“Atam rektorun kabineti qarşısında dünyasını dəyişməyib” - ADPU-nun mərhum əməkdaşının oğlundan İLGİNC AÇIQLAMALAR

23-04-2019, 12:52           
“Atam rektorun kabineti qarşısında dünyasını dəyişməyib” - ADPU-nun mərhum əməkdaşının oğlundan İLGİNC AÇIQLAMALAR
Azərbaycan Müəllimlər İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birləşdirilməsindən, həmçinin Azərbaycan Turizm və Menecment Universitetinin keçmiş rektoru, professor Cəfər Cəfərovun 23 iyun 2016-cı ildə bu ali təhsil ocağına rektor təyin olunmasından sonra bu təhsil ocağında narazılıqlar səngimir.

Buna səbəb rektor professor Cəfər Cəfərovun universitetin kadr potensialını gücləndirmək məqsədilə apardığı islahatlar və həmin islahatlar çərçivəsində həyata keçirilən kadr dəyişiklikləri və ixtisarlardır.

Bu haqda vaxtaşırı dövri mətbuatda yazılar dərc olunur. İşdən azad olunan pedaqoqlar rektora qarşı bir sıra ittihamlar irəli sürür, özəlliklə də onu yeni təyinatından öncə rektoru olduğu Turizm və Menecment Universitetindəki komandası üçün ADPU-da “turizm bölgəsi” yaratmaqda suçlayırlar.

Mətbuatda yer alan məlumata görə, universitetin qocaman müəllimi, 65 yaşlı Arzu Əliyev işdən azad olunduğu xəbərini eşidəndən sonra rektorun kabineti qarşısında ürək tutmasından dünyasını dəyişib.

Sözügedən olaya aydınlıq gətirmək üçün mərhum pedaqoqun oğlu, atasının ölümündən sonra ADPU-da şöbə müdiri vəzifəsinə təyin olunduğu iddia edilən Rüfət Əliyevə müraciət etmişik. Onunla söhbətimizi “Hürriyyət” in oxucularına təqdim edirik:

- Atanızın ölümü ilə bağlı mətbuatda müəyyən fikirlər səslənir. Keçmiş əməkdaşlar iddia edir ki, atanız işdən azad edildiyi üçün rektorun kabineti qarşısında dünyasını dəyişib. Bu haqda nə deyə bilərsiniz?

- Əvvəla, deyim ki, bu söhbət mənə çox pis təsir edir, məni çox sarsıdır. Bu ağ yalandır. Əslində atam rektoratın qarşısında dünyasını dəyişməyib. Bundan əlavə, onun vəfatının işdən azad edilməsi ilə heç bir əlaqəsi yoxdur. Atamın səhhəti ilə bağlı ciddi problemlər vardı, ikinci qrup əlil idi. Ölümünə səbəb də elə bu oldu.

Bilmirəm nə səbəbə köhnə əməkdaşlar onun adından isifadə edir, onun adını hallandırır, amma o şəxslərin bizim ailəmizə heç bir aidiyyatı yoxdur, onlarla şəxsi tanışlığımız belə yoxdur.

Onun ailəsi var, anam sağdır, mən varam, bacım var. Deyilənlər doğru olsaydı, təbii ki, susmazdıq. Sözügedən məsələni araşdırardıq, aidiyyati qurumlara müraciət edərdik, mətbuata çıxardıq. Biz heç bir tədbir görməmişiksə, demək belə bir şey olmayıb. Yəni atam öz əcəli ilə dünyadan köçüb.

- Bəs bu halda nə üçün atanızın ölümü ilə bağlı mətbuata iki ildir açıqlama verən həmin insanlara etirazınızı bildirmədiniz və yalnız bu gün danışmağı məqsədəuyğun hesab etdiniz?

- Açığı, ailəmiz bu söz-söhbətdən uzaq qaçırdı, çünki hər dəfə bu mövzu çözüləndə çox pis olurduq. Yalan məlumat yayan şəxslərlə tanışlığımız olmadığından onlara etirazımızı bildirmək imkanımız yox idi, özlərinin anlayış göstərib geri çəkiləcəyini düşünürdük. Amma belə davam etsə, həmin adamlarla məhkəmədə danışmağa məcbur olacağıq. Çünki bu yalan məlumatlar bizi qıcıqlandırır, onlar atamın ruhunu incidir, onun rahatlığını pozur, biz artıq buna dözə bilmirik.

İki ildir ki, atam bizimlə yoxdur. Amma hələ də adı hallandırılır. Əsas da odur ki, verilən məlumatlar həqiqəti əks etdirmir. Bu üzdən artıq səbr kasamız daşıb, son həddə çatmışıq. Bu qədər yalan olmaz axı. Əgər kiminləsə problemləri varsa, öz adlarından desinlər, atamı bu məsələlərə qatmasınlar.

- Bildiyimizə görə, siz ADPU-nə şöbə müdiri vəzifəsinə təyin olunmusunuz. Bu təyinat atanızın vəfatından əvvəl, ya sonra olub?

- Mən atam dünyasını dəyişməzdən əvvəl bu vəzifəyə təyin edilmişdim. İşdən azad olunmağımla bağlı söhbətlər də yalandır. Mən heç vaxt işdən azad olunmamışam. 12 ildən çoxdur ki, ADPU-də çalışıram. Əvvəllər universitetimizdə, texnik, proqramçı vəzifələrini icra etmişəm, hazırda texniki təminat şöbəsinin müdiriyəm.

Atam uzun illər sözügedən universitetdə işləyib, mən də işləyirəm. Bizə qarşı burda heç vaxt heç bir haqsızlıq olmayıb, heç bir problemlə qarşılaşmamışıq. Bu gün də hər şey qaydasındadır.
Hurriyyet.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.