İraqda toy mərasimində baş verən yanğın 100-dən çox insanın həyatına son qoyub
28-09-2023, 07:56

Rəsmilərin bildirdiyinə görə, İraqın şimalında xristian toy mərasiminin keçirildiyi zalda baş verən yanğın zamanı azı 100 nəfər ölüb, 150 nəfər yaralanıb. Məlumatda ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq edilib.
Rəsmilər yanğının İraqın Neynəva vilayətinin Həmdaniya bölgəsində baş verdiyini bildirib. Bu, əsasən xristianların yaşadığı, paytaxt Bağdaddan təxminən 335 kilometr şimal-qərbdə, Mosul şəhərindən bir qədər kənarda yerləşən şəhərdir.
Televiziya görüntülərində alovun şadlıq sarayına sıçradığını görmək mümkündür. Sağ qalanlar yerli xəstəxanalara çatdırılıb.
Neynəva vilayətinin səhiyyə departamenti ölənlərin sayını 114-ə çatdığını bildirib. Səhiyyə Nazirliyinin sözçüsü Seyf Əl-Bədr bir qədər əvvəl İraqın dövlət xəbər agentliyinə yaralıların sayının 150-yə çatdığını deyib.
"Bədbəxt hadisədən zərər çəkənlərə yardım göstərmək üçün bütün səylər göstərilir" - deyə, Əl-Bədr bildirib.
Baş nazir Məhəmməd Şia Əl-Sudaninin ofisinin onlayn açıqlamasında baş nazirin yanğınla bağlı təhqiqat aparılmasına göstəriş verdiyi və ölkənin daxili işlər və səhiyyə rəsmilərindən yardım istədiyi deyilib.
Neynəva vilayətinin qubernatoru Nəcim Əl-Cuburi yaralıların bəzilərinin regional xəstəxanalara çatdırıldığını bildirib və yanğın nəticəsində ölənlərin sayının hələ də arta biləcəyi barədə xəbərdarlıq edib.
amerikaninsesi