Dünyanı heyrətə salan 5 türk döyüşçü qadın-Fotolar

9-08-2018, 11:52           
Dünyanı heyrətə salan 5 türk döyüşçü qadın-Fotolar
XX əsrin əvvələrində Osmanlı dövləti çətin günlərini yaşayırdı. Bütün ərazi üzük qaşı kimi mühasirəyə alınmışdı. Bir tərəfdən erməni daşnak dəstələri, bir tərəfdən yunanlar,bir tərəfdən fransızlar dövlət üçün təhlükə idilər. Bu çətin dönəmdə Mustafa Kamal Paşa liderliyi öz üzərinə götürdü.

1919-cu ilin mayın 19-da Samsuna gələn Mustafa Kamal Paşa Anadoluda türk millətini səfərbər etməyə başladı. Həmin il iyunun 22-də Mustafa Kamal imzası ilə Amasiyadan bütün Anadoluya yayılan müraciətdə deyilirdi: "Vətənin bütövlüyü, millətin istiqlalı təhlükədədir. Millətin istiqlalını yenə millətin əzmi və qərarı xilas edəcəkdir..." Bu çağırış artıq vüsət almağa başlayan milli azadlıq hərəkatını daha da alovlandırdı. 1919-cu il iyulun 23-də Atatürkün təşkilatçılığı ilə Türk Milli Qurtuluş Savaşının ilk təməl daşı sayılan Ərzurum konqresi öz işinə başladı.
Bütün türklər vətənin müdafiəsinə qalxdılar. Bu çətin dönəmdə qadınlarda silaha sarılaraq döyüşlərə qatıldılar.


Qurtuluş savaşının ən cəsur qəhrəmanlarından biri, bu gün də Türkiyədə fəxrlə yad edilən Fatma Erdendir. Bütün döyüşən ordunun sevimli əsgəri olan Fatma Erden Ərzurumlu Qara Fatma kimi tanınırdı. 1888-ci ildə Ərzurumda anadan olan bu cəsur qadın ordunun zabiti Əhməd bəy Dərvişlə ailə qurduqdan sonra döyüşlərə atıldı. Balkan döyüşündə, I Dünya savaşında ən ağır döyüşlərdə iştirak etdi. O 9 rəfiqəsi ilə birlikdə Samsuna gələrək Mustafa Kamal Paşa ilə görüşdü.Cəsur qadın döyüşlərdə kəşfiyyatçı kimi bir çox mühüm tapşırıqları yerinə yetirdi. Düşmənin yüksək rütbəli zabitlərini girov götürməklə, düşmənin qorxulu röyasına çevrilən Qara Fatma hər əməliyyat zamanı düşmənin taktiki sxemlərini də əldə edirdi. Onun 300 əsgəri ilə birlikdə Sakarya Meydan döyüşündəki igidliyi ilə dillər əzbəri oldu. Mühasirədə olduğu halda düşmənin mühasirə halqasını yararaq onları darmadağın etdi. Qara Fatma ordudan baş leytenant rütbəsində tərxis olundu. Fatma Erden 1955-ci ildə 67 yaşında haqq dünyasına qovuşdu.


Qurtuluş savaşının qəhrəmanlarından biri də Şərifə Öztürkdür. Hər kəsin Şərifə Bacı kimi tanıdığı bu qızın cəsarəti hətta düşmən ordusunun zabitlərini də heyrətləndirmişdi. 1900-cu ildə Kastamonuda anadan olan bu cəsur qız orduya könüllü gəlmişdi. Silah sursatı cəbhəyə çatdırmaq üçün çətin dağ yollarını keçən bu cəsur qız, heç bir çətinlikdən qorxmurdu. Mərmiləri əsgərlərə çatdırmaq üçün bəzən onu hündür zirvələrə belində daşıyırdı. 1921-ci ilin dekabrında dağlarda donaraq şəhid oldu. Bu gün Kastamonu şəhərində bu cəsur xanımın adına gözəl bir abidə var.


Türkiyənin cəsurluq simvollarından biri də Xalidə Edip Adıvardır. Hər kəs bu cəsur qadını Xalidə Onbaşı kimi tanıyırdı.
1919-cu ildə xalqı mitinqlərə cağırdığı üçün barəsində həbs qərarı çıxarılır. Buna görə 1920-ci ildə Anadoluya qaçaraq Qurtuluş döyüşünə qatılır. İstanbul hökuməti tərəfindən hələ o zaman Mustafa Kamal ilə birlikdə haqqında ölüm qərarı verilən altı adamdan biri idi. Qurtuluş savaşında göstərdiyi igidliyi ilə zabit rütbəsi ilə təltif edilir.


Orduda onun qadın olduğunu heç kim bilmirdi. Döyüşə qatılarkən saçlarını kəsdirib, kişi paltarı geyinən bu cəsur qadın Həlimə Kocabıyıq idi. Ən ağır döyüşlərin iştirakçısı olan Həlimə xanım 1898-ci ildə Kastomuda doğulmuşdu. Ata-anasının təkidlərinə baxmayaraq döyüşə qatılmışdı.
Onun həyatını dəyişən hadisə isə 1920-ci ildə baş verir. Cəbhədə onların hərbi hissəsinə gələn Mustafa Kamal Paşa cəbhəyə daşıdığı güllələri öz həyatından belə çox əhəmiyyət verən bu əsgəri görəndə ona, '' Niyə üzərindəki isti geyimi güllələrin üzərini örtmüsən, sənə soyuq olar əsgər? '' -deyə soruşur.

Həlimə Kocabıyıq '' Mənim üşüməyim problem deyil. Bu bu silah sursat yüzlərlə, bəlkə də minlərlə əsgərimizi qoruyacaq '' deyir.. Bu cavabdan sonra Mustafa Kamal Paşa Həlimə Kocabıyıqın sənədlərini tələb edir. Qarşısındakı əsgərin qadın olduğunu anlayan Mustafa Kamal Paşa yavərinə, Həlimə Kocabıyıq ilə bağlı bütün məlumatları Ankaraya göndərir.
Ən ağır döyüşlərin iştirakçısı olan bu cəsur qadın 9 İyun 1921-ci ildə Yunan döyüş gəmilərinin Kilkisi bombaladığı zaman ağır yaralanır və əlil olur.
Qurtuluş döyüşündən sonra Mustafa Kamal Paşa tərəfindən Ankaraya çağırılan Həlimə Kocabıyıq, “İstiqlal Medalı” ilə təltif edilir. Həlimə xanıma həmçinin Çavuş rütbəsi verilir. O 1976-cı ildə doğulduğu Kastomuda vəfat edir.

Fransız ordusunun baş bəlası sayılan igid türk qızı Təyyar Rahmiyə idi. O döyüşə girən əsgərlərin süründüyünü görərək ayağa qalxaraq:” Mən qadın olaraq ayaq üstəyəm, siz sürünürsünüz. Haydı kişilər”-deyərək fransız ordusunu məğlub edir. O kəşfiyyatçı olaraq gecələr fransız ordusunun içərisinə nüfuz edir, düşməni çaş baş salırdı. Xüsusi bacarığı ilə fransız qərargahına bomba yerləşdirən Təyyar Rahmiyə yüzlərlə düşmənin məhv edilməsinə səbəb olur. Lakin bu cəsur qadın iki türk əsgərini xilas edərkən şəhid oldu.
Onların apardığı bu şərəfli mübarizə sonda qələbə ilə nəticələndi. Eyni cəbhədə bir neçə düşmən ordusu ilə savaşan türk əsgəri bu savaşda qalib gəlməyi bacardı.

Qoşqar Salmanlı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.