Universitet gənc qızlara həyat yoldaşı tapmaq üçün ideal məkandır – Ekspertdən qalmaqal yaradacaq açıqlama

12-09-2019, 10:42           
Universitet gənc qızlara həyat yoldaşı tapmaq üçün ideal məkandır – Ekspertdən qalmaqal yaradacaq açıqlama
“Şərq ölkələri ilə qərb ölkələrinin mentaliteti tamamilə fərqlidir. Qərbdə gənclər gələcək həyat yoldaşlarını özləri axtarıb tapır. Onların bibinin, xalanın, əminin köməyinə ehtiyacları yoxdur. Şərqdə isə bu məsələ daha çox böyüklərin məsləhəti, bəzən hətta göstərişi ilə həll olunur”.

Bu sözləri Sfera.az-a açıqlamasında təhsil üzrə ekspert Şahlar Əsgərov deyib. Onun sözlərinə görə, ilbəil yaşı keçmiş qızların sayında artım müşahidə olunur və bu, həll vacib problemə çevrilib:

“Ökədə gənclərin bir-birini görüb bəyənməsi üçün normal mühit yaradılmalıdır. Toya pul salmaq lazımdır deyə, əksər valideynlər övladlarını özləri ilə apara bilmir. Yas yerlərinə də daha çox yaşlı nəslin nümüyəndələri gedir. Buna görə də gənc qızların əksəriyyəti dörd divar arasında qalıb. Ağsaqqallar, aidiyyati dövlət qurumları bunu görməlidir, ya yox? Sözügedən vəziyyətdən ən yaxşı çıxış yolu budur ki, universitetlər giriş qapısını gen, çıxış qapısını dar açsın. Yəni, orta məktəbləri bitirən 100 məzundan 70-80-i universitetlərə buraxılsın. Düşünürəm ki, universitet gənc qızlara həyat yoldaşı tapmaq üçün ideal məkandır”.

Şahlar Əsgərov düşünür ki, ali məktəblərə qəbul hər kəsə əlçatan olmalıdır: “Axı heç bir Avropa ölkəsində qəbul imtahanları yoxdur, qeydiyyat var. Bizdə isə qəbul imtahanları sanki bir tərəzidir. Qoyublar qapının ağzına, çəkirlər, deyirlər, yox, sən yaramırsan. Niyə yaramır? Pul verəndə yarayır, pul verməyəndə yaramır? Misalçün, Hindistanda 70-100 min tələbəsi olan universitetlər var. Onların hamısı savadlı deyil ki. Onların arasında bilik səviyyəsi bizim 6-cı, 7-ci, 8-ci sinif şagirdlərinin bilik səviyyəsini aşmayanlar var. Hindistanın ali məktəbləri həmin gənclərə əkinçilik, maldarlıq və s. peşələri, savadlı tələbələrə isə elm öyrədir. Şübhəsiz ki, biliksiz gəncə həkim, müəllim, hüquqşünas, mühəndis və s. diplomu verilməməlidir. Hər kəsə öz bilik səviyyəsinə, bacarığına görə ixtisas və diplom verilməlidir.”.

Ekspertin sözlərinə görə, universitet mühiti mədəni, mənəvi cəhətdən zəngin, etalon bir mühitdir, burda təhsil almaq insanın şəxsiyyət kimi formalaşmasında müstəsna rol oynayır: “Həm də artıq qeyd etdiyim kimi, ailə institutunu yaşatmaq baxımından da universitetlərdə nə qədər çox tələbə oxusa, bir o qədər yaxşıdır. Bir var, universitetdə 10 min tələbə oxusun, bir də var, 100 min tələbə. Yəqin ki, 10 min tələbə arasından hardasa 100-200 gənc bir-birini görüb sevə və ailə qura bilər, 100 min tələbə arasından isə ailə quranların sayı çox guman ki, ən azı 1000-2000 olar. Bəyəm biz bunun qayğısına qalmamalıyıq? Əlbəttə, qalmalıyıq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.