Vardanyan Bakıya qandallı gətirilən son separatçı olmayacaq: - Siyahıdakı adlar
27-09-2023, 18:03

“Ruben Vardanyanın saxlanılması digər separatçılar üçün çox ciddi ismarışdır”.
Teref.az bildirir ki, bu sözləri Cebhe.info-ya açıqlama verən hərbi ekspert Ramil Məmmədli bildirib.
O deyib ki, bu, vaxtilə Azərbaycana qarşı cinayətlərdə-Xocalı, Qaradağlı və digər qətliamlarda iştirak etmiş erməni cinayətkarları üçün çox ciddi mesajdır:
“Bu, həm də onlar üçün qorxu yaradan məqamdır. Düşünürəm ki, məhz bu vəziyyət hazırda Qarabağın müxtəlif yerlərində gizlənən cinayətkarlar üçün də siqnal olacaq. Vardanyanın saxlanılıb Bakıya gətirilməsi Azərbaycanın hərbi üstünlüyünün səviyyəsinin göstəricisidir. Ümumiyyətlə, bu, Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak edən, onu alovlandıran hər kəsin taleyinin belə olacağına dair daha bir nümunədir”.
Ekspert vurğulayıb ki, Azərbaycan bütün xarici təhdidlərə və təzyiqlərə baxmayaraq, Ruben Vardanyan barəsindəki cinayət işini yekunlaşdıracaq:
“O, hakim qarşısına çıxarılacaq və işinə məhkəmədə baxılacaq. Əminəm ki, Vardayan layiqli cəzasını alacaq. Onunla yanaşı, digər cinayətkarların da tapılması və cəzalandırılması istiqamətində də işlər davam etdiriləcək. Bura Araik Arutyunyanı, Bako Saakyanı, Seyran Ohanyanı, Vitali Balasanyanı və digərlərini də aid edə bilərik. Biz Araik və Ohanyanın əmri ilə Qarabağ ərazisindən Bərdə, Tərtər, Gəncə və digər şəhərlərin yaşayış məntəqələrinə raket-artilleriya zərbələrinin endirilməsini unutmamışıq. Bunun nəticəsində günahsız dinc insanlar həlak olmuşdu”.
Ramil Məmmədli qeyd edib ki, Qarabağdakı cinayətkarların yerinin tapılması və saxlanılması istiqamətində çox ciddi əməliyyat tapşırıqları icra olunur:
“Ruben Vardanyan saxlanılaraq Bakıya gətirilən sonuncu separatçı olmayacaq və proses davam edəcək”.