İranda nə baş verir - Etiraz, yoxsa inqilab?

26-11-2022, 10:35           
İranda nə baş verir -
İran hakimiyyəti geri çəkilmək fikrində olmayan etirazçılarla dil tapmaq üçün vasitəçi axtarışına cəhd edib. Son günlər İran Ali Milli Təhlükəsizlik Şurası katibinin bu məqsədlə Ayətullah Xomeyninin və Ayətullah Rəfsəncaninin ailə üzvlərinə müraciət etdiyi barədə məlumatlar yayılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) araşdırmasında bildirilir.

Eyni zamanda, İran ali rəhbərinin oğlu Müctəba Xameneinin keçmiş prezident Rəfsəncaninin qızı Fatimə ilə görüşdüyü barədə təsdiqlənmiş informasiya meydana çıxıb.

Lakin bunun hansısa fayda verəcəyi inandırıcı görünmür, çünki indiki etirazlar hər halda 2009-cu ildəki “Yaşıl Hərəkat”dan fərqli mahiyyətdədir, yəni sistemdaxili müxalifətin yönəltdiyi proses deyil.

İkincisi, İran hakimiyyəti son illər islahatçı qüvvələri addım-addım siyasi səhnədən uzaqlaşdırıb, özünün manevr imkanlarını xeyli məhdudlaşdırıb, halbuki, əvvəllər ictimai narazılıqları və böhranlı situasiyaları sistemdaxili müxalifətin köməyi ilə kifayət qədər uğurla idarə edirdi.

Üçüncüsü və ən başlıcası, 2018-ci ildən etibarən etirazçı əhalinin islahatçı diskursa və cərəyana inamının itdiyi də aydın görünür.

İqtisadi amil

İran iqtisadçıları son 10 ildə ölkədə yoxsulluq səviyyəsinin 3 dəfə artdığını bildirirlər. Maraqlıdır ki, 2017-2018 və 2019-cu il etirazlarında tez-tez səslənən və hakimiyyəti xaricdəki proksi qüvvələrə xərclədiyi vəsaiti ölkə daxilinə yönəltməyə çağıran şüarlar (məsələn, Suriye-ra rəha kon, fekri be hal-e ma kon – Suriyanı boş ver, bizim halımızı bir düşün) da artıq eşidilmir.

Etirazların mənşəyi ilə bağlı İranın daxilində fərqli baxış var

Rəsmi Tehran başlanğıcdan etirazların xarici qüvvələrin (ABŞ, İsrail, Britaniya, Səudiyyə Ərəbistanı) “fitnəsi” olduğunu bəyan edib. Lakin həqiqət budur ki, daxildə zəmin olmadığı təqdirdə hansısa xarici qüvvənin belə uzunmüddətli və geniş aksiyaları təşkil etməsi qeyri-mümkündür.

Bu kontekstdə hazırkı etirazlarda İran hakimiyyəti üçün ən qorxulu elementin – etnik amilin mövcudluğu da vurğulanmalıdır. Son günlər İran rəsmiləri ölkəni parçalamaq planlarından danışarkən, məhz bu məsələni nəzərdə tuturlar.

Reallıq budur ki, kürdlərin, bəluçların və azərbaycanlıların timsalında bu amil özünü aydın şəkildə göstərməkdədir. O cümlədən, Güney Azərbaycan etirazçıları “Azadlıq, ədalət, milli hökumət” şüarı ilə bunu daha açıq ifadə edirlər.
Oktyabr ayının sonlarından başlayaraq, İrandakı etirazlarda radikallaşma tendensiyası müşahidə edilir, bu da bəzi yaşayış məntəqələrində nəzarətin qısa müddətə olsa da, etirazçıların əlinə keçməsi, yüksək rütbəli Sepah və polis məmurlarının öldürülməsi ilə müşayiət olunur. Buna adekvat olaraq, hakimiyyət qüvvələrinin zorakılığı da artmaqdadır. Noyabrın 19-da İranın ali rəhbəri Ayətullah Əli Xamenei “iğtişaşların yığışdırılacağını” bəyan etmişdi. Bu isə etirazçlara qarşı zorakılıq dozasının artırılacağının siqnalı sayıla bilər.

Həmin çıxışında Xamenei maraqlı bir fikir də söyləyərək bildirmişdi ki, iğtişaşların təşkilatçıları hakimiyyət təmsilçilərini yorub əldən salmaq niyyətini güdürlər.

Halbuki, əvvəlki etirazlarda məhz hakimiyyətin özü həmin taktikadan istifadə edirdi, bu da rejimin xalq etirazlarını yatırtmaq sahəsində ənənəvi metodlarının daha özünü doğrultmadığı anlamına gəlir. Hazırkı etirazlarda hakimiyyətin nəinki əvvəllər sınaqdan keçirdiyi taktika, hətta proqnozları və təhlilləri də özünü doğrultmamışdı. Bununla belə, gedişat göstərir ki, İran hakimiyyəti sərt tədbirlərə əl atmaqla, bütün mənfi nəticələrinə rəğmən, etiraz hərəkatını qan içində boğa bilər.

Bəs sonra?

Gerçəklik budur ki, İran hakimiyyətinin beynəlxalq imicinin daha da pisləşməsi (dronlar məsələsi, nüvə danışıqları, insan haqları kimi səbəblərdən) və yeni sanksiyalarla üzləşməsi ilə sinxron şəkildə baş verən etirazların zorla yatırdılması, eyni zamanda rejimin cəmiyyətə yeni nəsə təklif etmək potensialının olmaması onun düşdüyü dalanın daha da daralmasına gətirib çıxaracaq.

Xatırladaq: İranda islam respublikasının qurulmasına gətirib çıxaran inqilab müəyyən fasilələrlə bir ildən çox davam etmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.