Mediaya açıq məmurlar – Jurnalistlər konkret ad çəkdilər

22-07-2019, 10:57           
Mediaya açıq məmurlar – Jurnalistlər konkret ad çəkdilər
Bu gün milli mətbuatımızın yaranmasının 144-cü ili qeyd olunur. Azərbaycan mətbuatının keçdiyi bir əsr yarımlıq zamanda medianın kifayət qədər inkişaf etdiyi, böyük uğurlara imza atdığı göz önündədir. Eynilə son illərdə hətta yüksək vəzifə tutan məmurların belə mətbuatla yaxından işləməsi də bu müsbət məqamlar içərisindədir.

Modern.az jurnalist həmkarlarımıza bu sualla müraciət etdi: Mətbuatla ən yaxşı işləyən məmurlar kimlərdir?

“Şərq” qəzetinin redaktoru Ayyət Əhməd sualımıza birbaşa cavab verə bilmədiyini vurğulayıb. Həmkarımız ad çəkməyin çətin olduğunu düşünür:

“Amma onu demək mümkündür ki, son zamanlar məmurların mətbuata açılımı müşahidə olunur. Artıq məmurlar peşəkar jurnalistlərdən qaçmırlar, çəkinmirlər. Sadəcə, bir zamanlar bəzi məmurlar qapılarını media nümayəndələrinin üzünə bağladılar və bunun bumeranq effektinin şahidi oldular. Mediadan uzaq düşmək onların da fəaliyyətinə kölgə salırdı. Hətta bəzi məqamlarda media təmsilçilərinin haqlı qəzəbinə tuş gəlirdilər. Bir dövlət qurumu və ya o qurumun rəhbəri şəffaf fəaliyyət göstərirsə, mediadan niyə qaçmalıdır? Jurnalistlərin bu haqlı sualına ən doğru və dolğun cavab onların medianın qarşısına çıxması idi. Şükürlər ki, bu tendensiya artıq cücərməyə başlayıb. Məmurların mediaya açılımını şərtləndirən iki mühüm amil var. Birincisi, son zamanlar vəzifəyə təyin olunanların gənc, sağlam və intellektual kadrlar olmasıdır. İkincisi isə ölkə başçısının mətbuata göstərdiyi diqqət və verdiyi böyük əhəmiyyətdir. Artıq bütün dövlət qurumları media ilə işləməyin fəaliyyətlərinin ayrılmaz tərkib hissəsi olduğunu anlayıblar. Media ölkənin, dövlətin fəaliyyəti, məqsəd və məramına işıq tutan ən güclü platformadır, tribunadır. Bu tribunadan mükəmməl şəkildə faydalanmaq gərəkdir”.

Salamnews.az saytının əməkdaşı Orxan Kərimovun fikrincə, son vaxtlar vəzifəyə təyin olunan məmurlar mətbuata daha açıqdırlar:

“Bununla yanaşı həmişə mətbuata açıq olan məmurlar da var ki, onlar həmişə jurnalistlər tərəfindən rəğbətlə qarşılanıblar. Məsələn, mətbuata açıq olan məmurlardan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Dini Komitənin sədri Mübariz Qurbanlı, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ASAN Xidmət rəhbəri Ülvi Mehdiyev, kənd təsərrüfatı naziri İnam Kərimov, təhsil naziri Ceyhun Bayramov və s adlarını çəkə bilərəm. Bu məmurlar mətbuata hər zaman açıq olublar və jurnalistlər istədikləri sualları onlara rahat şəkildə verib cavabını ala biliblər”.

“Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərli isə qısaca olaraq bu məmurların adlarını sadalayıb:

“Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, kənd təsərrüfatı naziri İnam Kərimov, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, baş nazirin müavini Hacıbala Abutalıbov, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev və s.”

Ayna.az saytının müxbiri Təranə Xudabaxşıyeva da mətbuatla işləyən məmurların sayının son illər çoxaldığını təsdiqləyir:

“Məmurların çox zaman mətbuat katibləri vasitəsilə mətbuatla aktiv ünsiyyətdə olduğunu görürük. Mətbuat katiblərinin media nümayəndələri ilə operativ ünsiyyəti onlara rəhbərlik edən məmurların da mətbuata münasibətinin göstəricisidir. Mətbuatla yaxşı işləyən məmurlar sırasında ASAN Xidmət rəhbəri Ülvi Mehdiyevin, gənclər və idman naziri Azad Rəhimovun, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin və digərlərinin adlarını çəkə bilərəm”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid ənənəvi olaraq mətbuatla aktiv işləyən bir neçə məmurun adını çəkib:

“Onlar sələflərinin yolunu davam etdirirlər. Məsələn, keçmiş təhsil naziri Misir Mərdanov da mətbuatla yaxşı ünsiyyətdə idi, indiki nazir Ceyhun Bayramov da bu ənənəni qoruyub. Mədəniyyət naziri Əbülfəs Qarayev həmişə mətbuatla yaxın olub. Yeni təyin olunan nazirlərdən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media ilə yaxındır. Davamlı tədbirlər keçirir, media ilə ünsiyyətdən çəkinmir. Mən çox məmurların adlarını çəkə bilərəm, sadəcə hələlik ağlıma gələn bunlardır” .

Axar.az saytının müxbiri Turanə Məmmədlinin sözlərinə görə, Bakının keçmiş meri, hazırda Baş nazirin müavini Hacıbala Abutalıbov mediaya ən açıq olan məmurlardandır:

“Adam nə vaxt zəng eləsən, açır və dedikləri gündəmə “bomba” kimi düşür. Kənd təsərrüfatı naziri İnam Kərimov, Dövlət Miqrasiya Xidməti (DMX) Xidmət rəisi Vüsal Hüseynov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev də mediaya açıq olan məmurlardandır”.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev isə məmurların mətbuatla ünsiyyəti barədə konkret müşahidə aparmadığını diqqətə çatdırıb:

“Amma son dövrlər əvvəlki illərlə müqayisədə bu sahədə xeyli irəliləyişlər var. Dövlət orqanlarının mətbuat xidmətinin rəhbəri vəzifəsinə həmkarlarımız təyin edildiyindən, media təmsilçiləri ilə məmurların, nazirlərin, komitə sədrlərinin təmasları rahatlaşıb. Bir çox qurumlar var ki, jurnalistlər rahat şəkildə məmurlarla əlaqə yarada bilirlər.

Mətbuatla ünsiyyətdə olan məmurlar sırasında son zamanlar sıx-sıx adı çəkilən kənd təsərrüfatı naziri İnam Kərimovdur. Media ilə təmasda olur, nazirlik tərəfindən media nümayəndələrinin iştirakı ilə tez-tez media turların təşkil edilir. ASAN Xidmət rəhbəri Ülvi Mehdiyev, xarici İşlər naziri Elmar Məmmədyarov və digər dövlət qurumlarının rəhbərlərinin adlarını aktiv məmurlar sırasında çəkə bilərəm”.

“İki sahil” qəzetinin baş redkatoru Vüqar Rəhimzadə bildirib ki, məmurların mətbuatla ünsiyyəti onların rəhbərlik etdiyi qurumların mətbuata nə qədər açıq olub-olmamağı ilə üzə çıxır:

“Mətbuatla yaxşı ünsiyyətdə olan qurumlar sırasında SOCAR, Təhsil Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, “Azəriqaz” İstehsalat Birliyi, Baş Prokurorluq və s.

Mətbuata açıq nazirlər sırasında isə iqtisadiyyat naziri Şahin Mustafayevin adını qeyd edə bilərəm. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ASAN Xidmət rəhbəri Ülvi Mehdiyev, Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev, ekologiya və təbi sərvətlər naziri Muxtar Babayev və s. adlarını çəkə bilərəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.