Baş narkoloq: "Azərbaycanda məktəb yaşlı uşaqlar arasında narkotik istifadəçiləri var"

21-10-2019, 23:17           
Baş narkoloq: "Azərbaycanda məktəb yaşlı uşaqlar arasında narkotik istifadəçiləri var"
Uşaqlar arasında narkotik maddələrə aludəçilik cəmiyyəti ciddi narahat edən məsələlərdəndir. Azərbaycanda da məktəb yaşlı uşaqlar arasında narkotik maddə istifadəçiləri var. Bunu jurnalistlərə açıqlamasında Respublika Narkoloji Mərkəzin direktoru Araz Manuçəri bildirib.

A.Manuçəri qeyd edib ki, bəzi məktəblərdə uşaqlar psixotrop dərmanlardan istifadə edirlər:

"Psixotrop dərmanlar apteklərdə 3 möhürlü reseptlə xüsusi xəstələrə satılır. Amma müxtəlif səbəblərdən o dərmanlar qara bazara çıxıb. Məktəblilər də bu tipli psixotrop dərmanlardan istifadə edirlər. Qara bazarda haradansa gətirilib satılan metamfetamin dərman deyil, psixotrop maddədir. Bu dərmandan onkoloji, şəkərli diabet, epilepsiya və başqa ağır xəstəliklərdə istifadə edilir. Bu dərmanı başqa məqsədlə istifadə edəndə narkotik təsirini göstərir".

A.Manuçəri Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda məktəb yaşlı uşaqlar arasında narkotik istifadəçilərinə 12-13 yaşdan etibarən rast gəlinir: "Əlbəttə ki, bu yaş həddi çox erkən dövrdür. Amma bu yaşda da uşaqlar arasında narkotik istifadə edənlər var. Bu gün məktəb yaşlı uşaqlar arasında daha çox psixotrop dərmanlardan istifadə edənlərə rast gəlinir. Eyni zamanda məişətdə istifadə olunan müxtəlif kimyəvi maddələrə aludəçilik də müşahidə olunur. Buraya aseton, yapışqan iyləyən uşaqlar daxildir. Amma bununla belə, 12-13 yaşlı uşaqlar arasında narkotik maddələr olan marixuana və həşiş istifadə edənlər də var".

Həmsöhbətimiz deyir ki, narkotik maddə aludəçiləri olan məktəb yaşlı uşaqların bir qismi də qızlardır: "Çox təəssüf ki, qızlar arasında çox erkən dövrdən narkotik istifadə edənlərin sayı artır. Düşünürəm ki, buna da səbəb, narkotik maddələrə əlçatanlığın olmasıdır".

Mərkəz direktoru erkən yaşdan narkotik maddə istifadəsinin uşaqların səhhətinə dəhşətli mənfi təsirlər göstərdiyini söyləyir. Onun sözlərinə görə, narkotik maddə ilk növbədə böyüməkdə olan uşaq orqanizmini fiziki inkişafdan saxlayır. Daha sonra isə zehni zəiflik yaranmağa başlayır: "Narkotik maddə istifadə edən uşaqlarda tədricən zehni zəiflik ən pis vəziyyətə çatır. Onların zehni 7 yaşında uşağın zehni kimi qavrayır, yadda saxlayır. Sümüklərdə boşalma, saç və diş tökülməsi kimi fəsadlar ortaya çıxır. Ən pis hədd isə bu uşaqlarda psixi pozğunluğun meydana gəlməsidir. Belə uşaqlar getdikcə olmayan şeyləri görür, psixoz həddinə gəlib çatırlar".

A.Manuçəri deyir ki, valideyn diqqətli olarsa, uşağın müəyyən davranış və əlamətlərindən onun narkotik maddələrin aludəçisi olduğunu anlaya bilər: "İlk növbədə qeyd edim ki, hər bir valideyn çalışmalıdır ki, uşağını narkomaniya bəlasından qorumaq üçün onun asudə vaxtına nəzarət etsin. Bu, çox vacib məqamdır. İkinci məsələ isə uşağın dostlarının, ətrafının kimlərdən ibarət olmasına diqqətin yetirilməsidir. Digər bir məsələ isə uşağa mümkün qədər pul verməmək və verilən pulun necə xərclənməsinə nəzarət etməkdir.

O ki qaldı uşağın narkotik maddə istifadə etməsindən valideynin necə xəbərdar olmasına, bunu uşaqda müəyyən müşahidələr aparmaqla bilmək mümkündür. Narkotik maddə istifadə edən uşaqlarda əhvalın tez-tez dəyişməsi müşahidə olunur. Belə uşaqlar bayırda oynayıb şənlənsələr də, evə qayıdan kimi başqa əhval-ruhiyyədə olurlar. Həmçinin onlarda dərsə marağın azalması, davamiyyətin aşağı düşməsi kimi hallar müşahidə olunur. Onlar bəzən gizli-gizli kiminləsə söhbət edir, otaqlarına girib bir müddət özlərinə qapanırlar. Uşaqlarda bu kimi davranışlar valideynlər üçün bir siqnal olmalıdır".

A.Manuçəri uşaqlar arasında narkotik maddə istifadəçilərinin sayının artmasını və yaş senzinin aşağı düşməsini narkotik maddələrin əlçatanlığı ilə izah edib.

Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbər səlahiyyətlərini icra edən Leyla Yolçiyeva isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, narkomaniyanın cavanlaşması ciddi problemə çevrilir. Onun sözlərinə görə, ölkəmizdə narkomaniyanın cavanlaşdığını görmək üçün statistikaya diqqət etmək yetərlidir:

"2018-ci il üçün yaş həddinə nəzər salsaq, görərik ki, ümumilikdə narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər. 15-17 yaşlı narkomanların sayı isə 9 nəfər olub".

L.Yolçiyeva bildirir ki, narkotik istifadəçiləri arasında uşaqların olması daha böyük narahatlıq yaradan faktdır. Həmsöhbətimiz qeyd edir ki, narko işbazlar dərsdən yayınan uşaqları daha çox hədəf seçirlər.

Ofis səlahiyyətlisi bildirir ki, uşaqları narkomaniyanın caynağına düşməkdən xilas etməyin əsas yolu onların dərsə davamiyyətinə diqqət göstərmək, dərsdən yayınmasının qarşısını almaq və narkomaniya barədə onları məlumatlandırmaqdır.
L.Yolçiyeva da təsdiqləyir ki, şagirdlərin narkotik maddələrə aludəçiliyi bəzən psixotrop həblərin qəbulundan başlayır: "Yetkinlik yaşına çatmayan uşaqlara qarşı həm valideynlər, həm də müəllimlər həssaslıqla davranmalıdırlar. Belə şagirdlər dərsdən yayınır, özlərinə qapanırlar. Bəzən vəziyyətdən çıxmaq üçün psixotrop maddələrdən istifadə edirlər. Onlar bunu vəziyyətdən çıxmaq üçün etsələr də, qəbul etdikcə narkotik maddədən asılı vəziyyətə düşürlər. Belə şagirdlərin narkotik maddə aludəçisinə çevrilmə ehtimalı böyükdür".шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.