nin özünün ilkin seçkisini belə tez keçirməsinin səbəbini izah edir.

Yanvarda Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi təsdiqlədi ki, prezident olmamışdan əvvəl baş nazir postunu tutan Türkiyə liderinin dördüncü prezidentlik müddəti "bizim gündəmimizdədir".

"Freedom House" təşkilatı 2025-ci ilin "Dünyada Azadlıq" hesabatında, son 10 ildə demokratik azadlıqlarla bağlı ən kəskin geriləmə yaşayan 10 ölkə arasında Türkiyəni də qeyd edib.

Bununla belə, Türkiyədə səsvermələr hələ də yüksək dərəcədə rəqabətlidir. 2019 və 2024-cü illərdə İmamoğlunun bələdiyyə seçkilərində qazandığı qələbələr bunu təsdiqləyir.

2024-cü ildə CHP namizədləri ölkə miqyasında keçirilən yerli seçkilərdə AKP-dən daha çox səs qazanıb. Bu, Ərdoğanın 2001-ci ildə qurduğu iqtidar partiyasına hakimiyyətə gəldikdən sonra ən böyük zərbələrdən biridir.

San-Dieqo Dövlət Universiteti nəzdində İslam və Ərəb Tədqiqatları Mərkəzinin direktoru Ahmet T.Kuru "The Conversation"dakı məqaləsində bildirib ki, "Türkiyənin hazırkı prezidenti populist siyasəti irəlilətmək və müxalifət partiyalarına qarşı iş üçün media və seçki praktikasının manipulyasiyası baxımından seçki təbliğatı ustasıdır".

Kuru yazır ki, Ərdoğan indi "həqiqətən narahatdır" və bu taktikaların kifayət etməyəcəyindən qorxur.

Əgər hakim elita daha çox repressiyalara getməyə risk edərsə, "bu, Türkiyənin siyasi sistemini qüsurlu demokratiyadan Vladimir Putinin Rusiyasına bənzəyən "seçilmiş diktatura"ya çevirə bilər", - Kuru əlavə edib.

Yazı AzadlıqRadiosunun əməkdaşı Kris Rikleton tərəfindən hazırlanıb.
pressklub












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.