Müharibə şəraitində media: Nəyi yazmaq olar, nəyi yox?

14-07-2020, 09:19           
Müharibə şəraitində media: Nəyi yazmaq olar, nəyi yox?
Xəbər verdiyimiz kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Bunun nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
Aydın məsələdir ki, müharibə şəraitində əsas yük ordumuzun üzərinə düşürsə, digər yük isə medianın çiyinlərində olur. "4-cü hakimiyyət"-in informasiya savaşında, Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi bir zamanda hərbi informasiyaların yayılmasında həssas davranışı zəruridir.
Bəs media müharibə zamanı hansı rolu oynamalı və cəbhə xəbərlərini necə verməlidir?
Cebhe.info bununla bağlı olaraq, media kapitanları arasında sorğu keçirib.
“Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov bildirib ki, media döyüş zamanı müharibə qanunlarına uyğun fəaliyyət göstərməlidir:
"Media panik və dəqiqləşməmiş informasiyalarla işləyə bilməz. Peşəkarlıq və müharibə dövrünün tələbləri belədir. Hər hansı dəqiqləşməmiş xəbər əhalidə çaşqınlıq yarada bilir. Əsgərlərimizin də ailələri var. Birmənalı olaraq, soyuqqanlı olmaq, xəbərləri dəqiqləşdirmək ən vacib şərtdir. Düzdür sosial şəbəkələr başqa şərtlər altında fəaliyyət göstərir. Amma bu medianın işi deyil. Hərbi sirr, dövlət sirri deyilən anlayışlar var. Biz buna əməl etməliyik və bütün medianı panik xəbərlərdən qaçmağa, dəqiqləşməmiş informasiyaların yayılmasına imkan verməməyə çağırıram. Media döyüş gedən bir vaxtda müharibə qanunlarına əməl etməyə borcludur. Bizim peşəkar media hər zaman bu prinsipləri qoruyub. Bundan sonra təbii ki, belə olacağından əminik".
"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli müharibə dövründə medianın yalnız rəsmi məlumatlara istinad etməsinin düzgünlüyünü vurğulayıb:
"Müharibə gedən dövrdə media yalnız rəsmi məlumatlara istinad etməlidir. Bunun başqa alternativi yoxdur. Rəsmi məlumatlara istinad edilmədən yayılan istənilən məlumat, hətta düşmən ölkənin itkilərinin daha çox göstərilməsinə xidmət etsə də, son nəticədə hətta real göstəricilərin də dəqiqliyini şübhə altına ala bilər. Düşmən isə bundan şübhəsiz ki, öz itkilərini gizlətmək üçün Azərbaycan tərəfinin məlumatlarını yalanlamaq üçün istifadə edə bilər. Media belə vəziyyətlərdə soyuqqanlı davranmalı və koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidir. Azərbaycan mediasının da, cüzi istisnalar olmaq şərtilə bu qaydalara əməl etdiyi qənaətindəyəm".
“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı mübaribə şəraitində medianın da arxa cəbhədə informasiya savaşı apardığını söyləyib:
"Müharibə baş verirsə, media nümayəndələri əsgər kimi fəaliyyət göstərirlər. Biz təbii ki, ön cəbhədə qəhrəman hərbçilərimiz kimi döyüşmürük, biz arxa cəbhədə informasiya müharibəsi aparırıq. Sosial şəbəkələrdə düşmən tərəfi informasiya təxribatları ilə məşğuldur. Onlar gizli adlarla cəmiyyətimizdə yanlış informasiyalar yaymaq istəyirlər. Bunun qarşısını almaq birbaşa bizim vəzifəmizdir. Düşünürəm ki, Azərbaycan mediası istər sosial şəbəkələrdə, istərsə də klassik mediada öz üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gələ bilir. Biz ordumuzun gücünə inanırıq və arxayınıq. Əminik ki, bu təxribatı düşmən tərəf başlatsa da, Azərbaycan Ordusu böyük uğurlara imza atacaq. Təxribatın da qarşısı alınacaq, işğal altında olan ərazilərimiz də azad ediləcək".
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı isə milli əhvali-ruhiyyəni oyadacaq verilişlərin və yazıların yayımlanmalı olduğunu qeyd edib:
"Müharibə gedən ölkələrdə bütün strukturlarda olduğu kimi, mediada da müəyyən qaydalar daxilində davranılmalıdır. Çaşğınlıq yaradacaq, əhalini təşvişə salan təşviqat və təbliğatdan imtina olunmalıdır. Azərbaycan xalqı mübariz əhvali-ruhiyyədədir. Biz bunu dünən sosial şəbəkələrdə gördük. Media da öz növbəsində, müsbət əhvali-ruhiyyəni, milli ruhu oyadacaq yazılar dərc etməlidir. Televiziyalarda hərbi vətənpərvərlik mövzusunda verilişlər, sujetlər efirə getməlidir. Bütün çal-çağır verilişləri dayandırılmalıdır. Bunu edə bilsək, təbliğatda böyük üstünlük qazanmış olarıq. Sosial şəbəkədə də bu tendensiya davam etdirilməlidir, çünki düşmən bizi izləyir. Biz düşmənə əsas verməməliyik ki, hər hansı bir buraxdığımız ciddi səhvdən özləri üçün istifadə etsinlər. Necə ki, biz bu gün erməni saytlarını, sosial şəbəkələrini izləyirik, təhlil edirik, onlarda da eyni təbliğat mexanizmi qurulub. Onu da unutmayaq ki, müharibə təkcə səngərdə getmir, müharibə həm də informasiya savaşında gedir. Buna görə də diqqətli olmalıyıq və hesab etməliyik ki, biz də səngərdəyik".
"Hərbi and" qəzetinin baş redaktoru Emin Həsənli bildirib ki, döyüş şəraitində təkcə media deyil, bütün xalq, dövlət strukturları vahid mövqedən çıxış etməlidir:
"Müharibə dövrünün öz qanunları var. Müharibə zamanı bütünlüklə dövlət, dövlətin strukturları, KİV, qeyri-hökumət təşkilatları, Xarici İşlər Nazirliyi, Parlament, bütün vətəndaşlar səfərbər olunmalıdır. Hər kəs vahid mövqedən çıxış etməlidir. Dünyanın hər yerində belədir. Özünü demokratiyanın beşiyi adlandıran Amerika belə müharibə aparanda öz dövlətinin mənafeyinə uyğun addımlar atır. Dünən cəbhənin Tovuz istiqamətində böyük gərginlik yarandı, Ermənistan tərəfi təxribat törətdi. Bəzən sosial mediada elə məlumatlar gedir ki, bu təəssüf hissi doğurur. O istiqamətdə minlərlə Azərbaycan gənci xidmət edir. Hər kəsin valideyni var, verilən informasiyada həssas olmaq lazımdır. Döyüşən orduda ruh yüksəkliyi yaratmaq lazımdır. Xalqımızda böyük ruh yüksəkliyi var. Xalqımız ordumuzu, dövlətimizi, dövlət başçımızı dəstəkləyir. Rəhim Qazıyev kimi insanlar da var ki, dövlət və Silahlı Qüvvələr əleyhinə çıxışlar edir. Buna yol vermək olmaz. Avropada oturan bəzi şəxslər var ki, bu məsələlərdən istifadə edib ordumuzu, dövlətimizi gözdən salmağa cəhd edir. Bu cəhdlər uğursuzdur. Bizim media, xalqımız dövlətimizlə, ordumuzla birdir. Azərbaycanda müstəqil mətbuat var, söz azadlığı var. Vətəndaşlarımız sosial və mənəvi cəhətdən çox yüksəkdirlər. Onlar dünyada hansı proseslərin getdiyini, Ermənistanın arxasında kimlərin durduğunu, kimlərin silahlandırdığını, Azərbaycanın nə cür haqq işi apardığını bilir. İnsanlarımız, ehtiyatda olan zabitlər, müharibə əlilləri, şəhid ailələri, müharibə veteranları mübarizə aparır. Azərbaycan gəncliyi mübarizə aparır. Biz heç zaman imkan verməyəcəyik ki, kimlərsə çaşqınlıq yaratsın, dövlətimizi, ordumuzu nüfuzdan salmağa cəhd etsin. Bu qəbuledilməzdir. Bizim ordumuz Qarabağı azad edəcək. Çünki ordumuzun həm mənəvi-psixoloji hazırlığı, həm döyüş hazırlığı, həm də peşəkarlığı yüksəkdir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.