Türkmənistanın “qazı alınıb”

8-03-2017, 20:34           
Türkmənistanın “qazı alınıb”
Türkmənistan prezidenti Gurbanguly Berdymuhamedov və hökumətinin işləri son zamanlar yaxşı getmir. Yaxın illər ərzində yeni qaz kəmərinin çəkilişi ilə bağlı ümidlər minimuma enib. Bu barədə AzadlıqRadiosu-nun qırğız xidmətiyazır.

Bu ölkəylə Çin arasındakı qaz kəmərləri şəbəkəsinin D magistralı Qərbi Çini Türkmənistanın qaz yataqları ilə birləşdirən dörd kəmərdən biri olacaqdı. Bu xətt həm də Türkmənistanı hər hansı istehlakçı dövlətlə birləşdirən ən böyük kəmər olacaqdı.

Yeni magistralın Çinə ildə 30 milyard kubmetr qaz ötürməsi nəzərdə tutulmuşdu. Türkmənistandan başlayan A, B və C magistralları Özbəkistan və Qazaxıstandan keçməklə Çinə çatır. Orta Asiyanın bütün dövlətlərini vahid axına qoşmaq üçün Pekin D magistralını Özbəkistan, Tacikistan və Qırğızıstandan keçirmək qərarına gəlmişdi.

Türkmənistanla Çin arasındakı qaz kəmərləri şəbəkəsinin D magistralı

Ancaq artıq 2014-cü ilin sonunda bəlli oldu ki, Qırğızıstan və Tacikistanda Çin şirkətləri ilə ortaq müəssisələrin yaradılması ilə bağlı problemlər var. Qaz kəmərinin tikilməsi və istismarı problemlərlə üzləşə bilər. Marşrutun özü ilə bağlı da fikir ayrılıqları yarandı. İlkin olaraq, bu Orta Asiya ölkələrinin heç biri sözügedən kəmərdən qaz almaq niyyətində deyildi. Onlar, sadəcə, tranzit yığımlarından milyonlarla dollar gəlir götürəcəkdilər.

TİKİNTİ ERTƏLƏNİB

2016-cı ilin sonunda layihədə iştirak edən bir qırğız rəsmisi AzadlıqRadiosu-nun qırğız xidmətinə bildirmişdi ki, Çin rəsmiləri ilə 2015-ci ilin dekabrından bəri D magistralı ilə bağlı görüşlər keçirilməyib. Ancaq iş rəsmi olaraq Özbəkistan və Çinin təşəbbüsü ilə dayandırılıb. Üstəlik, martın 2-də RİA «Novosti» xəbər verib ki, Çinin milli neft şirkəti və “Uzbekneftqaz” qaz kəmərinin Özbəkistan ərazisində çəkilişini qeyri-müəyyən müddətə təxirə salıblar.

Bu, Türkmənistana əsl zərbə oldu. Ölkə özünün 25 illik tarixində ən ağır iqtisadi böhranı yaşayır. Bu böhran onun qaz gəlirlərindən asılılığından qaynaqlanır. Son üç ildə qazın qiyməti kəskin düşüb. Üstəlik, 2016-cı ilin əvvəlində Rusiya türkmən qazının idxalına dair sazişi ləğv edib. 2017-ci ilin əvvəlində isə müqaviləylə bağlı fikir ayrılıqları səbəbindən türkmən qazının İrana satışı dayandırılıb.

Nəticədə Çin Türkmənistanın yeganə müştərisinə çevrilib. Artıq mövcud olan üç qaz kəmərindən A və B magistrallarının hərəsi 15 milyard kubmetr qaz ötürməyə qadirdir. C magistralı isə ildə 25 milyard kubmetr qaz ötürə bilir. Hələlik, qazötürmə xətləri özlərinin tam ötürmə qabiliyyətinə çatmayıb.

İXRAC 5 MİLYARD KUBMETR ARTA BİLƏR

Bu üç qaz kəmərinin ərazisindən keçdiyi Özbəkistan və Qazaxıstan da təbii qaz bazarının oyunçularıdır. Onların hərəsi Çinə ildə 10 milyard kubmetr qaz satmaq barədə saziş imzalayıb. Ancaq Qazaxıstan artıq Çinə daha çox qaz satmaq niyyətində olduğunu bildirib.

Türkmənistanın 2016-cı ildə Çinə 30 milyard kubmetr qaz ixrac etdiyi güman olunur. Əgər bu, doğrudan da belədirsə, onda deməli, qaz kəmərlərində az yer qalıb. Demək, D magistralının tikintisinin ertələnməsini nəzərə alsaq, Türkmənistan yaxın illərdə qaz ixracını yalnız 5 milyard kubmetr artırmağa ümid edə bilər.

Çin Türkmənistana hər min kubmetr qaza görə təxminən 185 dollar ödəyir. Bu o deməkdir ki, Türkmənistan qaz kəmərinə daha 5 milyard kubmetr qaz əlavə etməklə, ildə bir milyard dollardan da az əlavə gəlir götürəcək. Bu, Türkmənistan iqtisadiyyatının tənəzzülünü ləngidə bilər, ancaq dayandıra bilməz. Çin türkmən qaz yataqlarının işlənməsi və Çinə gedən qaz kəmərlərinin çəkilməsindən ötrü Türkmənistana milyardlarla dollar borc verib. Buna görə də, Çinə satılan qazın bir hissəsi Aşqabadın borclarının ödənməsinə gedir.

QİYMƏT MÜHARİBƏSİ

Hər şeydən əlavə, Rusiyanın türkmən qazının alınmasına dair sazişi dayandırmasından sonra “Qazprom” Qazaxıstan və Özbəkistanla sövdələşmələrinə yenidən baxıb. Life.ru xəbər verir ki, «Qazprom»un Qazaxıstan və Özbəkistanla bağladığı yeni müqavilələrə görə, Rusiya bu ölkələrin hərəsinə hər min kubmetr qaza görə 140 dollar ödəyəcək. Qeyd edilir ki, Türkmənistan hər min kubmetrə görə 240 dollar tələb etdiyindən «Qazprom» onunla sazişi dayandırmalı olub. Bu səbəbdən Türkmənistan Çinə qaz satışı zamanı özünün Orta Asiyadakı qonşuları ilə qiymət müharibəsi ilə üzləşə bilər.

(azadliq.org)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.