Rayonda 60 qəpiyə, paytaxtda 6 manata... - Meyvə niyə bahadır?

8-07-2020, 14:38           
Rayonda 60 qəpiyə, paytaxtda 6 manata... - Meyvə niyə bahadır?
Mövsümlə əlaqədar kənd təsərrüfatı məhsullarına tələbat artıb. Pandemiya dövrü olduğunu nəzərə alsaq, hər kəs immunitetini gücləndirmək üçün qida rasionunda meyvə və tərəvəzə daha çox yer ayırmalıdır. Amma market və bazarlarda qiymətlər insanları məhsullara yaxın durmağa qoymur.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov Teleqraf.com-a açıqlamasında deyib ki,qiymətlərin tənzimlənməsi nazirliyin səlahiyyətində olan məsələ deyil: “Biz bununla bağlı heç bir münasibət bildirə bilmirik. Bunu ancaq bazardakı qiymətlərə baxıb, satan adama demək lazımdır ki, nə üçün rayonda 60 qəpiyə olan meyvəni paytaxtda 6 manata satırsınız? Bazar iqtisadiyyatıdır, satıcılar qiyməti özləri tənzimləyir. Heç bir dövlət qurumu bu qiymətlərə müdaxilə etmirr”.

Qurum rəsmisi bildirİb ki, marketlərlə müqayisdə bazarlarda qiymətlər 2-3 dəfə aşağıdır: “Gedin supermarketdəki qiymətlə də tanış olun, 8-ci km bazarındakı qiymətə də baxın. İnsanlar supermarketdəki məhsulu görüb, qiymətin baha olduğunu düşünürlər. Sərbəst bazardır, satıcı məhsulu satışa çıxardığı zaman dövlət məmuru gəlib deyə bilməz bunu niyə bu qiymətə satırsız.

Hazırda karantindir. Nazirlər Kabinetinin qərarında göstərilir ki, kənd təsərrüfatı məhsullarının bazara gətirilməsində heç bir xüsusi icazə tələb olunmur. İnsanlar məhsullarını sərbəst şəkildə gətirə bilərlər. Bölgələrdə məhsul həddindən artıq boldur. Xaçmazda gilasın kilosu 60 qəpikdir, gəlin görək Bakıda bu qiymətə gilas var?”

Bununla belə, Vüqar Hüseynov hesab edir ki, ötən ilin bu dövrü ilə müqayisədə qiymətlər daha ucuzdur: "Qiymətlərin baha olması səbəbini marketlərdən soruşmaq lazımdır. Təəssüf ki, insanlar bazara getməyi yadırğayıblar”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirir ki, kənd təsərrüfatı məhsullarının bahalığından quruma gün ərzində bir neçə telefon zəngi daxil olur: “Lakin nə etmək olar, bu, dövlət tərəfindən tənzimlənən qiymət deyil. Burada “tələb və təklif” formulu işləyir. Karantin rejimi ilə əlaqədar paytaxta məhsulların gətirilməsində çətinliklər var. Buna görə də qiymətlər artıb.

Fikrimcə, dövlət orqanları, xüsusilə Kənd Təsərrüfatı Nazirliyi elə bir iş aparmalıdır ki, məhsulların şəhərə daşınması zamanı mümkün maneələrin hamısı aradan qaldırılsın. Məsələn, kiçik maşınlarda malların daşınması qadağan edilib. Düşünürəm ki, ona icazə verilməlidir. Nəylə gəlməsindən asılı olmayaraq kənd təsərrüfatı malları şəhərə daxil olsun”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.