İsğalçı Ermənistana yeni xəbərdarlıq

19-03-2023, 09:58           
İsğalçı Ermənistana yeni xəbərdarlıq
Bu gün artıq Türk Dövlətləri Təşkilatının regional güc mərkəzinə çevrildiyini demək olar. Təşkilatın beynəlxalq siyasi proseslərə təsir imkanları getdikcə artır. Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşündə müzakirə olunan və əldə edilən nəticələr də bunu deməyə əsas verir. Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə əlaqədar dövlətimizin başçısı qardaş ölkəyə bir daha dəstəyini nümayiş etdirdi. Bununla bütün Türk dünyasına, ayrı-ayrı Türk dövlətlərinə veriləcək dəstək ifadə olunub.
Azərbaycan ilk gündən qardaş ölkənin yanında oldu, dəstəyini əsirgəmədi, fəlakət zonasına yardımlar yola salındı, xilasedicilər, həkimlər göndərildi. Mehriban xanım Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən də zəlzələdən ziyan çəkənlərə yardımlar çatdırıldı. Bu nəcib missiya Fond tərəfindən bu gün də davam etdirilir. Vətəndaşlarımız da aktivliyini xüsusi olaraq qeyd etmək lazımdır. Bu barədə Zirvə görüşündə çıxışı zamanı dövlətimizin başçısı ətraflı danışdı, bu nümunənin başqa ölkələrdə inkişaf etdirilməsini tövsiyyə etdi. Prezidentimiz dişər önəmli məsələlərlə yanaşı qardaş Türkiyənin 44 günlük müharibədə Azərbaycana verdiyi dəstəyi də xüsusi olaraq vurğuladı. Bildirdi ki, 2020-ci ildə müharibənin ilk saatlarından başlayaraq son günə qədər Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Prezident İlham Əliyev qeyd etdi ki, 2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmaqla əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırıldı.
Prezident İlham Əliyev Zirvə görüşündə bir daha işğalçı Ermənistana xəbərdarlıq mesajının ünvanlayaraq bildirdi ki, Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir. Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir.


İlqar Əliyev - Dövlət İdarəçilik Akademiyası












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.