Fars hökmdarı yoxsa Persia fatehi

29-07-2017, 13:00           
Fars hökmdarı yoxsa Persia fatehi
Bir neçə gündür sosial şəbəkələrdə və mediada Tarix muzeyinin Şah İsmayılla bağlı keçirdiyi sərgidə onun şəklində “Sophy Pers” sözünün yazıldığından dolayı onun “fars hökmdarı” olması iddiası ortaya atılmış və muzey daxil olmaqla şahın özü də ciddi tənqidlərə və təhqirlərə məruz qalmışdır.

Əvvəlcə onu deyim ki, heç bir illüstrasiyada verilən sözlər yuxarıdan aşağı oxunmur. Ya normal yazılır və oxunur, yada bir dairənin içində şəxsin qurşaqdan yuxarı hissəsini dairəyə alan yazı formasında verilir.

İndi keçək əsas məsələyə. “Sophy” Sufi deməkdir. Qrammatik cəhətdəndə ( ingiliscə hərflərin dilimizə qarşılığı S – s, o – u və ya o , ph – f, y – i ) tamamilə uyğun gəlir. Şəkildə də göründüyü kimi, “ismael sophy” yəni İsmayıl Sufi deməkdir. Avropa onu belə tanıyırdı.

Qeyd edək ki, hər kəs qızılbaşlıqla sufiliyin arasındakı əlaqəni gözəl bilir, bilməlidirdə. İndi deyə bilərsiniz ki, sufilik hara Avropa hara?!. Lakin 1501-ci ilin iyulunda italyan humanisti və diplomatı Pietro Martire D`Angeria yazırki, “bilinməyən gənc” öz ordusunu yığdı və bütün Persianı, Parfianı, Medianı (Midiyanı) ələ keçirdi və ya işğal etdi. Onlar (yəni onun əsgərləri) ona “Sufi” deyə müraciət edirdilər”. Deməli, burda sufi bilgə adam mənasında işlənib. Məsələ Persia sözünə çatmışkən, qeyd edək ki, Avropa Şah İsmayıldan ta Abbasa qədər Səfəvi hökmdarlarının əsas qismini “Rex” kimi tanıyırdı. Bu sözün latınca qarşılığı hökmdar olsa da , avropalılar bu ifadəni yeni, böyük həmdə Avropada tarixi torpaqlar hesab olunan əraziləri tutan sərkərdələrə deyirdilər. Avropa düz Səfəvilərə qədər oranı Əhəməni yadigarı hesab edirdi. Oranı tutmaq Avropa üçün böyük bir şey idi. Eyni ilə Attila da “Rex” adlanır. Çünki o Avropada ona aid olmayan və Avropanın başqa toplumun yadigarı kimi tanıdığı yerləri tutmuşdu. Buna görə də ona da “Rex” deyirdilər. Rex bir növ hökmdarın fatehlik bacarığını göstərmək üçün istifadə olunur. Çünki elə Səfəvi hökmdarı var ki, ona Rex yox sadəcə Sultan deyə müraciət edirlər, yəni idarə edən insan, rəhbər və s.

Necə ki Tuqdamme özünü həm Sakların həmdə Quti ölkəsinin hökmdarı adlandırırdı, eləcədə tarix boyu demək olar ki əksər yaxın və orta Asiya hökmdarları bu cür tituldan istifadə ediblər. “İsmael Sophy Rex Pers” Yəni İsmayıl Sufi , Pers fatehi – yəni Persianı tutmuş sərkərdə, başçı. Fateh çox böyük ifadədir bizə görə, bu səbəbdən bu ifadəni qorxa-qorxa işlədirik. Ona görə də əvvəlcədən deyim ki , məqsədim Şah İsmayılı şişirtmək yox onun sərkərdəlik bacarığı ilə ərazilər tutduğunu və buna görə də Rex deyildiyini anlatmağa çalışmaqdır. ( Qeyd: Avropa "ea" və “ia” hərflərini sözlərə sonradan artırmışdır. Pers, Parf, Med, Aram, Skif və s. kimi sözlərin sonuna bu saitləri artıraraq onlardan öz dillərinə uyğun yer adları düzəldirdilər. Linqivistik antropologiya belə bunu sübut edir ki, istənilən mədəniyyət ilk öncə coğrafi adları öz dilinə uyğunlaşdırmağa çalışır.)

Əgər Sophy Pers "Fars hökmdarı"dırsa onda İsmael Rex nə deməkdir?! Burda məntiq haradadır? Ümumiyyətlə terminlərin tərcüməsində məntiq yoxdur.

Son bir neçə ildir millət olaraq tarixi şəxsiyyətlərimizə sahib çıxmağa çalışdıq, bacardığımız qədər sahib çıxdıq, sözsüz gözü götürməyən qüvvələr var və fürsətdən istifadə edərək beynini bir işə tərsinə məşğul edən xalqımızı yenə yersiz yerə məşğul etməyi bacardılar.
Antropoloq Zamin Qafarsoy

Bizimesr.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.