CHP ilə razılığa gəldik - Davudoğlu

16-07-2015, 10:43           
CHP ilə razılığa gəldik - Davudoğlu
Türkiyənin baş naziri Əhməd Davudoğlu iştirak etdiyi Televiziya proqramlarından birində koalisiya prosesi və gündəmə dair suallara cavab verib. ANS PRESS-in məlumatına görə, baş nazir 7 iyun seçkisinin nəticələrinin fərqli şəkillərdə şərh olunduğunu, bəzən düzgün oxunmadığını deyib.

“7 iyun seçkisinin nəticələrinə fərqli reaksiyalar oldu. AKP-ni məğlub etdik, AKP-nin sonu gəldi, prezident uduzdu kimi fikirlər səsləndi. Siyasətin məntiqinə görə, bu düzgün deyil. O andan bu günə kimi AKP-nin hökumətdə olmaması, tək başına iqtidar olmaması kimi fikirlər yaranıb. Koalisiya müzakirələri üçün 3 liderlə görüşə gedərkən 3 ayrı qrup yaratdıq. Əməkdaşlarımız müzakirələr barədə hesabatlar hazırladılar. Bütün partiyaların bəyanatlarını qarşılaşdırdıq. Fəaliyyətlərimizin nəticəsində fikirlərimizdə heç yanılmadıq”.

İlk turun uğurlu olduğunu deyən Davudoğlu CHP ilə irəli mərhələdə razılığa gəldiklərini deyib.

“İlk görüşlər müzakirə prosesi deyildi. Proses baxımından ehtimallar nəzərə çarpır. Partiyalarla metod mövzusunda razılığa gəldik. İlk turumuz uğurlu oldu. CHP ilə daha irəli mərhələdəyik. Metodda razılığa gəldiyimiz üçün CHP uyğun gördü və başlaya bilərik dedi. bu o demək deyil ki, CHP-yə yaxın, HDP-dən uzağıq. MHP qapıları bağladı fikri mənə görə doğru deyil. Lazım gəlsə Baxçalı ilə yenidən görüşəcəyik. Baxçalı yeni bir şey demədi, əksinə müxalifətdə qalmağı istəyirəm dedi. Əməkdaşlarımızın görüşündə fayda var. Burda qapı bağlamaq kimi bir şey yoxdur. Ona görə də hər iki liderə də təşəkkür edirəm.”

Qeyd edək ki, Türkiyədə koalisiya hökumətinin qurulması prosesinə start verilib və baş nazir Davudoğlu bazarertəsi günü CHP-nin sədri Kamal Kılıçdaroğlu, çərşənbə axşamı günü isə MHP-nin sədri Dövlət Baxçalı ilə görüşüb.

Xatırladaq ki, iyunun 7-də Türkiyədə parlament seçkisi keçirilib. Parlamentə girməyə müvəffəq olan 4 siyasi partiyanın heç biri tək başına hökumət quracaq qədər millət vəkili əldə etməyib. 550 yerli Türkiyə Böyük Millət Məclisinə AKP 258, CHP 132, MHP və HDP hər biri 80 millət vəkili ilə daxil olub. Təkbaşına hökumət qurmaq üçün bir partiyanın 276 millət vəkilinə ehtiyacı olduğundan hazırda ölkədə koalisiya hökuməti qurulması barədə qızğın müzakirələr gedir.

Türkiyədə koalisiya hökumətinin qurulması prosesinə start verilib və 45 gün ərzində bu mümkün olmasa ölkədə yenidən parlament seçkisi keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.