“Tərtər işi”ndə kritik dönəm: bəraət alan qurbanlara hökm oxuyanlar cəza alacaqmı? - AKTUAL

3-06-2023, 11:52           
“Tərtər işi”ndə kritik dönəm: bəraət alan qurbanlara hökm oxuyanlar cəza alacaqmı? - AKTUAL
Mayın 31-də Gəncə Apellyasiya Məhkəməsi “Tərtər işi” üzrə əsassız və qanunsuz olaraq həbsə alınmış MAXE (müddətdən artıq xidmət edən) Sədayıl Şükürovun barəsində bəraət hökmü çıxarıb. 2018-ci ildə dövlətə xəyanət və digər ittihamlarla həbsə alınaraq 11 il müddətinə azadlıqdan məhrum edilmiş Sədayıl Şükürov məhkəmə zalından azadlığa buraxılıb.

TEREF.AZ-ın məlumatına görə, “Yeni Müsavat” Sədayıl Şükürova qarşı irəli sürülən ittiham və məhkəmələrdə başına gələnlərlə bağlı araşdırma aparıb. Onun qanunsuz həbsi və ittihamların mahiyyəti ilə bağlı əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, Sədayıl Şükürovu məqsədli şəkildə şərləməklə istintaqa cəlb ediblər, sonradan isə heç bir əsas və sübut olmadan uzunmüddətli həbsə məhkum olunub. Onun barəsindəki hökm və qərardan kasasiya şikayətinə Ali Məhkəmədə baxılarkən ilginc detallar üzə çıxıb.

Məlum olub ki, Gəncə Hərbi Məhkəməsinin, Gəncə Apelyasiya Məhkəməsinin hakimləri Sədayıl Şükürovun cinayət işi üzrə məhkəməsində, sadəcə, onu dinləməyiblər. Nə onun, nə vəkilinin vəsatətlərinə əhəmiyyət vermədən ittihamın təsdiqlənməsi üçün əllərindən gələni ediblər. İş üzrə 20 şahidin dediklərini də hakimlər qulaqardı edib. Zərərçəkənin bir-birinə zidd ifadələri belə hakim andı içmiş, hakim mantiyası geymişləri heç maraqlandırmayıb.

Beləcə, Sədayıl Şükürov Cinayət Məcəlləsinin 134-cü - öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, 274-cü - dövlətə xəyanət, 331-ci - hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə, 333-cü - hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və 338.21-ci döyüş növbəsi çəkmə qaydalarını pozma maddələri ilə təqsirli bilinib, Gəncə Hərbi Məhkəməsinin 15 avqust 2018-ci il tarixli hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

İndi məlum olur ki, MAXE-nin bir günahı var imiş - Vətənə sədaqətlə xidmət edib!

Sədayıl Şükürovu 11 illik həbsə məhkum edən hakim bu gün Gəncə Hərbi Məhkəməsinin sədridir. Onu 11 il müddətinə 2 övladından ayıran hakim Vüqar Məmmədova digər iki hakim - Səxavət Hüseynov və Vidadi Nəsirov kömək ediblər.

Sədayıl Şükürov 11 il müddətinə azadlıqdan məhrum olunandan sonra apelyasiya şikayəti verib. Gəncə Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasında şikayətinə Çingiz Məmmədovun sədrliyi, digər hakimlər Teyyub Muxtarov və Əlizamin Abdullayevin iştirakı ilə baxılıb. Yenə də hər 3 hakim Sədayil Şükürovun taleyinə biganə yanaşıb. 6 hakim, onlardan əvvəl isə istintaq qrupunun üzvləri, ittiham aktını təsdiqləyən prokuror da Sədayıl Şükürovun həyatını alt-üst edən cinayətə imza atıblar.

Sədayıl Şükürov bəraət alan gün “Tərtər işi” üzrə bəraət almış daha iki hərbçi ilə bağlı qərar verilib. Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi qərara görə, bəraət alan Nasif Əliyev və Nicat Rzayevin iddialarını qismən təmin edilib. Qərara əsasən, Nicat Rzayevə mənəvi ziyana görə 66 min manat, maddi ziyana görə 58 min 849 manat təzminat kəsilib. Nasif Əliyev yalnız maddi ziyanla bağlı iddia qaldırıb. Ona 70 min manat təzminat ödənilməsi qərara alınıb.

Leytenant Nasif Əliyev və gizir Nicat Rzayev də 2017-ci ildə “Tərtər işi” ilə bağlı həbs olunublar. Dövlətə xəyanət və digər oxşar maddələrlə ittiham edilən hərbçilər 17 ildən 20 ilə kimi azadlıqdan məhrum ediliblər. Ötən ilin sonunda hər ikisi bəraət alıb.

“Tərtər işi” üzrə bəraət alan hərbçilərə bəraət verilməsi, təzminat ödənməsi, əvvəlki işlərinə bərpa olunmaları təqdirəlayiqdir. Bəs onlar barəsində saxta ittiham aktı tərtib edən, həmin saxta ittiham aktını təsdiqləyən prokurorluq rəsmiləri, həmin saxta ittihamlar üzrə hökm çıxaran hakimlərlə bağlı hansı addımlar atılmalıdır?

DİA.AZ-ın məlumatına görə, hüquqşünas, hərbi ekspert Telman Əbilov “Yeni Müsavat”a deyib ki, “Tərtər işi” bu gün tam və hərtərəfli araşdırılmır deyə, iş üzrə saxta ittiham aktı və hökmlərə imza atan vəzifəlilər də cəzalandırılmır: “Bu cinayət Azərbaycan xalqına, Azərbaycan Ordusuna qarşı yaxşı planlaşdırılan, plan üzrə həyata keçirilən, Azərbaycanda vəzifə başında olub Rusiyaya, digər ölkələrə işləyən yüksək vəzifəli şəxslərin əli ilə törədilib. Mətbuatda "Tərtər işi" adını alan bu işin əsas hədəfi Azərbaycanın planladığı müharibədə uduzdurulması idi. Bu masştablı cinayəti planlayanlar bilirdilər ki, Azərbaycan torpaqlarını erməni-rus işğalından azad etmək üçün çox ciddi şəkildə çalışır.

2016-cı ildə aprel döyüşlərindən sonra bir daha buna əmin olmuşdular ki, Azərbaycan Ordusu böyük potensiala malikdir və müharibə başlasa, erməniləri darmadağın edəcək. Ona görə də sistemli şəkildə Azərbaycan Ordusunun döyüşkən fərdlərinə qarşı planladıqları cinayəti gerçəkləşdirməyə başladılar. Uydurma xəyanət ssenarisini ortaya atdılar, həmin ssenari üzrə ölkə rəhbərliyinə yanlış məlumatlar ötürüldü və ordumuza qarşı genişmiqyaslı cinayətin törədilməsinə başlandı.

“Tərtər işi” olduqca diqqətlə planlaşdırılmış cinayət idi. Bu cinayətin icrasında çox təəssüf ki, içimizdə olan əsl xainlər canfəşanlıq ediblər. Bu adamlara rəhbərlik etmiş Nəcməddin Sadıkov o zaman Müdafiə Nazirliyinin Baş Qərargah rəisi idi və vəzifəsindən çıxarılsa da, həbs olunmayıb. Korpus komandiri, işgəncələrə rəhbərlik edən Hikmət Həsənov bu gün azadlıqdadır. Azərbaycanı 44 günlük Vətən müharibəsində bu adamların və onlar kimilərin əli ilə uduzdurmaq üçün “Tərtər işi” planlaşdırılmışdı.

“Tərtər işi”ni planlayıb həyata keçirənlərin bir məqsədi olub - Azərbaycan Ordusunun döyüş qabiliyyətini aşağı endirmək, mübarizə ruhunu məhv etmək! Hərbçilərimiz ölümü seçiblər, amma təslim olmayıblar. Əgər onlar təslim olsaydılar, onlara işgəncə verənlərin diktəsi ilə hərəkət etsəydilər, bəlkə də 44 günlük müharibənin nəticəsi başqa cür olardı. Ona görə də “Tərtər işi”nin istintaqını aparan, bu iş üzrə qərar qəbul edən hər kəs tutduğu vəzifədən azad edilərək istintaqa cəlb olunmalıdır.

Bu gün bu işin alayarımçıq aparılması, icraçıların həbsi ilə məsələnin ört-basdır edilməsinə yol vermək olmaz. Bu iş Azərbaycanın gələcəyi üçün obyektiv istintaq olunmalıdır. Əks halda, bizi daha böyük bəlalar gözləyir. Bu gün Azərbaycan Ordusuna qarşı edilmiş cinayətə görə 1 nəfərin belə cəzasız qalmasına yol vermək olmaz. Bu işdə adı keçən vəzifəlilər - Nəcməddin Sadıkov başda olmaqla, hər kəs tutulub ən ağır cəzaya çatdırılmalıdır".

Telman Əbilov “Tərtər işi” üzrə məhkəmə qarşısına çıxarılanlarla bağlı məsələyə də toxunub: “Bu gün Sumqayıt Məhkəmə Kompleksində "Tərtər işi" üzrə 4 ayrı-ayrı qrupun işləri üzrə məhkəmə araşdırımaları gedir. Məhkəmə qarşısına çıxarılanlar icraçılardır. Bu işə görə həbsdə olan general Bəkir Orucov ən sonda həbs edilməli biri olub. Bu adam, sadəcə, cinayətlər haqda xəbərdar olub və qarşısını almaq üçün heç nə etməyib. Bəkir Orucov kim idi ki, Nəcməddin Sadıkova, hərbi prokuror Xanlar Vəliyevə söz deyə? Onun səlahiyyəti bir yana, heç bir imkanı da yox idi ki, əvvəldən planlaşdırılmış bir cinayətin qarşısını alsın. Bəkir Orucovdan əvvəl xeyli səlahiyyət sahibi var ki, həbsə alınmalıdırlar. Bu adamların bir çoxu bu gün vəzifədə ola-ola “Tərtər işi”ni qanunun tələb etdiyi tərzdə, tam, hərtərəfli, obyektiv araşdırmaq mümkün deyil! Xanlar Vəliyev vəzifədə otura-otura bu işi obyektiv aparmaq mümkün deyil. Ən azı bu iş üzrə istintaq getdiyi dövrdə Xanlar Vəliyev, Hikmət Həsənov və bu işdə adı keçən hər kəs tutduqları vəzifədən müvəqqəti də olsa uzaqlaşdırılmalıdırlar. Əks halda, Azərbaycan xalqına, Azərbaycan Ordusuna qarşı düzənlənən planlı “Tərtər işi”nin istintaqı alayarımçıq aparılacaq. Ən sonda tutulmalı şəxsləri önə verib bu işi bağlamaq cəhdi də yaxşı nəticələr verməyəcək. Azərbaycanın gələcəyi naminə “Tərtər işi”ndə cinayətə bulaşmış hər bir vəzifəli şəxs qanunla ən sərt cəzanı almalıdır. Bu işdə adı keçən hər bir istintaqçı, prokuror, dövlət ittihamçısı, hakimlər barəsində xüsusi qərardad çıxarılmaqla barələrində cinayət işi başlanmalı, həbsə alınmalıdırlar. Azərbaycan daxilindəki xainlərlə məsələni birdəfəlik bitirməlidir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.