Sisian-Gorus-Laçın və Şuşa yolunu nəzarətə götürmək isə qələbə çalmağa bərabərdir

25-10-2020, 09:21           
Sisian-Gorus-Laçın və Şuşa yolunu  nəzarətə götürmək isə qələbə çalmağa bərabərdir
Bilirəm ki, narahatsınız, ürəyiniz dözmür, dünən bütün günü yaxşı xəbər axtarmısınız, onu tapmağa ümidlərimiz gah artıb, gah da azalıb, səbrli olmaq lazımdır. Əsas odur ki, mübarizəmiz haqqa, döyüşlərimiz ədalətin bərpasına hədəflənib. Xilaskar Azərbaycan ordusu bütün cəbhə boyu üstün mövqedədir. Nəzərə almaq lazımdır ki, irəliyə getdikcə Dağlıq Qarabağa məxsus təbiətin ermənilərin nəzarətində olan istehkamları ilə qarşılaşırıq. İnanıram ki, yenilməz ordumuz onları da aşacaq və yüksəklikləri fəth edərək, bütün torpaqlarımızı azad edəcək.
Teref.az xəbər verir ki, bunu ADR sədri Qubad İbadoğlu yazır. Daha sonra Qubad bəy yazır:
Füzuli cəbhəsində Məngələnata yüksəkliyinə nəzarət edən ordumuz hazırda Üryandağ və Qızılqaya (Şərurdakı deyil) yüksəkliklərini ələ keçirməyə çalışır, ondan sonra Qırmızı bazarı, Xocavəndi götürmək asanlaşacaq. Qırmızı bazardan sonra Şuşaya və Xankəndinə, Xocavənddən isə Ağdama doğru yollar açılacaq.
Qubadlı cəbhəsində Həkəri çayının sağ sahili boyunca irəliləyən ordumuzun hədəfi Laçın dəhlizinə nəzarət etməkdir. Qarabağın qapısı sayılan Laçın ermənilər üçün çox əhəmiyyətlidir, Sisian-Gorus-Laçın və Şuşa yolunu nəzarətə götürmək isə qələbə çalmağa bərabərdir. Ona görə də ordumuz hər iki cəbhədə ciddi müqavimətlə qarşılaşır. Müqavimətin artmasında ermənilərin Rusiyadan gətirdiyi yeni silahlar da rol oynayır. Ermənilər Laçını saxlamaq üçün müxtəlif vasitələrə əl atsalar da buna nail ola bilməyəcəklər, tezliklə müqavimət qırılacaq və onlar təslim olacaqlar. Beləliklə də xilaskar Azərbaycan ordusu torpaqlarımızı yağılardan azad etməklə bərabər 1991-1993-cü illərdə adını çəkdiyim yüksəkliklər uğrunda döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizin də ruhunu şad edəcəklər.
Odur ki, cəbhədən yaxşı xəbərlər gözləyin, darıxmayın. İndi əsas məsələ kəndlərin deyil, yüksəkliklərin azad edilməsi, Lacın dəhlizinin nəzarətə götürülməsidir. Əsgər və zabitlərimizə dualarınızı əsirgəməyin ki, onlara əlavə ruh, güc və enerji gəlsin, həm torpaqları azad etsinlər, həm də bir-birlərini qoruyub qalib ordunun əsgərləri kimi sağ-salamat və sevinclə ailələrinə dönüb, xoşbəxt həyatlarına qayıtsınlar.
Allah onları qorusun!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.