Anabolik steroidlərdən mütəmadi istifadə sağalmaz fəsadlara səbəb olur - AMADA

25-09-2020, 10:12           
Anabolik steroidlərdən mütəmadi istifadə sağalmaz fəsadlara səbəb olur - AMADA
Dopinqin növlərindən olan anabolik steroidlərdən istifadə peşəkar idmanın sərhədlərini aşaraq cəmiyyət üçün ciddi problemə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu fikiri anabolik steroidlərdən istifadənin yayılması və onun fəsadları ilə bağlı sentyabrın 24-də Bakıda təşkil olunmuş mətbuat konfransında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli deyib.

Qeyd edib ki, hazırda dünyada onun qanunsuz dövriyyəsi və satışı genişlənməkdədir. Steroidlərdən geniş yayılmasının əsas səbəbi istifadəçilərin qısa müddətdə istədikləri bədən quruluşuna sahib olmaq arzusudur. Amma onların əksəriyyəti bu maddələrin fəsadları barədə məlumatsızdırlar. Steroidlərdən mütəmadi istifadə ürək tutulması, infarkt, qaraciyər zədələnməsi, böyrək çatışmazlığı, cinsi zəiflik və sonsuzluq, sümük inkişafının dayanması və digər bərpaolunmaz fəsadlar törədir. Bu maddələr orqanizmin təbii immunitetini zəiflətməklə xərçəng və digər ağır xəstəliklərə tutulma riskini artırır.

Ş.Hüseynli bildirib ki, steroidlərdən istifadə asılılıq yaratdığı üçün bir sıra sosial-psixoloji fəsadlar da törədir. Steroidlərdən mütəmadi istifadə edənlərdə aqressiya, dərin depressiya halları müşahidə olunur. Bu maddələrin istifadəsindən sonradan imtina edən şəxslərin müalicəsi isə narkotik aludəçilərinin müalicəsindən daha ağır və mürəkkəb prosedurdur.

“AMADA tərəfindən gənclər arasında keçirilən sorğunun nəticəsində aydın olur ki, hər yeddi respondentdən birinə dopinq təklif olunub. Onların 60 faizinə isə bu təklif idman zalında və ya fitness mərkəzində edilib. Sosial media dövründə cavanlar arasında daha gözəgəlimli bədən quruluşu əldə etmək arzusu getdikcə artır və onlar idman zallarında etibar etdikləri və məsləhət istədikləri bəzi şəxslərin könüllü qurbanlarına çevrilir”, - deyə Ş.Hüseynli əlavə edib.

Ölkəmizdə aidiyyəti dövlət qurumları ilə belə hallarla mübarizənin mütəmadi olaraq həyata keçirildiyini deyən Ş.Hüseynli bildirib ki, bu istiqamətdə Dövlət Təhlükəsizliyi Xidməti, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları, o cümlədən Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edir. Problemin miqyasını və aktuallığını nəzərə alaraq ictimaiyyətin bu mübarizəyə fəal qoşulması vacibdir.

Son illərdə idmanda dopinqdən istifadənin mütəmadi hal aldığını deyən TƏBİB-in stasionar tibbi xidmətin təşkili şöbəsinin müdiri Kəmalə Ağayeva bundan idmanda performansı artırmaq və gözəl görünmək üçün istifadə olunduğunu diqqətə çatdırıb. Mütəxəssis bunun fəsadlarının çox ağır olduğunu vurğulayıb.

Qeyd edib ki, steroidlərdən mütəmadi istifadə idmançıların əzələlərinin getdikcə məhvinə səbəb olur. Təəssüf ki, bu gün nəinki peşəkar, hətta həvəskar idmanda da steroidlərdən istifadə artıb. Xüsusən də, fitness zallarda gənclər bundan daha çox yararlanırlar.

“Aparılan beynəlxalq araşdırmaların nəticələri göstərir ki, narkotik istifadəçilərinin 25 faizi əvvəllər anabolik stereoid istifadəçisi olub. Bu isə öz növbəsində cinayət hallarının artması kimi sosial problemlərlə nəticələnir”, - deyə K.Ağayeva əlavə edib.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov dopinqdən istifadənin təkcə Azərbaycanda deyil, dünyada geniş hal aldığını deyib. Bildirib ki, hər bir uğurun arxasında əziyyət durur. Ancaq bəzi insanlar tez uğur əldə etmək üçün qanunsuz preparatlardan istifadə edirlər. Dopinq böyük bəladır. İnsan sağlamlığına ciddi zərər verən maddələrdən söhbət gedir. İnsanlar fitnes zallara sağlam olmaq üçün gedirlər. Ancaq dırnaqarası maarifləndirmə ilə onların beynini doldururlar. Qanunsuz preparatlar də onların əzələlərini məhvə aparır. Qazanılan nəticə də müəyyən vaxtdan sonra yoxa çıxır.

Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti Qabil Mehdiyev KİV-lərdə maarifləndirmə işinin aparılmasının vacib olduğunu deyərkən bildirib ki, bu mövzuda müəyyən addımlar atılmalıdır. Bu bəlanın qarşısını almaq, gəncləri maarifləndirmək üçün yazı müsabiqəsinin təşkil olunmasını məqsədəuyğun sayıb.

Sonda jurnalistlərin sualları cavablandırılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.