Bu, gələn ildən sıfra endiriləcək - Rövnəq Abdullayev

13-12-2019, 10:02           
Bu, gələn ildən sıfra endiriləcək - Rövnəq Abdullayev
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gələn ildən platformalarında səmt qazının yandırılmasını sıfra endirməyi planlaşdırır.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev “S&P Global Platts”a müsahibəsində bildirib.

SOCAR-ın prezidenti qeyd edib ki, şirkət neft hasilatında səmt qazının şamda yandırılmasının məhdudlaşdırılması daxil olmaqla, ətraf mühit siyasətindən iqtisadi mənfəət əldə edib: “Platformalarımızda səmt qazının şamda yandırılmaq əvəzinə toplanılması nəticələri kifayət qədər nəzərəçarpandır. Bu, həm ətraf mühitin qorunması, həm də SOCAR üçün əlavə gəlir mənbəyi olmaq baxımından əlverişlidir”.

O deyib ki, SOCAR-ın platformalarında toplanmış səmt qazının həcmi ümumi illik qaz hasilatının 15%-ni təşkil edir. R.Abdullayevin sözlərinə görə, 2020-ci ildən etibarən səmt qazının yandırılmasının sıfra endirilməsi planlaşdırılır. “Gələn ildən etibarən SOCAR-da səmt qazının yandırılması sıfra endiriləcək. Bu, 2030-cu ilədək səmt qazının yandırılmasının sıfra endirilməsi təşəbbüsündə iştirak edən digər şirkətlərlə müqayisədə bizə üstünlük verəcək. Elə bu misaldan da göründüyü kimi, ekoloji proqram həm istehsalat, həm də biznes dayanıqlılığına töhfə ola bilər. Davamlılıq bir şirkət olaraq bizim üçün daha əhəmiyyətli olmağa başlayıb”,- SOCAR prezidenti əlavə edib.

R.Abdullayev vurğulayıb ki, Avropa Komissiyasının sifarişi ilə aparılmış tədqiqatların nəticələrinə görə, Avropanı qazla təchiz edən mənbələr arasında Azərbaycan qaz yataqlarından istehlak bazarına qədər olan zəncirdə ən aşağı emissiya yaradan mənbə hesab edilib: “Biz Avropanın aparıcı şirkətləri ilə qaz satışına dair 25 illik müqavilələr imzalamışıq. Alıcılarımızı bizim məhsullarımızla bağlı hər hansı çətinlik gözləmir, çünki proqnozlara görə Avropada yerli hasilat ilə tələbat arasındakı boşluq böyüməkdədir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.