Talan edilən mədəni irsimizi necə qaytaraq?

26-11-2022, 11:23           
Talan edilən mədəni irsimizi necə qaytaraq?
Mütəxəssislər: “Bu eksponatların cüzi bir qisminin belə qaytarılması üçün əlimizdən gələni etməyə hazırıq...”
Bir neçə il öncə erməni arxeoloqlar o zaman işğal altında olan Ağdamın Şahbulaq qalasında qanunsuz qazıntı işləri aparmışdı. Arxeoloji ekspedisiyanın rəhbəri Hamlet Petrosyan qalada qazıntı işləri aparılan zaman qızıl məmulatlarından ibarət zərgərlik qalıqlarının tapıldığını demişdi.

Qazıntılar nəticəsində aşkar edilən Azərbaycan memarlığına aid qüllələr, bir sıra abidələr Ermənistana göndərilmişdi. H.Petrosyanın sözlərinə görə, 150 hektar sahəyə səpələnmiş Şahbulaq qalasının ətrafında orta əsrlərə məxsus tikililər, yeraltı sərdabələr və s. aşkarlanıbmış.

44 günlük Vətən müharibəsi zamanı Ağdam muzeyinin eksponatları İrəvana daşındı. 10 Noyabr bəyannaməsi imzalandıqdan sonra 20 noyabra qədər Ağdamı boşaltmalı olan ermənilər verilən zamandan istifadə edib qanunsuz qazıntılar nəticəsində əldə olunan Azərbaycana məxsus arxeoloji materialları Ermənistana daşıyıblar.

Azərbaycanın tarixi-mədəni irsinin məhv edilməsi bütün dünyanın gözü qarşısında baş verib. Qarabağın işğaldan azad edilməsindən sonra aparılan monitorinqlər vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu göstərdi. Beynəlxalq təşkilatlar, o cümlədən YUNESCO qarşısında qaldırılan əsas məsələlərdən biri də məhz bununla bağlıdır. Lakin təqdim edilən faktlara baxmayaraq, nə işğal dövründə, nə də son 2 illik postmüharibə dövründə Azərbaycanın mədəni irsinə 30 ildə Ermənistan tərəfindən vurulmuş ziyanın qiymətləndirilməsi üçün YUNESCO Qarabağa missiya göndərməyib.

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı (ATMAMT) İctimai Birliyinin sədri Faiq İsmayılov “Yeni Müsavat”a mövzu ilə bağlı bu fikirləri söylədi: “Ermənilər tərəfindən qarət olunan muzey eksponatlarının bir qismi ayrı-ayrı Ermənistan dövlət nümayəndələrinin əlinə keçib, bir qismi isə xarici ölkə vətəndaşlarına satılmışdı. Ağdamdan daşınan eksponatların əksəriyyəti müharibə dövründə evlərini tərk etmək məcburiyyətində qalan azərbaycanlıların evlərindən toplanmışdı. Ermənilər kurqanlar üzərində qazıntılar aparmışdılar. Qazıntılar nəticəsində əldə edilmiş eksponatların bir qismi Şahbulaq qalasında yaradılan muzeyə qoyulsa da, digər qismi birbaşa İrəvana daşınmışdı.

Həmin materiallar 2-ci, 3-cü ölkələrə aparılıb. Bu eksponatların cüzi bir qisminin belə qaytarılması üçün əlimizdən gələni etməyə hazırıq. Şəxsi kolleksiyalardan olan nümunələri bəlkə hər hansı formada satın almaq olar, lakin bu çox çətin prosesdir, güman etmirəm ki, mümkün olsun. Talan edilən maddi irsimizi qaytarmaq üçün illər lazım ola bilər".

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirdi ki, 2019-cu ildə Ermənistan Respublikası tərəfindən Ağdam rayonu ərazisində yerləşən Şahbulaq qalasının ətrafında qanunsuz arxeoloji qazıntı işləri aparılıb: “İşğalçı ölkə ərazilərimizdə qanunsuz arxeoloji qazıntı apararaq Azərbaycan xalqının qədim tarixini saxtalaşdırmaq məqsədi güdüb. Ermənistan 1954-cü ildə Haaqada qəbul edilmiş ”Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"yanın, həmçinin Konvensiyanın 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu ilə müəyyən olunmuş öhdəlikləri pozub.

Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı qanunazidd əməllər hərbi cinayət hesab olunur. Ermənistan Respublikası işğal olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrinə qarşı törətdiyi vandalizm əməllərinə görə məsuliyyət daşıyır. İşğalçı ölkənin mədəni irsimizə qarşı törətdiyi bütün vandalizm hərəkətləri ilə bağlı hesabatlar aidiyyəti beynəlxalq təşkilatlara göndərilib. Əldə olunan yeni faktlar da mütəmadi olaraq həmin təşkilatlara təqdim edilməkdədir. Hər yeni məlumat, fakt, hesabatlar YUNESCO VƏ İSESCO-ya göndərilir. Lakin bu günə qədər bununla bağlı hər hansı addım atılmayıb. Bizim işimiz materialları sənədləşdirib təqdim etməkdir".

Xatırladaq ki, Ağdam rayonu tarixi, mədəniyyət və memarlıq abidələri, kurqanlarla, məbədlərlə, çoxlu sayda qəbirüstü abidələrlə zəngin olub. Rayon ərazisindən aşkar edilən arxeoloji tapıntılar 1962-ci ildə yaradılmış Ağdam Tarix-Diyarşünaslıq Muzeyində mühafizə edilirdi. 2500-dən artıq eksponatın sərgiləndiyi muzey Ağdam şəhərinin 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı məhv edilib.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.