Heydər Əliyev Eldar Həsənovu işdən niyə çıxarmışdı? - “Açın pəncərələri, prokurorluqda olan qeyri-sağlam ab-havanı təmizləyin”

14-08-2020, 00:05           
Heydər Əliyev Eldar Həsənovu işdən niyə çıxarmışdı? -
Xəbər verdiyimiz kimi, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Maliyyə yoxlamaları zamanı onun tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Pravda.az xəbər verir ki, E.Həsənov 1995-2000-ci illərdə Baş prokuror vəzifəsində çalışıb.

E.Həsənov 2000-cil ildə vəzifədən azad edildikdən sonra aprelin 26-da Heydər Əliyev respublika prokurorluğu orqanlarının rəhbər işçiləri ilə müşavirə keçirib. Onun çıxışını təqdim edirik:

“Bilirsiniz ki, Respublika Prokurorluğunun rəhbərliyində dəyişiklik edilibdir. Mən qəbul etdiyimiz bu qərarların səbəbi haqqında və Azərbaycanda prokurorluq orqanlarının gələcək vəzifələri haqqında bəzi fikirlərimi və mülahizələrimi sizə bildirmək üçün dəvət etmişəm.

Səbəblər ondan ibarətdir ki, Azərbaycanın prokurorluğunda, onun rəhbərliyində qeyri-normal vəziyyət yaranmışdır və prokurorluqda ümümən qeyri-sağlam bir mühüt mövcuddur. Təbiidir ki, müstəqil dövlətimizin məhkəmə sisteminin mühüm bir sahəsi olan prokurorluqdakı belə bir vəziyyət bizim işlərimizə uğur gətirə bilməz. Əksinə, işlərimizə zərər gətirir və özü də çox zərərlər gətirir.

Azərbaycanın Prezidenti kimi mən yüksək vəzifələrə təyin etdiyim şəxslərin hamısına inanıram. Xüsusən hüquq-mühafizə orqanlarının başçılarına, güc nazirliklərinin rəhbərlərinə inanıram və etibar edirəm. Əgər belə olmasa, birincisi, mən onları təyin etmərəm, yaxud da ki, təyinetmə zamanı ola bilər səhvlər olsun – o səhvləri aradan qaldıraram.

Mən Baş prokuror Eldar Həsənova dəfələrlə göstəriş vermişəm ki, Baş prokuror kimi siz çalışın prokurorluğun işlərini özünüz tənzimləyin, bu məsələləri bizim üzərimizə qoymayın. Baş prokurora etimad göstərilib və Baş prokuror da işləri ədalətli qurmalıdır. Əgər kimsə hansı bir səhvi, qüsuru göstərirsə, bunu araşdırmaq lazımdır. Əgər o səhv buraxılıbsa, düzəldilməlidir, əgər deyilən söz əsassızdırsa, ona sübut etmək lazımdır ki, bu, əsassızdır, sən bu məsələni doğru qaldırmırsan, yaxud da ki, səhv edirsən.

Baş prokuror prokurorluq sistemində olan bütün məsələləri özü həll etməli, özü tənzimləməlidir. Ancaq bu da ədalət prinsipi əsasında olmalı, ədalətsizliyə yol verilməməlidir. Xüsusən prokurorluq orqanının gördüyü işlərin məna və məzmununu nəzərə alaraq, təbiidir ki, hər bir məsələ ədalətli yoxlanılmalıdır. Amma bizim hüquq-mühafizə orqanlarında, o cümlədən xüsusən də prokurorluqda hər bir xırda və ya böyük iş, məsələ düzgün həll olunmursa, ya ədalətsizliyə, ya da qanun pozuntusuna yol verilirsə, yaxud kimsə öz vəzifəsindən sui-istifadə edərək ümumdövlət mənafeyinə zərər gətirirsə, bunlar hər bir halda ayrı-ayrılıqda araşdırılmalı və son nəticəyə gəlinməlidir. Bu araşdırma da ədalətli olarkən, təbiidir ki, o tərəf da, bu tərəf də anlaya bilər - kim düzdür, kim əyridir.

Ancaq onu da qeyd etmək istəyirəm ki, 1993-cü ildən başlayaraq Azərbaycanın hüquq-mühafizə orqanları Azərbaycanda vaxtilə mövcud olan cəzasızlığın, hərc-mərcliyin, qanunsuzluğun qarşısını almaq üçün çox işlər görmüşlər, Azərbaycanda 1992-ci ildə yaranmış ağır, gərgin vəziyyətdən çıxmaq üçün, vətəndaş müharibəsinin qarşısını almaq üçün, qanunsuz silahlı dəstələrin aşkar edilib ləğv olunması üçün, çox qatı, təhlükəli cinayətlər törətmiş insanların, qrupların aşkara çıxarılması, onların yaxalanması və cinayətlərini sübut etməkdən ötrü istintaqların aparılması üçün və son olaraq bu adamların məhkəmə tərəfindən ədalətli cəza almaları üçün hüquq-mühafizə orqanları, o cümlədən Azərbaycan prokurorluğu çox iş görmüşlər. 1994-cü ildə, 1995-ci ildə Azərbaycanda dövlət çevrilişinə cəhdlər olmuşdur. Buna cəhd edən insanlar Azərbaycanı dağıtmaq, Azərbaycanda konstitusion hakimiyyəti ələ keçirmək məqsədi daşıyırdılar. Biz onların qarşısını aldıq. Təbiidir ki, mən bunda hüquq-mühafizə orqanlarının xidmətlərini də qiymətləndirirəm və keçmişdə də qiymətləndirmişəm.

Sonra başqa təhlükəli cinayətlər, bəzi terror aktlarına cəhdlər olubdur, bu xarakterli başqa cəhdlər olubdur. Bunların da qarşısı alınıbdır. Dövlət çevrilişi cəhdləri göstərənlərin və yaxud Azərbaycanda böyük cinayət əməlləri etmiş insanların və qrupların bir qismi qaçıb, gizlənibdir, uzun müddət müxtəlif ölkələrdə yaşayıbdır. Onların axtarılması, tapılması, aşkar edilməsi və Azərbaycana gətirilməsi sahəsində, sonra isə cinayət əməllərinin araşdırılması və məhkəməyə verilib cəzalandırılması sahəsində də hüquq-mühafizə orqanları, o cümlədən xüsusən prokurorluq orqanları, Azərbaycanın prokurorluğu çox işlər görmüşlər.

Bunları və prokurorluğun başqa nailiyyətlərini mən yüksək qiymətləndirmişəm. Bilirsiniz ki, prokurorluğun yubileyi mərasimində mən öz nitqimdə Azərbaycan prokurorluğunun işinə yüksək qiymət vermişəm, təşəkkür etmişəm. Demişəm ki, mən sizə güvənirəm, etibar edirəm. Bu sözlər adi sözlər deyildir. Bunları mən bir tərəfdən, təbiidir ki, sizin xidmətlərinizi nəzərə alaraq demişəm. İkinci tərəfdən də bu sözləri deyərək mən sizin məsuliyyətinizi artırmaq məqsədi daşımışam ki, siz həmin yüksək mənalı sözlərin səviyyəsində olasınız, sizə verilmiş yüksək qiymətin səviyyəsində olasınız.

Ancaq bununla bərabər, bununla yanaşı çox ciddi nöqsanlar, qüsurlar, ayrı-ayrı prokurorluq işçilərinin vəzifədən sui-istifadə etməsi, qanun pozuntularına yol verilməsi, cinayətkarların cinayətkar olduğunu araşdırmaq üçün istintaq zamanı ədalətsiz hərəkətlər, – bunlar da şəxsi məqsədlər naminə olubdur, – belə hallar da çoxdur

Mən tələb etmişəm ki, mənim bu sözlərimdən nəticə çıxarılsın və prokurorluğun rəhbərliyi daha da çox işlə məşğul olsun, dedi-qodu ilə, şəxsi münasibətlərin toqquşması ilə, intriqalarla və başqa şeylərlə məşğul olmasın. Ancaq əgər vaxtında belə ciddi qərar qəbul olunmayıbsa, bu da yenə prokurorluğa göstərilən qayğının təzahürüdür. Mənim tərəfimdən qayğıdır ki, siz özünüz öz problemlərinizi içinizdə həll edin. Ancaq dövlətçilik prinsipləri əsasında, qanunçuluq prinsipləri əsasında, ədalət əsasında. Əgər bir prokurorluq işçisi qanunu pozursa, yaxud cinayət edirsə və ya o tərəf, ya bu tərəf bunun üstünü basdırırsa, onlar da bu cinayətə qoşulurlar.

Bu gün Azərbaycanda yaranmış ictimai-siyasi sabitlik, sağlam mühit, sağlam əhval-ruhiyyə şəraitində dövlətin mühüm orqanı olan prokurorluqda belə vəziyyətə dözmək olmaz. Buna da birinci növbədə sizin özünüz dözməməli idiniz. Ancaq mən artıq gördüm ki, heç bir nəticə çıxmır və bu qərarları qəbul etdim.

Bütün bunların nəticəsində mən sizə məlum olan qərarı qəbul etdim. Hesab edirəm ki, düzgün etmişəm, ədalətli qərardır. Hesab edirəm ki, bu qərar təkcə işdən azad olunanlar üçün yox, bütün prokurorluq sisteminin işçiləri üçün – həm yüksək vəzifəli, həm də adi işçilər üçün – xəbərdarlıq olmalıdır, hərə özü üçün nəticə çıxarmalıdır.

Eyni zamanda bu qərar Azərbaycanın hüquq-mühafizə orqanlarının hamısı üçün bir xəbərdarlıq qərarı kimi olmalıdır. Ancaq bu nöqsanlar, bu çatışmazlıqlar bu və ya başqa şəkildə, yaxud da başqa həcmdə bizim bütün hüquq-mühafizə orqanlarında var. Ona görə də hər bir kəs, xüsusən hüquq-mühafizə orqanlarının başçıları, rəhbərlikdə olan şəxslər özləri üçün nəticə çıxarmalıdırlar, hərə bu qərardan nəticə çıxararaq özü öz sahəsinə birdə diqqətlə yanaşmalıdır. Diqqətlə yanaşmağın məqsədi də ondan ibarət olmalıdır ki, bizim hüquq-mühafizə orqanlarında sağlam mənəviyyat, sağlam mühit olmalıdır. İnsanlar, yəni bu orqanlarda işləyən vətəndaşlarımız anlamalıdırlar ki, onlara xüsusi etimad göstərilib, onlar xüsusi imtiyazlara, xüsusi səlahiyyətlərə malikdirlər, onlar Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişaf etməsində xüsusi rol oynamalıdırlar. Bunların hamısı da Azərbaycanda cinayətkarlıqla, cinayətkarlığın bütün formaları ilə mübarizəni gücləndirmək, qanunun aliliyini təmin etmək, hər bir məsələnin araşdırılmasında ədalət prinsipini ən yüksək tutmaq və beləliklə də, ölkəmizdə gedən demokratikləşmə prosesini inkişaf etdirmək üçündür.

Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan nə qədər yaxşı işləyirsə-işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir. Bizim tələblərimiz isə qanundur, qanunun aliliyidir. Mənəviyyatın da hamısı qanunun içərisindədir. Heç kəs öz şəxsi məqsədinə, mənafeyinə, yaxud dostunun, qardaşının, qohumunun xahişinə, mənafeyinə görə qanunu poza bilməz.

Prokurorluğun rəhbərliyində yaranmış bu qeyri-normal vəziyyətin ən eybəcər cəhəti də ondan ibarətdir ki, prokurorluğun rəhbərliyi aralarında olan münasibətləri prinsipial nöqteyi-nəzərdən araşdırmaq, kimin hansı səhvi varsa, onu sübut etmək və aradan qaldırmaq üçün lazımi tədbirlər görmək əvəzinə, bir-biri ilə respublikada olan qəzetlər vasitəsilə mübarizəyə keçmişlər.

Mən bu barədə fikirlərimi deyərək, təkcə hüquq-mühafizə orqanlarına, prokurorluğa yox, Azərbaycanın bütün dövlət, hökumət orqanlarına – aşağıdan yuxarıya qədər – bir daha xəbərdarlıq edirəm. Biz insanları tərbiyələndirmək istəyirik. Biz insanları mənəviyyatca təmizləmək istəyirik. Ancaq bəziləri yüksək vəzifə alandan sonra – mən bunu da xüsusi qeyd edirəm – bu vəzifədən bir müddət sui-istifadə etməyə, ondan sonra daha da başqa hərəkətlər etməyə başlayır. Bunların da sonu bu olur.

1996-cı ildə mənə gəlib dedilər ki, bir şikayətçi var. Mən onu qəbul etdim. Onu dinləyəndə mən həqiqətən dəhşətə gəldim ki, əcaba, düzmü deyir, belədirmi? Həmin adam şikayət edirdi ki, gərək ki, onun oğlunu günahsız yerə həbs ediblər və öldürüblər. Soyuducular zavodunda “Çinar” şirkəti var. Bilirsiniz ki, bir neçə dəfə həmin zavodun rəhbərlərinə gah sui-qəsd olunmuşdu, gah xəsarət yetirilmişdi, gah da kimisə öldürmüşdülər. Son dəfə soyuducu zavodunun direktoru vəzifəsini icra edən Nicat Süleymanzadəni yaralamışdılar. Guya “günahkarları” tapıblar və onlardan biri də orada həmkarlar təşkilatının sədri Camal Əliyevdir. Süleymanzadəni yaralamışdılar, guya həmin işi bu təşkil edibdir. Onu həbs ediblər, 17-ci polis bölməsinə aparıblar. Polis işçiləri və Bakı şəhər prokurorluğu orada istintaq aparıblar. Təbiidir ki, bu adam deyibdir ki, günahım yoxdur, bu işləri mən etməmişəm. Ancaq onu döyüblər, ona işgəncə veriblər. Onu o qədər döyüblər, axırda orada döyüb öldürüblər.

Mən əmr verdim, Ramiz Mehdiyevin rəhbərliyi ilə komissiya yaratdıq ki, bu komissiya bu işi araşdırsın. Araşdırdılar, amma son nəticə ondan ibarət oldu ki, həmin o Camal Əliyev günahkar deyil, günahkar başqalarıdır. Əliyev Camalın cəsədini da çıxarıb eksqumasiya etmişdilər, yoxlamışdılar ki, onu qandallayıblar, dişlərini vurub sındırıblar, bədəninə 30 xəsarət yetiriblər. Yəni bu qədər vəhşilik təsəvvür ediləsi deyil. Bunu nə üçün ediblər? Ona görə ki, cinayətkarı gizlətsinlər, məsuliyyətdən xilas etsinlər. Təbiidir ki, bu da asan deyil yəqin, ondan çox miqdarda, müəyyən rüşvət alıblar və bu adamı döyüb-öldürüb “günahkar” ediblər.

Bunu gəlib məruzə edəndə, əmr verdim ki, bu işləri görmüş adamlar cəzalanmalıdırlar, yenidən istintaq aparılıb günahkarlar müəyyən olunmalıdır, Prokurorluq sonra bu məsələni yenə də uzatdı. Nəhayət, günahkarlardan üç nəfər polis işçisi həbs olundu, amma iki nəfəri qaçdı. Onlar indiyə qədər də tapılmır. Amma üç nəfər həbs edildi.

İstintaq şöbəsinin rəisi Vidadi Səmədov bu işin “uğurla” həyata keçirilməsi üçün təltif olunmuşdu. Mən dedim ki, bu adamlar cinayət ediblər. Demək, cinayət etdiklərinə görə məsuliyyət daşımalıdırlar. İndi sonra nə olub, nə aşkar edilib? Bu barədə istintaq aparan Respublika Prokurorluğunun işçiləri təklif veriblər ki, həmin o şəxs - Vidadi Səmədov bu işə görə məsuliyyətə cəlb olunmalıdır, həbs edilməlidir. Eldar Həsənov 7 ay buna razılıq verməyibdir, ondan sonra onu işdən azad edibdir, o da qaçıbdır.

Bilirsiniz, səhv ola bilər, nəyi isə bilmədiyinə görə insan qanunsuz bir iş görə bilər. Amma bu, o qədər aşkar işdir ki, mən bu məsələni müzakirə etmişəm, komissiya yaratmışam, nəzarət altına götürmüşəm və tələb etmişəm ki, həqiqət ortaya çıxsın, o cür cinayət etmiş insanlar cəzalansınlar. Belə halda Eldar Həsənov o adama havadarlıq edir, onun məsuliyyətə cəlb olunmasına 7 ay icazə vermir, o adam da qaçıb gizlənir, tapılmır. Mən o gün də dedim, bu gün də deyirəm, - buna xəyanətdən başqa bir söz deyə bilmərəm.

Mən bir faktı deyirəm. Çünki bu, şəxsən mənim nəzarətim altında olan işdir. İndi mən təsəvvür edirəm, fikirləşirəm əcaba, əgər mənim mudaxilə etdiyim, xüsusi komissiya yaratdığım, nəzarətim altında olan işdə də xəyanət edirlərsə, onda bəs nə etməli?

Mən dedim ki, respublikanın prokurorluq orqanlarında ciddi təmizləmə işi getməlidir. Birincisi, ona görə ki, biz «Prokurorluq haqqında» Qanun qəbul etmişik. Bu qanuna görə prokurorluğun səlahiyyətləri indiyə qədər olduğundan xeyli azalıbdır, ixtisar edilibdir. Ona görə də bir çox şöbələr, bölmələr təbiidir ki, ləğv olunur. Belə halda işin öhdəsindən gələ bilməyənlər, yaxud qanun pozuntusuna yol verənlər, başqaları, təbiidir ki, prokurorluq orqanlarından azad olunmalıdır.

«Prokurorluq haqqında» Qanun çox böyük əhəmiyyətə malikdir. Mən bildirdim ki, 1995-ci ildə bizim qəbul etdiyimiz Konstitusiyaya görə prokurorluq məhkəmə hakimiyyətinin daxilindədir. Ancaq hələ indiyə qədər Azərbaycanda prokurorluq Sovet İttifaqının prokurorluq sistemi çərçivəsində və o prinsiplər əsasında işləyir. Təbiidir ki, bu da artıq mümkün deyildir. Çünki biz hüquqi, demokratik dövlət qururuq. Demək, hər şey hüququn, qanunun əsasında olmalıdır. Demokratik ölkələrdə, hüquqi dövlət olan ölkələrdə hər bir məhkəmə hakimiyyətinin öz yeri, prokurorluğun da öz yeri vardır. Amma bu yer Sovet İttifaqının yaratdığı prokurorluq sistemindən çox fərqlidir.

Ancaq təəssüflər olsun ki, bizim məhkəmə orqanlarından, Daxili İşlər Nazirliyindən fərqli olaraq, burada prokurorluq mühafizəkar mövqe tutubdur, Sovet İttifaqı dövründə yaranmış prokurorluq sistemini saxlamağa və əlində olan səlahiyyətləri saxlamağa çalışıbdır.

«Prokurorluq haqqında» Qanun bir il əvvəl qəbul olunmalı idi. «Prokurorluq haqqında» Qanun layihəsini təqdim etdi, bizim hüquqçular, ekspertlər müzakirə etdilər və məlumat verdilər ki, bu, köhnə Sovet prokurorluq səlahiyyətlərinin hamısını özündə əks etdirən bir qanun layihəsidir. Mən dedim ki, bu, ola bilməz, qanun layihəsini qanun tələblərinə, Konstitusiya tələblərinə, beynəlxalq hüquq normalarının tələblərinə uyğunlaşdırıb gətirin, təqdim edin. Mən bu işə müdaxilə etdim, onun qarşısını aldım. Amma bu qanunun qəbul olunması bir il gecikdi. Əgər prokurorluq dövlətə mənsubdursa, dövlət prokurorluğu bu cür görmək istəyir. Sizə hansı sistem veriləcək, o sistemlə işləyə bilərsiniz – işləyin, işləyə bilməzsiniz – çıxın gedin.

Heç kəs daimi deyildir. Amma hüquqi dövlət daimidir. Biz bu hüquqi dövləti, demokratik dövləti yaradırıq və onu pillə-pillə yüksəklərə qaldırırıq. Bunun da ən prinsipial bir hissəsi məhkəmə sistemində islahatların keçirilməsi, bütün məhkəmə sisteminin beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasıdır. Biz bir tərəfdən beynəlxalq hüquq normalarına uyğun olmaq, demokratik dövlət qurmaq, demokratik təşkilatlara, Avropa Şurasına daxil olmaq istəyirik. O biri tərəfdən də keçmiş Sovet İttifaqının prokurorluq sistemini özümüzdə saxlamaq istəyirik.

Bizim bütün məhkəmə sistemində işləyən işçilər, hüquq-mühafizə orqanlarında işləyənlər bilsinlər ki, bəli, biz hüquqi dövlət qururuq. Hüquqi dövlət qurmaq üçün müvafiq qanunlar qəbul etmişik və bundan sonra da edəcəyik. Bunun qarşısını almaq mümkün deyil. Kim bunun qarşısını alacaqsa, biz onu yolumuzdan kənarlaşdıracağıq.

İkinci vəzifə ondan ibarətdir ki, bu qanunları düzgün icra etmək lazımdır. Ona görə də mən bu gün sizdən tələb edirəm: “Prokurorluq haqqında” Qanun qəbul olunubdur, o qanun necə var, o cür də yerinə yetirilməlidir.

Mən ümidvaram ki, “Prokurorluq haqqında” Qanun, məhkəmə sistemi haqqında qəbul olunmuş qanun ardıcıl surətdə yerinə yetiriləcəkdir. Əminəm, bunlar hamısı, birincisi, Azərbaycanda qanunun aliliyini təmin edəcək, ikincisi, vətəndaşların hüquqlarının qorunmasını təmin edəcək, üçüncüsu də cinayətkarlıqla mübarizəni daha da səmərəli edəcəkdir.

Hüquq-mühafizə orqanlarının işində, o cümlədən xüsusən prokurorluğun fəaliyyətində işimizə böyük zərər vuran bir nöqsan da hələ ki, aradan götürülməyibdir. Bu da müxtəlif yoxlamalar və bu yoxlamalar vasitəsilə xüsusən özəl sektorun inkişaf etməsinə maneçilikdir.

Mən əsassız yoxlamaların qadağan edilməsi və bu barədə hüquq-mühafizə orqanlarının vəzifələri haqqında 1997-ci ildə və 1999-cu ildə iki fərman vermişəm. Doğrudur, o fərmanlardan sonra yoxlamaların sayı azalıbdır. Ancaq bu yoxlamalar davam edir. İkincisi də, hüquq-mühafizə orqanlarında, xüsusən prokurorluqda bu yoxlamalar üçün başqa variantlar tapırlar. Bu variantlar da ondan ibarətdir ki, guya haradasa bir şirkətdə nəsə bir şey var, onu bəhanə tutub beş, on, on beş şirkəti başlayırlar yoxlamağa ki, bəlkə bu cinayət onlarla da əlaqədardır.

Mən sizdən tələb edirəm! Sizin bu yoxlamalarınız dövlətə lazım deyil, bilin! Çünki onların heç birisindən bizim dövlətimizə bir xeyir gəldiyini bu illərdə görməmişəm. Ancaq zərəri böyükdür. Bilirsiniz, belə yoxlamalar həm xarici investisiyaların Azərbaycana gəlməsinə böyük maneçilik törədir, həmdə Azərbaycanda özəl sektorun yaranmasına.

Bir sözlə, mən bütün hüquq-mühafizə orqanlarına deyirəm, bütün yoxlama orqanlarına deyirəm – əsassız, qanunsuz yoxlamaların qarşısı alınmalıdır və özəl sektorun inkişafına şərait yaradılmalıdır.

Əgər biz bu dövləti, demokratik, hüquqi dövləti, bazar iqtisadiyyatı yolu ilə gedən dövləti qursaq – və bunu qurmalıyıq – Azərbaycanın iqtisadi potensialı o qədər böyükdür ki, onu tezliklə hərəkətə gətirib Azərbaycanın iqtisadiyyatını inkişaf etdirəcəyik və ölkəmizin hər bir vətəndaşına normal, firavan həyat sürməyi təmin edə biləcəyik. Bu, bizim hamımızın vəzifəsidir. Təkcə prezidentin yox, hər bir vəzifəli şəxsin vəzifəsidir, hər bir vətəndaşın vəzifəsidir.

Bu gün siz prokurorluqda yaranmış vəziyyət haqqında mənim fikirlərimi dinlədiniz və mən sizin qarşınızda duran vəzifələri də dedim. Baş prokuror özü, gələcəkdə onun müavinləri və başqa rəhbər işçilər bu prinsiplər əsasında işləməlidirlər. Pəncərələri açın, açın pəncərələri, keçmişdə prokurorluqda olan bütün qeyri-sağlam ab-havanı təmizləyin. Orada yaxşı bir hava olsun, sağlam hava, sağlam mühit olsun, işləyin.

Yenə də deyirəm, mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətli və peşəkar işçi hesab edirəm. Təbiidir ki, belə adamlara etimad göstərmək, etibar etmək lazımdır və bunlarsız iş gedə bilməz. Amma eyni zamanda kimsə bizim bu işlərimizə mane olursa, qanunları pozursa… Xüsusən gərək rəhbərlikdə səmimi münasibətlər olsun. Gələcəkdə Baş prokurorun müavinləri olaçaqdır. İndi biz müavinləri də bir az ixtisar edirik, yeni qanunla müavinlər ixtisar olunur. Ona görə gərək müavinlər də düzgün seçilsin, idarə rəisləri də. Kim bu tələblərə cavab verirsə – işləsin, amma kim ki, bu tələblərə cavab vermir, demək, dəyişilməlidir.

Başqa işlər də görülməlidir. Ancaq yenə də deyirəm: siz bilin, dövlətçilik prinsipi, qanunun aliliyi bizim hamımız üçün hər şeydən üstün olmalıdır – Prezident üçün də, hər bir prokuror üçün də, hər bir polis üçün də, hər bir vətəndaş üçün də!

Mən bu gün bu tənqidi sözləri sizə deyərək, eyni zamanda ümid edirəm və çox ümid edirəm ki, sizə ünvanlanmış sözlərimdən nəticə çıxaracaqsınız və prokurorluğun işində ciddi dönüş yaradacaqsınız, öz nailiyyətlərinizlə həm kollektivinizdə sağlam əhval-ruhiyyə yaradacaqsınız, sağlam mənəviyyat muhiti yaradacaqsınız, həmdə respublikada prokurorluğun hörmətini qaldıracaq, dövlət qarşısında öz vəzifələrinizi yerinə yetirə biləcəksiniz.

Sizə uğurlar arzulayıram. Sağ olun”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.