RUSİYADA ÇEVRİLİŞ SSENARİLƏRİ

7-10-2022, 00:02           
RUSİYADA ÇEVRİLİŞ SSENARİLƏRİ
Vladimir Putin güc yolu və saxta referendumla Ukraynanın ərazi vahidlərini Rusiyaya birləşdirməklə müharibədə üstünlük qazanacağını düşünür. Lakin bu hadisədən bir gün sonra Ukrayna ordusu strateji mövqedə yerləşən Liman şəhərini və ətraf yaşayış məntəqələrini işğaldan azad etdi və bununla da Kremlin hayküylü bayram şousu fiaskoya uğradı. Deməli, indi belə çıxır ki, Ukrayna Rusiyanın torpaqlarına daxil olub?

Bəs, görəsən Rusiya niyə car çəkib demir ki, Ukrayna bizim şəhərimizi işğal edib, o, təcavüzkardır? Çünki Putinin məntiqi ilə yanaşsaq, vəziyyət məhz bu cür şərh olunmalıdır.

Kinayə dolu absurd bir vəziyyətlə qarşılaşırıq…

Bundan sonra Ukrayna müharibəsi öz formasını tez-tez dəyişəcək. Hazırda nə Prezident Putin, nə də rəsmi təbliğat ruporları Ukraynanın denasifikasiya və demilitarizasiyası barəsində bir kəlmə də danışmırlar. Rusların müharibədəki rəmzi “Z” hərfinə heç yerdə rast gəlinmir.

Moskvada təşkil olunmuş və Putinin də iştirak etdiyi bayağı və isterik mitinq Rusiya hakimiyyətinin mənəvi cəhətdən necə deqradasiyaya uğradığını, tükəndiyini, deməyə sözü qalmadığını və müharibəni əsaslandıra bilməməsini açıq-aşkar göstərdi.

Putin, böyük ehtimalla, geri çəkilməyəcək, çünki artıq onun başqa yolu yoxdur. Bundan sonra Rusiyanın bütün resurslarını müharibəyə yem edəcəklər. Belə görünür ki, biz hələ ilkin mərhələdəyik. Müharibə uzandıqca hərbi xərclər iqtisadiyyatın baza strukturlarına zərbə vuracaq və bundan sonra Rusiya hakimiyyət elitası arasında dərin fikir ayrılığı baş qaldıracaq.

Liman şəhərinin itirilməsindən sonra Putinin sevimli dostları Kadırov və Priqojinin general Aleksandr Lapin və ordu komandanlığına qarşı açıq hücuma keçmələri yalnız ilkin qaranquşlardır. Belə davam edərsə, elita nümayəndəri günahkar axtarışına çıxacaqlar və qarşılıqlı ittihamları söyüşlər əvəz edəcək. Hələ ki, heç kim “bütün dövrlərin ən dahi strateqi” Vladimir Putinə toxunmur, həmin mərhələyə gəlinib çatılmayıb. Bu mövzu tabudur.

Kreml isteblişmentinin davranışları onların inersiya ilə hərəkət etdiyindən xəbər verir. Rusiya hakimiyyətinin müharibə ilə bağlı dolğun və konkret proqramı yoxdur. Federal Məclisin son yığıncağında rəhbər kaqortanın bədbin, bikef və gərgin olması aydın sezilirdi. Amma bütün bunlara baxmayaraq, Rusiya müharibədə ciddi dönüş yaratmağa cəhd göstərir.

Bəs, Rusiya müharibədə necə dönüş yarada bilər? Hazırda biz müharibənin ikinci fazasındayıq. Birinci fazada Rusiya Ukraynanın ərazilərini ilhaq etdi, lakin 1914-cü ildə Krımın ilhaqından fərqi olaraq bu hadisə rus cəmiyyətində fərəh hissi və sevinclə qarşılanmadı. Çünki müharibə bitməyib, ərazilərin ələ keçirilməsi qələbə sayıla biməz. Ən əsası oldur ki, Vladimir Putin qarşıya qoyduğu və yeddi ay öncə səsləndirdiyi pafoslu tezislərini bir daha dilə gətirmir, bu barədə danışmır, susur. Ukrayna məsələsinin birdəfəlik həll olunması üçün Rusiya ordusu Ukrayna silahlı qüvvələrini darmadağın etməliydi, bundan sonra isə ölkənin iki yerə bölünməsi və ya bütövlüklə işğal edilməsi planı işə salınacaqdı.

Deməli, qarşıya qoyulan strateji plan nəinki yerinə yetirilib, hələ üstəlik, Rusiya ordusu böyük canlı qüvvə və texnika itirərək zəifləyib, döyüş ruhu isə sınıb, nəticədə qismən səfərbərliyə getməyə məcbur qalıblar.

Yeni mərhələdə bu ordunun aqibətinin necə olacağını söyləmək çox çətindir. Kremlin, gözlədiyinin əksinə, Ukrayna ordusu nəinki demilitarizasiya edildi, hətta o, nəhəg rus ordusuna qarşı ciddi müqavimət göstərməklə yanaşı, getdikcə güclənir. ABŞ başda olmaqla NATO ölkələrinin silah yardımı Ukrayna Silahlı Qüvvələrinin çatışmayan tərəflərini kompensasiya edərək rus ordusu ilə tədricən paritet yarda bilib. Bugünkü vəziyyət göstərir ki, quru qoşunlarında üstünlük və təşəbbüs ukraynalılara tərəf keçməyə başlayıb. Digər yandan, Putin rus xalqına deyirdi ki, biz NATO-nu qətiyyən sərhədlərimizə buraxmamlıyıq. Artıq Kiyev NATO-ya üzvülük barəsində müraciət göndərib. Onların tezliklə alyansa üzv ola biləcəyini söyləmək çətindir, lakin gözlənilən prosesə start verilib.

Finlandiya və İsveç də yaxın zamanlarda rəsmən NATO-ya daxil olacaqlar. İndi Moskvaya sual vermək lazımdır ki, müharibə başlamamışdan öncəki strateji mövqe necəydi, indi necədir? Hanı NATO-ya göndərilən ultimatumun faydalı nəticələri? Əlbəttə, kimsə deyə bilər ki, bəs Rusiya addım-addım istəyinə nail olur, əvvəlcə Krımı götürdü, indi isə bir qədər də artıq ərazilər qamarlayıb.

Dünya tarixindən bəllidir ki, istənilən müharibədə ən əsas şərt rəqibin ordusunun məhv edilməsidir. Əgər bu baş verməyibsə, hansısa ərazilərin ələ keçirilməsi qələbə sayıla bilməz. Məsələn, Napoleon Bonapart 1812-ci ildə Moskvaya da daxil olmuşdu, amma rus ordusunu Borodino döyüşündə tam məğlubiyyətə uğrada bilmədiyi üçün onun paytaxtı tutması qələbəni təmin etməmişdi. Sonradan o, Rusiyanı tərk etmək qərarına gəldi. İkinci Dünya Müharibəsində Almaniya SSRİ-nin qərb hissəni işğal etmişdi, hətta milyonlarla sovet əsgərini öldürmüş və əsir almışdı, amma buna baxmayaraq sovet ordusunu birdəfəlik ortadan götürə bilməmişdi və müharibənin nəticəsi də bəllidir. Tarixdə çoxlu sayda belə nümunələr var.

İndi Rusiyanın qarşısında çox mühüm məsələlər dayanır və onlar həll edilmədiyi təqdirdə müharibədə uğur qazanmaq mümükn olmayacaq və nəticədə daxili çəkişmələr və hakimiyyət dəyişikliyi baş verəcək. Bu hakimiyyət dəyişikliyi Boris Yeltsinin öz yerini Vladmir Putinə ötürməsi ssenarisinə bənzəməyəcək.

Beləliklə, strateji cəhətdən uduzan Rusiya indi hansı taktiki problemləri həll etməlidir?

Aşağıdakı variantlar mümkündür:

Birincisi, yəqin ki, Kreml çətin durumdan çıxmaq və bütün resurslarını səfərbər etmək üçün vaxt qazanmaq niyyətindədir. Ona görə də bundan sonra Rusiya ordusu müdafiə istehkamları quracaq və Liman şəhərində olduğu kimi yenidən məğlubiyyətə uğrayıb geri çəkilməməyə cəhd göstərəcək, çünki əks təqdirdə ruh düşkünlüyü və daxili didişmələr vüsət alacaq. Rusiya səfərbər olunanları lazımı formada hərbi birliklərə yerləşdirməyə çalışacaq ki, ən azından iki ay ərzində cəbhə xəttini sabit saxlasın.

Rusiya komandanlığı səfərbərliyin ilk dönəmlərində ağır itki verməmək, əhalinin etirazının və qorxusunun yatması üçün bu taktikadan istifadə edə bilər. Bu müddət ərzində silah və ərzaq təchizatı və eləcə də əsgərlərin zəruri ehtiyacları tam ödənilməlidir. Rəsmi təbliğat maşını ukraynalıların hücum imkanlarının tükənməsindən və Putinin dahi strateq olmasından, onun şeytanla necə mübarizə aparmasından danışacaqlar. Bu ssenarinin həyata keçməsi çox müşkülldür, çünki Ukrayna ordusu Qərbdən daha güclü silahlar almağa başlayır və onlar rusların özlərinə gəlmələrinə və yeni canlı qüvvə hesabına güc qazanmalarına imkan verməyəcəklər. Başqa tərəfdən, yaddan çıxarmayaq ki, cəbhə xəttinin ümumi uzunluğu min kilometrdən çoxdur və belə bir ərazinin müdafiə olunması asan deyil.

İkincisi, ruslar “ən yaxşı müdafiə – hücumdur” taktikasını işə sala bilərlər. Kreml 2014-cü ildəki “Krım bizimdir” şousunun çox uzaqlarda qaldığını bilməmiş olmaz, indi artıq xalq yeni reallıqlarla üzləşib, müharibə gəlib onun qapısını döyür. Karbohidrogen pulları sayəsində məst olmaq dövrü qurtardı.

Liman cəbhəsinin yarılması Vladimir Putinin yeni ilhaq şousunu qəmə qərq etdi, elə ona görə də Rusiya Prezidenti ukraynalıların indiki psixo-emosional üstünlüklərini onların əlindən almaq və öz xalqını ruhlandırmaq üçün hansısa məntəqənin alınmasına əmr verə bilər. Səfərbərlik nəticəsində toplanan əsgərlərin sayı Putini buna həvəsləndirə bilər, axı o, blitskriqə də arxayın idi. Böyük canlı qüvvə itkisi sayəsində belə ssenarinin baş tutma ehtimalı var, ancaq Severodonetsk və Lisiçansk şəhərlərini işğal edəndən sonra rus ordusu təngənəfəs olub taqətdən düşmüşdü. Unutmayaq ki, müharibədə həmçinin rəqibi yormaq və əldən salmaq taktikasından da istifadə olunur.

Rusiyadan fərqli olaraq Ukrayna uzun müddətli və üzücü müharibəyə psixoloji cəhətdən hazır görünür. Həm də heç kimə sirr deyil ki, bu müharibədə təkcə Rusiya və Ukrayna iştirak etmir. NATO kimi nəhəng alyans Ukraynaya ciddi silah yardımı edir və bu dəstək “Lend-Lizin” işə düşməsi ilə getdikcə daha intensiv xarakter alacaq.

Rusiya Prezidenti fikirləşir ki, ən kritik anda ən güclü kozırdan istifadə edə bilər. Söhbət nüvə zərbəsi ilə müharibənin gedişini dəyişməkdən gedir. Ancaq nüvə dəyənəyini yelləmək həm də güclü şantaj və blefdir. Müharibənin irəlidəki dönəmlərində rus xalqı və hərbi elita anlayacaq ki, Putinin apardığı avantürist siyasət onları məhvə sürükləyir.

Nəhayət, bu həqiqət hamıya ağah olandan sonra xalq üsyanı və ya çevriliş ssenariləri dövrəyə girəcək. Yoxsa Rusiyanın bir dövlət kimi tarixə qovuşması qaçılmazdır.



“AzPolitika.info”




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.