1995-Cİ İLİN MART QİYAMININ TƏFƏRRÜATLAR - Azərbaycana elmi-tədqiqat məqsədilə gələn F.Dəmirkol ölkəni ifşa olunmuş xəfiyyə kimi tərk etdi

17-09-2019, 19:52           
1995-Cİ İLİN MART QİYAMININ TƏFƏRRÜATLAR - Azərbaycana elmi-tədqiqat məqsədilə gələn F.Dəmirkol ölkəni ifşa olunmuş xəfiyyə kimi tərk etdi
“Çevriliş cəhdinə MİT-in rəis müavini şəxsən rəhbərlik edirdi”

Elçin QƏMBƏROV, vəkil

(İkinci məqalə)

“Fərman Dəmirkol elm adamı kimi gəlib, ifşa olunmuş xəfiyyə kimi getdi”

Azərbaycan həmişə, müstəqillikdən sonra isə xüsusi doğmalıqla Türkiyəyə can atırdı. Bunun əsasını sovet dövründən miras qalmış romantizm hissləri təşkil edirdi. Azərbaycan hələ “azad dünyanın” dərslərini keçməmişdi. Əksinə, kapitalizm “məhsulu” olan Türkiyə “qardaşlıq” məsələlərinə daha praqmatik, “böyük qardaş” statusundan yanaşırdı.

20 sentyabr 1994-cü il tarixində bağlanmış “Əsrin müqaviləsi” Azərbaycan üçün, ilk növbədə dövlətçilik, müstəqillik, geosiyasi, sonra isə iqtisadi aspektdən mühüm əhəmiyyət kəsb edirdi.

“Azəri-Çıraq-Günəşli” yataqlarına dair “Əsrin müqaviləsi”nə müvafiq olaraq, Türkiyə 1,7% paya malik idi. Bu da Türkiyənin bəzi nüfuzlu qüvvələrinin narazılıq və narahatlığına səbəb olmuşdu. Bu qüvvələr öz korporativ maraqlarını dövlət mənafeyindən üstün tuturdu. Onlar dərk etmir, yaxud etmək istəmirdilər ki, bu müqavilə Azərbaycan üçün iqtisadi məqsəd deyil, real müstəqilliyə doğru bir vasitədir.

Türkiyənin dövlət maraqları tələb edirdi ki, 20% torpağı işğal olmuş, 1 milyondan çox məcburi köçkünü olan, qarşıdurmalarla parçalanan, “canavarlar” əhatəsində olan, o cümlədən ona yeganə hərtərəfli yaxın olan gənc respublika ayağa qalxıb möhkəmlənsin və Turkiyənin özünə sanballı müttəfiq olsun.

“Əsrin müqaviləsi” ilk addım idi, ardınca Bakı-Tiflis-Ceyhan kəməri, yeni neft və qaz yataqları və digər qlobal layihələr gəlirdi.

Amma Türkiyənin korporativ qüvvələri tələsirdilər və nəyin bahasına olursa olsun, tez və çox paya yiyələnmək istəyirdilər. Bunun da müəyyən səbəbləri var idi. Tansu Çillər hökumətinin perspektivləri optimistlikdən uzaq idi və ona iqtisadi və siyasi dividendlər lazım idi. Qlobal layihələr – qlobal gəlir deməkdir.

1994-1995-ci illərdə Türkiyə və Azərbaycan arasında gedən müxtəlif səviyyəli rəsmi danışıqlarda Türkiyə tərəfinin israrı ilə bu məsələnin bəzi hallarda diplomatik etiketdən uzaq tərzdə müzakirə olunmasına baxmayaraq, payı 5%-ə qədər qaldırmaq mümkün olmurdu.

T.Çillər hökuməti hesab edirdi ki, diplomatiyanın effekt verməsi üçün güc nümayiş etdirilməli, yaxud da tərəf müqabili devrilməlidir.

Baş nazirin çevrəsində olan xüsusi xidmət orqanlarının bəzi rəhbərləri aktivləşərək, arsenallarında olan “konservləşdirilmiş” agentlərini, qeyri-leqal agenturanı, diplomatik “dam” altında fəaliyyət göstərən “leqal” kəşfiyyatçılarını, birdəfəlik istifadə olunan casuslarını Azərbaycanda qanuni prezidentin devrilməsinə “səfərbər” etmişdi. Lakin onlar məğlubiyyətə məhkum idi, çünki Azərbaycanda yaranmış vəziyyəti dəyərləndirəndə, Heydər Əliyev faktorunu dərk etməmişdilər.

Bir dəfə Napoleon az qüvvə ilə Avstriyanın üstün qüvvələri üzərində qələbənin səbəbini belə izah etmişdi: “Onların komandanı qarşısında öz səviyyəsinə uyğun komandan görürdü, mən isə Napoleonu görürdüm”.

Bəzən yazırlar ki, Heydər Əliyev “KQB” sistemindən çıxıb və bunu qəbahət kimi qələmə verirlər. Əksinə, qeyd etmək lazımdır ki, Azərbaycanda “KQB”nin əks-kəşfiyyat tarixində H.Əliyev milli kadr kimi ilk rəhbəri olmuş, general rütbəsinə qədər çataraq, “KQB”yə rəhbərlik etmişdir. “KQB” isə dünya tarixində ən effektiv xüsusi xidmət orqanı olmuşdur. Sovet sistemində belə yüksək vəzifələrə çatmaq üçün milli kadr fövqəladə tələblərə 3-4 qat artıq cavab verməlidir.

XX əsrin son 50 ilində xüsusi xidmət orqanlarının rəhbərindən dövlət rəhbərinə qədər yüksələn üç nəfər olub: Yuri Andropov, Corc Buş (ata) və Heydər Əliyev.

Dövlət çevrilişini xüsusi xidmət orqanları hazırlayır, silahlı qüvvələr həyata keçirir, siyasi təşkilatlar isə fon yaradır.

Azərbaycanda dövlət çevrilişi əsaslı şəkildə hazırlanmışdı və Türkiyə xüsusi xidmət orqanlarının geniş spektri bu işə cəlb olunmuşdu. Əməliyyata operativ rəhbərliyi MİT rəisinin müavini, general Yalçın Ərtan həyata keçirirdi. Onunla Rövşən Cavadov arasında əlaqələndirici Türkiyə və Avstriya vətəndaşı Kənan Gürel idi. Yalçın Ərtan çevriliş ərəfəsində Azərbaycana 5 nəfərdən ibarət dəstəsini göndərmişdi.

Xüsusi ötürücü cihazlarla təmin olunmuş bu şəxslər respublikanın müxtəlif regionlarında yerləşdirilmişdir: Qazaxda – Yener Aksu, Qusarda –Ayhan Yaşar, Şəkidə –Ayhan Səlim, Lənkəranda – Sadik Ulikan, Gəncə-Bakıda – Gediz Yüsel.

Çevrilişin hazırlıq işlərində Türkiyə səfirliyi aktiv şəkildə iştirak edirdi. Səfir Altan Karamanoğlu, hüquq müşaviri Ərtoğrul Güvən, dini müşavir Əbdülqadir Sezgin, hərbi attaşe general Əngin Alan, mətbuat attaşesi Turqut Ər, Türkiyə iqtisadi inkişaf Agentliyinin Azərbaycan nümayəndəsi Sinan Oğan, səfirliklə R.Cavadovun əlaqələndirici isə Fərman Dəmirkol idi.


( Altan Karamanoğlu)

Onlar müxtəlif istiqamətlərdə fəaliyyət göstərirdi: məqsəd hərbi və siyasi müxalifətin birliyini təmin etmək, çevrilişə dəstək bazası yaratmaq, ona müttəfiq toplamaq, informasiya və dezinformasiya dəstəyini yaratmaq, çevrilişin liderlərinə psixoloji təsir göstərib, onları ruhlandıraraq, aktiv fəaliyyətə təhrik etmək, yeni hakimiyyət formalaşdırmaq və s. tapşırıqları həyata keçirmək idi.

Çevrilişin hazırlanması və həyata keçirilməsində üzdə olan iki şəxs xüsusi fəallıqla seçilirdi. Bu, Fərman Dəmirkol və Kənan Gürel idi.

Fərman Dəmirkol 1951-ci ildə İğdır vilayətində doğulub, İstanbul Universitetinin hüquq fakültəsini bitirib, sonralar isə orada müəllim işləyib, hüquq elmləri doktorudur.

1990-cı ilin əvvəllərində elmi araşdırmalar adı ilə Türkiyə xüsusi xidmət orqanları tərəfindən Azərbaycana göndərilib. Yalnız Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra F.Dəmirkolun “ulduzu” parlamağa başladı. 1 iyul 1992-ci il tarixində Ali Sovetin sədri İsa Qəmbərovun sərəncamı ilə F.Dəmirkol Ali Sovetin katibliyinə ekspert vəzifəsinə təyin edildi. Respublika prezidenti Əbülfəz Elçibəyin 15 may 1993-cü il tarixli fərmanı ilə F.Demirkol Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildi. F.Dəmirkolun hansı səviyyədə himayə olunduğunu təsəvvür etmək çətin deyil. Məsələ F.Dəmirkolun şəxsiyyətində deyil. AXC hakimiyyəti dövründə Azərbaycan sürətlə Türkiyənin satellitinə çevrilirdi.

Türkiyənin təsirini dövlətin strateji strukturlarında görməmək mümkün deyildi. Burada Türkiyənin günahı yoxdur. Mövcud hakimiyyət özünü o yerə qoymuşdu ki, Türkiyənin xüsusi xidmət orqanlarından, hərbi dairələrdən, millətçi hərəkatçılardan gələn “tövsiyələr” dərhal icra edilirdi. Belə bir deyim var: gizli xəfiyyələr aşkar olunanda tanınır. F.Dəmirkolun himayə nümunəsi təsdiq edir ki, Türkiyə xüsusi xidmət orqanları əsaslı şəkildə Azərbaycanda özünə yer eləmişdi.

Dövlətlərarası ən yaxın, ən səmimi münasibətlər özəl maraqları inkar etmir. ABŞ-İsrail münasibətləri, onların bağlılığı hamıya bəllidir. Amma Federal Təhlükəsizlik Xidməti ABŞ vətəndaşı, yəhudi əsilli Conatan Pollardı İsrailin gizli xəfiyyəsi kimi ifşa edəndə, ona ömürlük həbs cəzası veriləndə, ABŞ öz maraqlarını müttəfiqdən yaxın olan İsraillə münasibətlərdən üstün tutdu. Bu sözlər İsrailə də aiddir.

F.Dəmirkolla bağlı sual yaranır: F.Dəmirkol hansı nailiyyətlərinə görə Ali Sovetdə, dövlətin qanunvericilik orqanında məhsul vəzifəyə təyin olunmuşdu? Onu kim və hansı məqsədlə spikerə təqdim etmişdi?

F.Dəmirkol öz ifadəsində təkrar-təkrar elm adamı olduğunu göstərirdi. Amma elmi hüquq sahəsində nəinki beynəlxalq, heç Türkiyə miqyasında belə önəmli bir mütəxəssis kimi tanınmır. Niyə tanınmış alimlərimiz, istedadlı gənclərimiz bir kənarda qalaraq, orta səviyyəli mütəxəssis qanunvericilik sahəsində bizə məsləhətlər verməliydi?

Lakin onun missiyası Azərbaycanın dövlət strukturlarında, ictimai-siyasi, hərbi, elmi dairələrində geniş əlaqələr, həmin dairələrdən “zəif bəndləri” seçib, agentura şəbəkəsi yaratmaq idi.

Bundan başqa, F.Dəmirkol bəzi ictimai-siyasi, hərbi, elm xadimlərini Türkiyənin təsir dairəsinə salmağa çalışır və buna müəyyən qədər nail olmuşdu.

1994-cü il 02-04 oktyabr tarixli Sürət Hüseynov – Rövşən Cavadov qiyamının məğlubiyyətindən sonra Türkiyə xüsusi xidmət orqanları revanş məqsədilə yenə də “OMON” kartını daha hazırlıqlı, mükəmməl istifadə etmək istəyirdi. Bu məqsədlə 1994-cü ilin dekabr ayında F.Dəmirkolun təşkilatçılığı ilə sabiq xarici işlər naziri Tofiq Qasımov, sabiq dövlət müşaviri Rasim Musabəyov, Azərbaycan Ensiklopediyasının direktoru İsmayıl Vəliyev Azərbaycan Strateji Araşdırmalar Mərkəzini (ASAM) təsis etdilər. Təsis sənədlərinin hazırlanmasını R.Musabəyov öz üzərinə götürmüşdü.

ASAM-ın iclasları, mütəmadi olaraq, Türkiyə səfirliyinin din müşavirliyində, müşavir Əbdülqədir Sezginin iş otağında, Azərbaycan Ensiklopediyasının binasında keçirilirdi.

ASAM-ın fəaliyyətində Dünyamalı Vəliyev, Nəsib Nəsibzadə, Rövşən Cavadov, Sinan Oğan, Ərtoğrul Güvən, Əbdülqədir Sezgin, Kənan Gürel, Sabit Bağırov aktiv iştirak edirdilər.

F.Dəmirkol başa düşürdü ki, tək Rövşən Cavadov heç nəyə nail ola bilməz. Buna görə də o, Dövlət Şurası yaratmaq fikrinə düşdü.

Dövlət Şurasının beş nəfərdən ibarət olması nəzərdə tutulurdu. Əbülfəz Elçibəy, Ayaz Mütəllibov, Rövşən Cavadov, Cahangir Müslümzadə və… Fərman Dəmirkol. İştah yemək əsnasında gəlir. F.Dəmirkolun iddiaları get-gedə artırdı.


(Turqut Ər)

F.Dəmirkol bütün fəaliyyəti, görülən işlər barədə müntəzəm olaraq səfir Karamanoğlunu məlumatlandırırdı. Ondan başqa, F.Dəmirkol hərəkətlərini Ə.Güvənlə, Ə.Sezginlə, T.Ərlə, Ə.Alanla koordinasiya edirdi. Onlar isə, öz növbəsində, F.Dəmirkolu təlimatlandırır, dövlət çevrilişinin uğurlu alınması üçün müzakirələr, fikir mübadilələri aparırdılar. Misal üçün, öz ifadəsində F.Dəmirkol göstərir ki, Ayaz Mütəllibovun tərəfdarlarının aktivləşməsilə, Cavadovu öz təsiri altına salmasından narahat olaraq, o, səfirliyə gələrək bu barədə Turqut Ərə və Əngin Alana məlumat verdi və xahiş etdi ki, bu işi ciddiyə alsınlar.

1995-ci ilin 4-5 mart tarixində F.Dəmirkol Kələkiyə gəlib, Ə.Elçibəylə görüşmüşdü. Görüşdə iştirak edən Fərəc Quliyev öz ifadəsində göstərir ki, Fərman Dəmirkol dedi: “Hakimiyyəti ələ almaq üçün biz artıq hər bir işi görmüşük, adamlarımızı respublikanın bütün regionlarında yerləşdirmişik, yerlərdə “Sputnik” telefon rabitələrimiz var, əlaqələrimiz genişdir, bir neçə gün ərzində onlar zor gücünə hakimiyyəti devirəcək və koalision dövlət şurası yaradacaqlar”.

Qiyamın yatırılmasından sonra Altan Karamanoğlu Fərman Dəmirkolla telefon danışığında deyib ki, mənzildən bayıra çıxmasın və Prezident Heydər Əliyevlə onun barəsində gedən danışıqların nəticəsini gözləsin. Türkiyə tərəfi Dəmirkolun cinayət məsuliyyətindən azad edilməsi üçün böyük səylər göstərirdi. 27 mart 1995-ci il tarixində Türkiyə Baş Nazirliyinin təyyarəsi ilə F.Dəmirkol Azərbaycanı tərk etdi. Beləliklə, Azərbaycana elmi-tədqiqat məqsədilə gələn F.Dəmirkol ölkəni ifşa olunmuş xəfiyyə kimi tərk etdi.

(Davamı var)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.