Qlobal enerji təhlükəsizliyinin təminatında əsas söz sahibi

2-06-2023, 15:38           
Qlobal enerji təhlükəsizliyinin təminatında əsas söz sahibi
Mayın 31-də öz işinə başlayan Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimində dövlət başçısı İlham Əliyev bir daha bu reallığı diqqətə çatdırdı ki, 1994-cü ildən başlayaraq Xəzər Neft-Qaz Sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə kömək edir. 1994-cü il Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının başlanğıc ili idi. “Əsrin müqaviləsi”nin imzalanması uğuru, dayanıqlı inkişafı, iqtisadi müstəqilliyi və nəticədə siyasi müstəqilliyi təmin edə biləcək yeganə addım idi. Bu saziş ölkəmizdəki vəziyyəti tamamilə dəyişdi, investisiyaların cəlb edilməsinə imkan yaratdı, iqtisadi sabitliyi və Azərbaycanın firavan gələcəyini təmin etdi.
Azərbaycan daim malik olduğu təbii resurslara, eyni zamanda, yerləşdiyi coğrafi məkana görə dünyanın diqqətində olub. Bu diqqət ayrı-ayrı dövrlərdə tamamilə fərqli olub. Belə ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurmaq istəyən dövlətlərin, şirkətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra vəziyyət tamamilə dəyişdi. Azərbaycanın qısa müddətdə ölkə daxilində sabitliyi və normal biznes mühitini təmin etməsi respublikamızla iqtisadi əlaqələrin qurulmasında və inkişaf etdirilməsində maraqlı olan dövlətlərin sayının artmasına şərait yaratdı. Nəticədə Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi.
Azərbaycanın neft-qaz sektorunda imkanları ildən-ilə genişlənir, yeni layihələrin icrası gündəmə gətirilir. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 29 ilə yaxın dövrdə əldə olunan uğurlara diqqət yetirsək, Azərbaycana artan inamın fonunda mühüm layihələrin həyata keçirildiyini görərik. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi dünyaya açılan pəncərə kimi dəyərləndirildi. Artıq bu pəncərənin açılması ilə növbəti layihələr üçün stimul yarandı. Bu gün artıq Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin olunmasında artan rolundan, Cənub Qaz Dəhlizinin uğurlarından, eyni zamanda, bizimlə əməkdaşlıq edən dövlətlərin coğrafiyasının genişləndirilməsindən bəhs edirik.
Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, “yaşıl enerji” təchizatçısına çevrilməyi planlaşdırır. Xəzər dənizinin Azərbaycan sektorundan əldə olunacaq külək enerjisinin ötürücü xətlər və Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Avropa bazarlarına nəqli nəzərdə tutulur. Bu layihə çərçivəsində ən azı 4 qiqavat “yaşıl enerji”nin Avropaya nəqli planlaşdırılır. Dövlət başçısı İlham Əliyev ötən sərgidən keçən dövr ərzində enerji sektorunda qazanılan uğurlar sırasında bu ilin aprelində Sofiyada əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanmasını da qeyd etdi. Bu, “Həmrəylik Halqası” adlandırılan layihədir. Bu, elə bir layihədir ki, orada əlavə interkonnektorlar inşa ediləcək.
Bu gün həyata keçirilən uğurlu enerji siyasəti Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsinin iştirakçılarına müraciətində belə bir əminliyi ifadə etmişdir ki, Bakı Enerji Həftəsi enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi üzrə qlobal əməkdaşlığa dair dialoqu daha da gücləndirəcək. Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışındakı çıxışının sonunda dövlət başçısı qeyd etdi ki, növbəti toplantı gələn il fevral ayında Bakıda keçiriləcək. Artıq yeni iştirakçılarımız, yeni ideyalarımız, planlarımız var. Bunları reallaşdırdıqca bütün işlər uğurla gedəcək.


Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.