Böyük problemlərin sancılı həlli. (Düşünmək üçün)

25-10-2020, 18:04           
Böyük problemlərin sancılı həlli. (Düşünmək üçün)
Dünya tarixinə, əsasən də 20-ci əsrin hadisələrinə baxanda görünən odur ki, bəzən Dünya elə nöqtəyə gəlir, elə “siyasi düyünlər” yaranır ki, onları müharibələrsiz həll etmək mümkün olmur. Çox təəssüf ki, indi Dünya elə bir mərhələyə qədəm qoyub – açılmaz düyünlər, sümükləşmiş problemlər yaranıb.
Teref.az xəbər verir ki, ReAl partiyasının fəalı, politoloq araştırmasını belə başlayır. Daha sonra Natiq bəy yazır:
İkinci Dünya müharibəsindən sonra bəzi beynəlxalq institutlar, təşkilatlar yarandı ki, daha böyük savaşlar olmasın – BMT, Avropa Şurası, ATƏT, daha sonra Avropa Birliyi, NATO, bəzi regional və maraq ittifaqları böyük savaşların qarşısını almaq üşün yarandı, atom bombaları isə hücum üçün deyil də, müharibələrdən çəkindirmək üçün ən vacib silaha çevrildi. Amma müharibələr bitdimi? Təbii ki, yox, bu gün hamının aydın gördüyü “hibrid müharibələr” elə 1945-dən həmən sonra dünyanın bir çox yerlərində başladı, Qərb, əsasən də ABŞ (NATO) və SSRİ (Varşava Sazişi Ölkələri) Asiyada, Latın Amerikasında, Afrikada məhz başqalarının əli ilə “hibrid müharibələrinə” start verdilər. Amma o savaşların bir ideoloji yanı da var idi – ABŞ Azad Kapitalist Dünyasının, SSRİ isə sosializmin (kommunizmin) ixaracının, bərqarar olmasının tərəfində idi, yəni, hər halda maraqlar iqtisadi olsa da, əməllər ideoloji olurdu.
Sonra SSRİ, böyük ölçüdə qansız dağıldı (daxili münaqişələri, Qarabağ, Abxaziya, Osetiya, Dnestyani bölgəni saymasaq), Şərqi Avropa və Pribaltika qansız-qadasız (bir tək Balkanlardan başqa) ideoloji çərçivədən çıxdı, azadlıq və rifaha, Qərb Sivilizasiyasına addım atdı. SSRİ-nin varisi olan Rusiya isə zəifləsə də, keçmiş post-sovet məkanını öz arxa baxçası saymaqda davam etdi, çünki Pribaltikanı itirdi, başqa Respublikaları da itiirməklə Rusiyaya qarşı olan ön cəbhəni itirmiş olacağını anladı. Amma SSRİ-dən fərqli olaraq Rusiyanın ideoloji “silahı” yoxdur – ideloji olaraq heç nə təkif etmədi, sadəcə bəsid seçim qoydu, ya mənimləsən, ya mənə qarşı. İqtisadi gücü yetərli olmadığına görə ancaq hərbi-siyasi təzyiq yolu ilə öz ətrafına hökm etməyə çalışdı.
Qərbdə də ciddi ideoloji böhran başladı və bu gün də davam edir. Ümumbəşəri dəyərlərdən kənarlaşma sürətləndi, “hibrid müharibələri” genişləndi, hələ üzərinə iqtisadi və valyuta savaşları da gəldi, qloballaşma iflasa uğradı, fərdi dövlətlərin öz maraqları ümumbəşəri dəyərlərdən önə çıxdı, beynəlxalq hüquq və institutlar çalışmaz hala gəldi – bu gün BMT və digər beynəlxalq istitutlar aciz və rəzil duruma düşüblər.
Nəticə etibarı ilə Dünyada yenə siyasi həlli mümkün görünməyən bir yığın problemlər yaranıb – İkinci Dünya Müharibəsinin ədalətsiz bitdiyinə inanan güclər, artan Çin faktoru, Orta Doğudan və Afrikadan ardı-arası kəsilməyən köç problemi, multikulturalizmin çöküşü, etnik millətçiliyin yüksəlişi, ciddi ideoloji boşluğun yaranması, texnoloji inqilab, süni intelektin hərbi fəsadları, İran, Şimali Koreya, Orta Doğu problemləri və nəhayət, 21-ci əsrdə hər kəsin gözü qarşısında Avropanın göbəyində olan Ukraynanın ərazisinin bir bölümünün işğalı, işğalın legitimləşdirilməsi – bu pis örnək, bəzi ölkələr üçün də stimul oldu.
Çox təəssüf, deyəsən, dünya yeni böyük bir savaşa hamilədir – bu savaşla açılmaz düyünlər kəsiləcək, yeni Dünya yaradılmağa çalışılacaq, yeni beynəlxalq institutlar yaranacaq, və ya ciddi islahatlara məruz qalacaqdır. Bu anlamda bizim – Azərbaycanın əsas hədəfi çox tezliklə ərazi bütövlüyünü bərpa edərək yeni Dünya düzəninə keçidə qədər bu prosesi bitirməkdir. Sonra isə işlək və güclü ittifaqlar qurub mövcudiyyətimizi bərkitməkdir. Bunun üçün isə daha effektiv idarəçilik modelinə, çağdaş iqtisadi modelə acil ehtiyac yaranıb. Qələbədən sonra ilk işimiz yeni Konstitutsiya və yeni İqtisadi Modelə keçid olmalıdır. Zaman çox azdır, böyük çağırışlara hazır olmalı, güclü Dövlətin arxasında güclü, çoxşaxəli iqtisadiyyatın və azad düşüncəli vətəndaşın durduğunu dərk etməliyik...
Teref.azшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.