Həbsdəki məmurlara oğurladıqlarını qaytarmaq əvəzində azadlıq?! - GƏLİŞMƏ

7-08-2020, 09:29           
Həbsdəki məmurlara oğurladıqlarını qaytarmaq əvəzində azadlıq?! - GƏLİŞMƏ
Maliyyə Nazirliyinin Nazirlər Kabinetinə 2020-ci il büdcəsinə dəyişiklik edilməsi ilə bağlı müraciəti geniş müzakirələr doğurub. Burada əsas diqqətlər iqtisadçı ekspert Samir Əliyevin “Facebook” profilində paylaşdığı statusa yönəlib.

Onun statusu belədir: “2020-ci ilin dövlət büdcəsinə dəyişiklik nəzərdə tutulur. Dəyişikliyə əsasən, cərimələrdən daxilolmalar 16,9 milyon manat (proqnoz 10 milyon manat idi), hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlakın satışından daxilolmalar isə 30,0 milyon manat nəzərdə tutulur. Yəni camaatdan 16,9 milyon AZN, həbs edilən və işdən çıxarılan icra hakimiyyəti başçılarından isə 30 milyon manat alınacaq”.

İqtisadçı ekspertin bu statusu aylar öncə həbs edilən icra başçılarından 30 milyon manat alınacaq kimi başlıqlarla mətbuatda tirajlanmaqdadır. Eyni zamanda, həbsdəki sabiq məmurların bu vəsaitləri ödədikdən sonra azad edilə biləcəkləri barədə fikirlər meydana çıxıb. Bu da təsadüfi deyil. Belə ki, iki il öncə məhkəmə prosesi yekunlaşan “Rabitə işi”ndə təqsirləndirilən şəxslər dövlətlə vurduqları milyonlarla ziyanı ödəyərək azadlığa çıxmışdılar.

S.Əliyev “Yeni Müsavat”a açıqlamasında statusunun yanlış qələmə verildiyini söylədi: “Mətbuatda mənə istinadən verilən bu xəbər yanlışdır. Sadəcə mən bir status yazmışdım. Orada bildirmişdim ki, dövlət büdcəsində dəyişiklik edilir və cərimələr artırılır, bir də müsadirə edilmiş əmlakların satışından olan vəsait. Zarafatla yazdım ki, cərimələri, yəqin ki, camaat ödəyəcək. Həmin müsadirə edilmiş əmlakların da məsuliyyətə cəlb olunmuş icra başçılarına aid ola biləcəyini yazdım. Bu fikirlərimdən götürüb belə bir xəbər hazırlayıblar. Mən deməmişəm ki, həmin vəsaitlər məhz icra başçılarınındır, onlar ödəyib azad olunacaqlar. Kiminsə əmlakının müsadirə olunub satılması onları məsuliyyətdən azad etmir. Ona qalsa, hər kəs həbs ediləndə əmlakını verib azad olunar. Çox səhv fikirdir, niyə belə yazıblar bilmirəm. Sualınıza gəlincə deyə bilərəm ki, statusumda 16,9 milyona artırılması barədə yazımı hər kəs görüb. Bu 10 milyon nəzərdə tutulmuşdu, indi artılır. Söhbət burada cərimələrdən gedir. Yadımdadır ki, Müsavat.TV-də İmişlinin icra başçısı həbs edilən gün qonaq oldum. Orada bu barədə sual verildi və dedim ki, büdcədə ayrıca bir maddə var və həmin istiqamətdə yönləndirmə olur. Bu vaxta qədər o maddə çox da açıqlanmırdı. İndi Maliyyə Nazirliyi onu ayrıca qeyd etməyə üstünlük verib. Bunun da səbəbi aydındır. Söhbət həbs edilən icra başçılarının əmlakından gedir. Onu da deyim ki, burada məsələ təkcə icra başçılarından getmir. Başqa sahənin adamları da burada ola bilər. Biznesmen, nazir, nazirin müavini olması da mümkündür. Ona görə bu məsələni təkcə icra başçısının üzərinə qoymaq düzgün olmazdı. Söhbət burada dövlət əmlakının mənimsənilməsindən getmir. Sizə bir fakt da deyim. Yadımdadır ki, hüquq müdafiəçisi Rəsul Cəfərov QHT sektorunda var idi. O zaman onu vergi borcuna görə vergidən yayınma ilə həbs etdilər. Məbləği ödədi, lakin onu azad etmədilər. Xeyli müddətdən sonra onu başqa adla azad etdilər. Bunu ona görə deyirəm ki, vəsaiti ödəyib deyə bu, birinin azad olunması anlamına gəlməməlidir. Gəlin razılaşaq ki, 30 milyon manat vəsait çox azdır. Həbs edilən yaxud edilməyən icra başçılarının əmlakları 30 milyonla ölçülmür. Bu rəqəmdən dəfələrlə çoxdur. Şərti olaraq deyirəm ki, belə bir şəraitdə bir əmlakı mənimsəyib 100 milyonundan 30 milyonu verib azad olunması düzgün olmazdı. Baş verən proseslərin fonunda bu rəqəm çox azdır. Fikrimcə, daha çox olmalıdır”.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev oğurlanan vəsaitlərin büdcəyə qaytarılmasını vacib sayır: “Həbs edilən icra başçıları, yaxud həbs olunan digər məmurlar dövlət büdcəsindən oğurladıqları məbləğləri qaytarmaları vacibdir. Əgər onlar dövlətə vurduqları ziyanı, oğurladıqlarını qaytarırlarsa, açığı o zaman onların azadlığa çıxmalarına pis yanaşmıram. Yox, əgər bir icra başçısı, yaxud məmur ciddi cinayət törədibsə və onun törətdiyi cinayətin, etdiyi hüquqsuzluq, qanunsuzluğun miqyası böyükdürsə, insanlara ciddi şəkildə mənəvi, psixoloji terror törədibsə, əziyyət veribsə, onun oğurladığının maştabı bilinmirsə, o zaman həbsdə saxlanıla bilər. Amma istənilən halda, onların həbsdə qalması heç kimə heç nə vermir. Müəyyən müddətdə həbsdə qalmaları vacibdir. Bir müddətdən sonra qoy öz azadlıqlarını pul ilə alıb çıxsınlar. Onların büdcəyə ödədikləri vəsaitlərlə hər hansı bir sosial problemi həll etmək olar. Yoxsa məmurlar həbs olunur, pullarını, varlarını saxlayırlar, onlara heç kim gözün üstə qaşın var demir, onlar da bir neçə il həbsdə qalıb çıxandan sonra gedib kef içərisində yaşamağa başlayırlar. Bu da yolverilməzdir. Ümumiyyətlə, vəzifədən çıxan hər bir məmur haqqında onsuzda mediada geniş məlumatlar var. Onların oğurladıqlarının, xaricə çıxardıqlarının miqyasının hamısı var. Vəzifədən çıxarılan şəxsdən həmin vəsaitlərin büdcəyə qaytarılması tələb olunmalıdır. Qəpiyinə qədər o vəsaiti qaytarmalıdır. Yoxsa, vəzifədən çıxar göndər, o da kef içərisində yaşasın. Buna çox mənfi yanaşıram. Bu düzgün hal ola bilməz. Doğrusu, Azərbaycan xalqı bu halla razı deyil”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.