Məmurların gəlir deklarasiyası: Qanunu kimlər gecikdirir? - GƏLİŞMƏ

21-10-2019, 09:15           
Məmurların gəlir deklarasiyası: Qanunu kimlər gecikdirir? - GƏLİŞMƏ
Azərbaycanda büdcə vəsaitləri şəffaf formada xərclənmir, ölkədə korrupsiya və rüşvətxorluq mövcuddur.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti yanında keçirilən iqtisadi müşavirədə Prezident İlham Əliyev ölkənin iqtisadi inkişafının qarşısında başlıca əngəl olan bu məsələlərdən də danışıb:

“Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin. Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz.

Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq. Özü də təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyətı orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər. Vətəndaşlar da öz növbəsində məlumat verməlidir, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq”. İlham Əliyev maliyyə naziri Samir Şərifovdan makro-iqtisadi göstəricilərlə bağlı verilən proqnozların özünü nə dərəcədə doğrultduğunu soruşub: “Əsasən, neçə faiz özünü doğruldur? Siz gərək bunu dəqiq biləsiniz və kimsə bunun uçotunu aparmalıdır. Çünki hər il sizin verdiyiniz proqnozlar əsasında biz öz planlarımızı qururuq. Amma sonra həmin ilin yekunları müzakirə olunarkən verdiyiniz proqnoz kənarda qalır. Ona görə biz bilməliyik proqnoz nə qədər dəqiqliklə verilir ki, biz də ona uyğun olaraq öz planlarımızı quraq”.

Məlumdur ki, korrupsiya və rüşvətxorluğun qarşısının alınması, büdcə vəsaitlərinin şəffaf formada xərclənməsinə nəzarət üsullarından biri də gəlir deklarasiyası haqqında qanunvericiliyin olmasıdır. Dövlət məmurlarının hər birinin gəlirləri cəmiyyətə açıqlanarsa, o zaman dəbdəbəli villaların, xaricdəki mülklərin bahalı qol saatlarının, xaricdə istirahətin bir günü üçün xərclənən vəsaitlərin haradan əldə edilməsi ilə bağlı suallar yaranacaq. O zaman sosial-iqtisadi sahənin inkişafına ayrılan milyonların proqnozlaşdırılandan dəfələrlə aşağı səviyyədə səmərə verməsinin səbəbləri üzə çıxacaq.

Ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında gəlir deklarasiyası haqqında qanunun qəbulunun çoxdan aktual olduğunu bildirib:

“Xüsusən də dövlət məmurları, onların ailə üzvləri gəlir və xərc deklarasiyası verməlidir. Əks halda, korrupsiya ilə mübarizə aparmaq qeyri mümkündür. Bilinməlidir ki, onlar nə qədər gəlir əldə edə edib, nə qədər xərcləyib, nə qədər də ölkədən çıxarıblar. Bununla yanaşı, həm də dövlət büdcəsi şəffaf olmalıdır, xüsusilə də onun xərclərlə bağlı olan hissəsi. Bunun üçün də yerli icra hakimiyyətindən başlayaraq, büdcə vəsaiti ayrılan hər bir dövlət qurumu şəffaf formada maliyyə hesabatlarını cəmiyyətə açıqlamalıdırlar.

Hər bir qurumun internet saytı var, orada xərclər göstərilməlidir. Burada yalnız dövlət əhəmiyyətli məsələlər ola bildiyinə görə Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi istisna təşkil edə bilər. Digərləri bunu niyə gizlətməlidirlər - dəftərxana xərcindən tutmuş bütün vəsaitlər açıqlanmalıdır. Bu zaman adi qələmin, kağızın öz qiymətindən bir neçə dəfə yüksək qiymətlərə qeydə alındığı və ya bir yolun təmiri üçün dəfələrlə vəsaitin ayrıldığı üzə çıxacaq və s”.

Əkrəm Həsənov dövlət vəsaitinin xərclənməsində ictimai nəzarətin olmasının vacib olduğunu deyir:

“Prezidentin vurğuladığı bir məqam mənim çox xoşuma gəldi. O dedi ki, ictimai nəzarət funksiyasını yalnız dövlət orqanları yox, bütün cəmiyyət, vətəndaşlar həyata keçirməlidirlər. Əvvəla, dövlət orqanlarının nəzarət etməyə imkan və vaxtları yoxdur, ikinci tərəfdən isə onlara müraciət etməklə də bu məsələni həll etmək olar. Maliyyə xərcləri açıq formada iinternet saytlarında yerləşdirilsə və hər birimizin ona baxmaq imkanı olarsa, bu kimi halların qarşısı alınır”.

Gəlir deklarasiya haqqında qanunun qəbulu niyə gecikir? İllərdir müzakirə predmeti olmasına baxmayaraq, bu məsələ öz həllini niyə tapmır?

Əkrəm Həsənov deyir ki, Azərbaycanda bir neçə məsələ ilə bağlı qanunların qəbulu gecikir:

“Problem ondandır ki, Azərbaycanda qanunları müstəqil formada hazırlayacaq institut yoxdur. Hər bir dövlət qurumu özünə aid olan qanunu özü hazırlayır. Onlar da qəsdən həmin qanunları hazırlamırlar. Məsələn, tapşırıq verilir ki, Bank Məcəlləsi hazırlansın - bunu Bank sahəsinə rəhbərlik edən dövlət qurumu hazırlamalıdır. Amma hazırlamırlar, çünki bu Məcələnin hazırlanması onların ciblərinə ziyan vuracaq. Və ya Prezident aprel ayında tapşırıb ki, məhkəmə iclaslarının audio yazısının aparılması haqqında qanun hazırlansın - hüquq mühafizə orqanları bunu ona görə hazırlamırlar ki, onların maraqlarına ziddir. Qanunsuz tikililərin leqallaşdırılması haqqında Dövlət Əmlak Komitəsi qanun hazırlamalıdırlar. Bu zaman axı Komitə korupsiya ilə məşğul ola bilməyəcək. Bu kimi qanunların hazırlanması maraqlarına zidd olduğu üçün məmurlar özləri buna mane olurlar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.