Kürdüstan: Qarabağa pis ÖRNƏK, Azərbaycana TƏHLÜKƏ
6-05-2017, 15:09
Kürd dövləti təhlükəsi reallaşır
Vüqar Zifəroğlu: “Kürdüstanın müstəqilliyi Türkiyənin razılığı olmadan elan edilə bilməz”
“İraqda müstəqil kürd dövlətini qurmağın vaxtı çatıb”.
Bunu İraq Kürd regional rəhbərliyinin başçısı Məsud Bərzani Fransanın “LeFigaro” qəzetinə müsahibəsində deyib. “Kürdlərin müstəqillik elan etməyinin vaxtı çatıb. Ancaq İraqdan dialoq və danışıqlar yolu ilə ayrılmaq istəyirik. Təxminən bir əsrdir ki, İraqın bütövlüyünü qorumaq üçün çalışdıq. Bunun qarşılığında nə aldıq? 4 min 500 kənd yıxıldı, kimyəvi hücuma məruz qaldıq, yalnız mənim ailəmdən 10 min adam öldürüldü”, - Bərzani söyləyib.
Qonşularla yaxşı münasibətlər qurmaq istədiyini deyən kürd lider müstəqilliyin yeni problemlər yaratmayacağını, əksinə, problemlərin həllinə kömək edəcəyini bildirib. Beynəlxalq ictimaiyyət də müstəqillik mövzusunda zəmanət alıb-almamasına gəlincə, Bərzani bu mövzuda qərarı kürd xalqının verəcəyini deyib:
“Əgər beynəlxalq cəmiyyətdən bir hədiyyə gözləsəniz, kürd dövləti heç bir zaman yaranmayacaq”.
Bərzani Kərkükü də kürd bölgəsi adlandırıb. Fransaya səfər edən M.Bərzani bu ölkənin prezidenti Fransua Ollandla görüşündə də Kürdüstanın müstəqilliyini tanımağı xahiş edib. Qeyd edək ki, Bərzani son dövrlər müstəqillik referendumunun keçiriləcəyinə dair bir neçə dəfə belə açıqlama verib. Bu isə İraq Kürdüstan Muxtariyyatının artıq müstəqllik astanasında oldugu və ya müstəqil kürd dövlətinin yaxın vaxtlarda elan ediləcəyindən xəbər verir.
Siyasi ekspertlər Kürdüstan Muxtariyyətinin İraqdan ayrılacağı təqdirdə dünyanın ən qaynar bölgəsi olan Yaxın Şərqdə gərginliyin daha da artacağını proqnozlaşdırır.
“Oğuz” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, Kürdüstan dövlətinin yaradılması, Yaxın Şərqdə ciddi şəkildə toqquşan maraqların fonunda daha kəskin münaqişələrin başlamasına, onsuz da kövrək olan dəngələrin tamamən dəyişməsinə səbəb ola bilər:
“Türkiyə, ABŞ, Rusiya, İranın Yaxın Şərqdə regionla bağlı vazkeçilməz qırmızı cizgilər var. Həmin dövlətlər üçün “qırmızı xətt”dən imtina edilməsi bölgə ilə bağlı yürütdülən siyasətdən imtina edilməsi anlamına gəlir. Nə Türkiyə, nə İran, nə də ərəb ölkələri İraq və Suriyanın parçalanmasında maraqlı deyillər. Vurğulamaq lazımdır ki, Rusiya da belə bir bölünməni arzu etmir. Qərb isə əksinə, mütəmadi şəkildə müxtəlif ssenarilərlə bölünmə məsələsini aktual saxlamaqla, bundan bir növ təzyiq elementi kimi yararlanmağa çalışır. Bu gün bölgə dövlətləri kifayət qədər ciddi gücə malikdirlər. Fikrimcə, onların razılığı olmadan İraq və Suriyanın bölünməsi ən azı yaxın gələcəkdə mümkünsüz görünür. Amma hətta İraqın bölünməsi reallaşarsa, Türkiyə Misaki-milli sərhədləri daxilində olan Mosul və Kərkükə haqlı iddia irəli sürə bilər ki, bu da özlüyündə bölgədə daha ciddi proseslərə təkan verə bilər. Burada bir məqamı vurğulamaq istərdim: İraqın şimalında bir Kürdüstan dövləti yaradılacaqsa, bu mütləq Türkiyənin razılığı əsasında mümkün olacaq. Bərzaninin açıqlamaları, hazırda ABŞ və Qərblə heç cür yollarını uzlaşdırmağa müvəffəq olmayan Ankaraya və rəsmi Bağdadı nəzarətdə saxlayan İrana təzyiq kimi qiymətləndirilə bilər. Bu birmənalıdır ki, Bərzanini danışdıran ABŞ-dır”.
İraqın parçalanması və müstəqil kürd dövlətinin yaranması Yaxın Şərqin düzənini tamamilə dəyişə bilər. Rəsmi Ankara isə müstəqil kürd dövlətinin yaradılmasının imkan vermək fikrində deyil. Ona görə də Kürdüstanın müstəqilliyi ilə bağlı referendum reallaşarsa, Türkiyənin bu təhlükənin qarşısını almaq üçün İraqa ordu yeritmək məcburiyyətində qalacağı ehtimalı var.
Lakin Vüqar Zifəroğlu Türkiyənin belə bir addım atmasına ehtiyac olmadığını deyir:
“Türkiyə faktiki olaraq, İraq ərazisində müəyyən lokal xarakterli əməliyyatlar keçirməkdədir. Heç şübhəsiz ki, bu əməliyyatların keçirilməsində başlıca məqsəd, Türkiyənin İraqla sərhəd bölgələrdə öz təhlükəsizliyini təmin etmək və güney-doğu bölgəsində təhdid halını almış bölücü terrora qarşı mübarizəni daha effektiv təmin etməkdir. Yuxarıda da qeyd etdiyim kimi, düşünmürəm ki, Türkiyə siyasi iqtidarının razılığı olmadan bölgədə bir kürd dövləti yaradılsın. Əgər belə dövlət yaradılacaqsa, bu yalnız Türkiyənin razılığı ilə baş tuta bilər. Bu səbəbdən istənilən halda, slrf Kürdüstan dövləti yaranmasın deyə, Türkiyənin İraq ərazisinə hərbi müdaxilə etməsi inandırıcı deyil”.
Sözügedən məsələ ilə bağlı diqqəti cəlb edən digər məqam M.Bərzaninin son bəyanatını İraq hökumətinin sakitliklə qarşılamasıdır. Yəni, İraqın parçalanmasına qarşı müqavimət göstərən baş nazir Heydər əl-Əbadi M.Bərzaninin açıqlamasına qarşılıq reaksiya vermədi. Onun bu mövqeyi rəsmi Bağdadın Qərbin kürd planının qarşısını artıq ala bilmədiyi qənaətini yaradır. Yəni, İraq hökuməti Bərzaninin referendum keçirmək niyyətinə qarşı cavab tədbirləri görülməsə, ölkənin parçalanması qaçılmaz olacaq.
Şərqşünas ekspertin fikrincə, Əl-Abadinin məsələyə münasibəti İranla razılaşdırlmış şəkildə həyata keçirilir:
“Bu daha çox rəsmi Tehranın sakit reaksiyası kimi qiymətləndirilə bilər. Hazırda İranda seçkilər yaxınlaşır və bu səbəbdən Tehranın baş verənlərə daha çevik reaksiya verməsi bir qədər çətinləşir. İraq iqtidarı da hazırkı dönəmdə daha təmkinli davranmaqla, sadəcə olaraq Türkiyənin və ərəb ölkələrinin reaksiyasını gözləməkdədir”. Məsud Bərzani müstəqillik referendumunun bütün İraq ərazisində deyil, yalnız Kürdüstan Muxtariyyəti ərazisində keçirilməsinə çalışır. Bu da təbii ki, səsvermənin legitimliyini şübhə altına almaq üçün İraq hökumətinin əlində tutarlı hüquqi arqumentə çevrilə bilər. Eyni zamanda, ölkədəki digər dini və etnik icmalarla kürdlər arasında narazılığın dərinləşməsinə səbəb ola bilər. Hətta İraq Kürdüstanı ərazisində ayrılıqda götürülmüş müstəqillik referendumunun keçirilməsi Azərbaycan üçün də siyasi təhlükə mənbəyi yaradır. Belə ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair “Madrid prinsipləri” Dağlıq Qarabağın gələcək hüquqi statusunun referendum yolu ilə müəyyənləşməsini nəzərdə tutur. Azərbaycan konstitusiyaya uyğun olaraq, referendumun bütün ölkə ərazisində keçirilməsini təklif edir. Ermənistan isə işğalçılıq siyasətini legitimləşdirmək üçün səsvermənin yalnız Dağlıq Qarabağın erməni icması arasında keçirilməsində israr edir. İraqda Kürdüstan Muxtariyyətinin statusunun ayrılıqda götürülmüş referendum yolu ilə müəyyənləşməsi Dağlıq Qarabağ üçün mənfi presedent yarada bilər. Ona görə də V.Zifəroğlu Kürdüstanda keçiriləcək səsvermənin qanunvericiliyin hüquqi əsasının olmadığını bildirdi: “Təbii ki, son dərəcə mənfi presedent təşkil edə bilər və bu qəbuledilməzdir. Beynəlxalq hüququn subyekti olan ölkənin ərazi vahidində edilə biləcək hər hansı bir dəyişiklik həmin ölkədə ümumxalq səsverməsinə çıxarılmalıdır və yalnız o zaman legitim hesab edilə bilər”.
cəbhə.info