Baykal Kılıcdaroğluna qarşı: Ana müxalifətdə ciddi qarşıdurma

12-05-2017, 13:10           
Baykal Kılıcdaroğluna qarşı: Ana müxalifətdə ciddi qarşıdurma
"Qardaş Türkiyədə Atatürkün qurduğu partiyada daşlar yerindən oynayır. Çox maraqlıdır ki, 16 aprel referendumundan sonra partiya sədri Kamal Kılıçdaroğlunun başının üstündə qara buludlar dolaşır. Düzdür, hər nə qədər partiya sədri bunun ona qarşı başladılmış bir kampaniya olduğunu desə də, görünən odur ki, Selin Sayek Böke, Fikri Sağlar və Muharrem İnce kimi adlar dolayısı ilə diktator adlandırdıqları Kılıçdaroğlundan xilas olmaq üçün fəaliyyətə başlayıblar".

Cebhe.info-ya açıqlamasında Türkiyə üzrə ekspert Oktay Hacımusalı belə deyib.

O.Hacımusalı qeyd edib ki, CHP-dəki partiyadaxili müxalifət əgər tezliklə partiyada fövqəladə vəziyyət elan edib təcili qurultay üçün hazırlığa başlasa, o zaman CHP yeni simalarla yoluna davam edəcək və bundan da heç şübhəsiz Türkiyə siyasəti qazanacaq: "Yeni siyasi fiqurlarından başında şübhəsiz Tansu Çillərə bənzərliyinə görə "Türk siyasətinin yeni sarışın qadını" adlandırılan, qərarlığı və dinamikası ilə partiyadaxili müxalifətdən bir addım öndə olan xanım Böke gəlir. 16 aprel referendumundan sonra Kılıçdaroğluna qarşı çıxan xanım Böke referendumdan əvvəl elə düşünürdü ki, "Xeyr" cəbhəsi məğlubiyyətə uğrasa, bu cəbhənin mərkəzində olan Kılıçdaroğluna daha rahat təzyiq göstərəcək və hətta CHP - də müəyyən təzyiqlər vasitəsi ilə həmsədrlik postuna yiyələnəcək.

Amma ətrafında olan və ya ətrafında olduqlarını zənn etdiyi təxminən öz həmyaşıdları olan Aykut Erdoğdu, Özgür Özel, nisbətən onlardan bir neçə yaş böyük olan Veli Agbaba kimi siyasətçilər bir - bir Kılıçdaroğluna yenidən biət etdilər. Xanım Böke – Kılıçdaroğlu “döyüşünün” birinci raundu Kılıçdaroğlunun xeyrinə başa çatdı. Amma Kılıçdaroğlu tələsməsə, hər halda daha yaxşı olar, çünki qarşısında daha dəhşətli bir rəqib gözləyir: bu türk siyasətinin nəhəng aysberqlərindən olan Dəniz Baykaldır".

Ekspert bildirib ki, Bökədən fərqli olaraq Dəniz Baykal təcrübəsinə əsaslanaraq heç vaxt açıq oynamır: "Hər zaman nələrisə təbiri - caizsə çinədanında gizlətməyi bacarır və daha uzaqməsafəli hədəflər qurur. Görünən odur ki, Baykal ya özü Kılıçdaroğlu ilə kəllə - kəlləyə gələcək, ya da partiya içərisində daha ciddi tərəfdarı olan ciddi imzalara üz tutacaq. Onlardan biri də 1993 - cü ildə Sivasda Madımak hadisələrində dünyasını dəyişən şair Mətin Altıokun qızı Zeynəb Altıokdur. Gözləyək görək nə baş verir! Amma, deyəsən CHP - də üsyançılar Kılıçdaroğlunu kreslosundan yerə yıxmayana kimi əl çəkməyəcəklər".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.