Nazir əlinə baxan, biət edən marionetka media holdinqlər... onlar hakimiyyətdən nə istəyir?

25-09-2020, 11:21           
Nazir əlinə baxan, biət edən marionetka media holdinqlər...
Dahi inqilabçı Lenin mətbuat azadlığını belə xarakterizə edirdi - harada kapitalist varsa, orada söz azadlığı qəzeti, yazarı satın almaq azadlığı deməkdir.
Azərbaycanı perferik kapitalist ölkəsi adlandırsaq, burada mətbuat azadlığı haqda ibarəli sözlər artıq boğazdan yuxarı və pafoslu səslənir.
Nədən ki bizim məmləkətdə media nəinki hökumətin boyunduruğudur, hətta ayrı-ayrı burjuyların, yırtıcı kapitalist məmurların, büdcə talayan oğru nazirlərin əlinə baxandır.
Anaxeber.info replika xarakterli xatırladır ki, dövlətin sərvətini akula kimi yeyib-parçalamaqda olan həmin nazirlərə biət edən, özlərini məclislərin başında media kapitanı adlandıran, peşəkarlıqdan dəm vuranların maliyyəsini bir gün kəs, ertəsi buxarlanacaqlar.
Belə media qrupları, holdinqləri çox görmüşük. Onlardan birini rəsmi xəbərin yazılışında prezidentin çıxışını təhrif etməsinə görə elə cəzalandırdılar ki, “mık” edə bilmədi.
Sonra yalvar-yaxar, günahların bağışlanması üçün səcdə, nəhayət, ürəklərin yumşaldığı vaxtda sözügedən holdinq işini bərpa etdi.
Söhbət ondan gedir ki, dotasiya ilə yaşayan media holdinqlər, müxtəlif portallar ayrı-ayrı fövqəlnazirlərin, gömrük generallarının himayəsindədirlər, asılıdırlar, pulları verilməyən başdan-ayağa hamı maaşsız qalır. Bu, media deyil. Leninin təbirincə desək, harada burjua varsa, orada mətbuat azadlığı satın alınır.
Məsələ burasındadır ki, media üçün reklam bazarının sərbəst buraxılmasını təklif edən media kapitanlarının agentlikləri, saytları bir gün rəqabətli mühitdə davam gətirə bilməzlər.
Təsəvvür edin ki, nazirlərin əlinə baxan holdinqlərin onlardan asılılığına son qoyulur, mətbuata hərtərəfli azadlıq verilir, reklam bazarı sərbəst buraxılır.
Bu mühitdə rəsmi xəbər, yalan statistika yayan, iqtidarın siyasətini öyən, məddahlıq edən adamlara geniş meydan, efir verən həmin saytlar rəqabətdən sağ çıxacaqlarmı? Onları kim izləyəcək və indi kim izləyir?
Yəni, mediaya yeni baxışın, yanaşmanın gəlməsini istəyən “media kapitan”ları yaxşı bilir ki, azad bazarda məğlub olacaqlar.
Necə ki, bu gün onları tənqidçi saytlar, internet televiziyaları üstələyir, onda da belə olacaq. Ona görə mətbuatın yenilənməsini arzulayanlar əslində, dua edirlər ki, hakimiyyətin maliyyəsi kəsilməsin.
Sadəcə, Roma papasından daha artıq katolik olmaq istəyirlər - həm pul verin, həm də tənqid etməyə müəyyən azadlıqlar...Hakimiyyət isə iki yoldan biri seç deyir.
Biz illərlə tənqidin boğulmasının qarşısında sinə gərmişik, mətbuata basqıların ən ağır dövrlərində son qalalardan biri olaraq müqavimət göstərmişik, məhz yazıya görə çağırılmadığımız orqan qalmayıb və bütün bunlarda “media kapitan”ları yanımızda olmayıb, diqqət göstərməyib, indi isə iqtidrdan yeni imtiyazlar istəyirlər - sərbəstlik verin...
Hələ bu azmış kimi, bəziləri vahid jurnalist vəsiqəsi sisteminin tətbiq olunmasını təklif edirlər. Daha da irəli gedərək bildirilir ki, əvvəl biz müəyyənləşdirməliyik ki, ümumiyyətlə, kim mediadır.
Ondan sonra həmin quruluşlar arasında bazar iqtisadiyyatı münasibətləri ilə oyunçuların sərbəst oyunu təmin olunmalıdır.
Birincisi, azad media və bazar iqtisadiyyatı sözləri ilə vahid jurnalist vəsiqəsi tələbi heç uzlaşmır. Sonuncusu geriçilik, totalitar və despot düşüncədir.
Dünyanın heç bir praktikasında olmayan, əksinə, Qərbdə gündən-günə inkişaf edən “freelancer” jurnalistikası üçün imkanar açmalı olduğumuz halda vahid vəsiqəyə çağırış biabırçılıqdır.
İkincisi, sizə o səlahiyyətlər haradan verilib ki, kimin media olub -olmadığını müəyyənləşdirəsiniz?! İlk növbədə həmin ələbaxan media holdinqlərin media olub-olmadığını ayırd etmək lazımdır.
Hər gün müxtəlif qurumardan gələn press-relizləri, rəsmi xəbərləri redaktə edib yaymaq jurnalistikadır? Heç bir izləyicisi, oxucu auditoriyası olmayanlar, tənqidçi mediaya bütün istiqamətlərdə uduzanlar başımıza hakim kəsilirlər, öyüd-nəsihət verirlər.
Biz əyilə-əyilə, sına-sına “qalxmış”ları çox görmüşük. Adlar çəkmək istəmirik, hamıya məlumdur.
Media pillələrində yaltaqlıqla ucalanlar bir gün leş kimi yerə düşəndə başqalarına ehtiyac olmur, elə özləri kimiləri onları didib-parçalayır.
30 il qabaq məğrur insanların, azad vətəndaşların yaşayacağına ümid etdiyimiz ölkəni, onun mətbuatını müti, yazıq, gözüqıpıq, ələbaxan görmək istəyənlər hələ ki kamına çatmaqdadırlar...

AnaXeber.infoшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.