Putin hərbi xidmətə payız çağırışı ilə bağlı fərman imzalayıb
30-09-2023, 14:45

Vladimir Putin icbari hərbi xidmətə payız çağırışı ilə bağlı fərman imzalayıb. Bu il Rusiyada 18-27 yaş arası 130 min nəfərin orduya çağırışı planlaşdırılır.
2023-cü ilin payız hərbi çağırışı oktyabrın 1-dən dekabrın 31-dək Ukraynanın qismən işğal olunmuş bölgələri və ilhaq edilmiş Krım da daxil olmaqla, Rusiyanın bütün regionlarında keçiriləcək.
Hərbi xidmətə çağırılanlar beş gün müddətində beynəlxalq pasportlarını Daxili İşlər Nazirliyinə təhvil verməlidirlər. Hərbi qulluqçular hərbi xidmətini başa vurduqdan sonra sənədləri geri qaytarılacaq.
Bundan əlavə, onlar səfərbərlik və hərbi vəziyyət dövründə bir ildən artıq müddətdə hərbi xidmət keçmək üçün müqavilə bağlaya biləcək. Həmçinin çağırış vərəqələri verilən gündən sonra hərbi xidmətə çağırılan rusların Rusiya Federasiyasından çıxması qadağan ediləcək.
Hərbi qeydiyyatdan keçmək üçn çağırış məntəqəsinə gəlməyənlər 30 min rubla qədər cərimələnəcək.
Bu orduya çağırış kampaniyası yuxarı çağırış yaşının 27 ilə məhdudlaşdırılacağı sonuncu çağırış olacaq. 2024-cü ildən yuxarı çağırış yaş həddi 30 yaşa qədər artırılacaq.
Bu arada, Dövlət Duması hərbi xidmətə çağırış yaşının aşağı həddinin 18-dən 21-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini rədd edib.
2022-ci ildə hərbi çağırış kampaniyası bir ay sonra, noyabrın 1-də Putinin "qismən" səfərbərlik elan etməsi səbəbindən başlayıb. Keçən ilin payız çağırışı zamanı ordu sıralarına 120 min əsgər cəlb olunub.