Azərbaycan dəyişib və onun müsbətdə, mənfidə tərəfləri var....

26-11-2022, 17:06           
Azərbaycan dəyişib və onun müsbətdə, mənfidə tərəfləri var....
Axır zamanlar tez-tez eşitdiyimiz sözlərdən biri də odur ki, "Azərbaycan əvvəlki Azərbaycan deyil, bizimlə belə danışmaq olmaz". Son dövrlərdə hakimiyyətin təbliğatına xidmət edən bu fikirdə həqiqət yükü nə qədərdir, onu qiymətləndirməyə çalışacam.
Öncə qeyd edim ki, gerçəkdən Azərbaycan dəyişib, onlar arasında müsbəti də, mənfisi də vardır. Müsbəti odur ki, ərazilərimizin böyük bir hissəsi işğalçılardan geri alınıb. Hərbi zəfərin əldə olunmasında şəhidlərin, qazilərin, müharibə iştirakçılarının şücayəti və Türkiyənin dəstəyi əvəzedilməzdir. Baxmayaraq ki, Qarabağdakı ərazilərin bir hissəsi hələ də rusların nəzarəti altındadadır, amma xalq olaraq özümüzü qalib hesab edir və ikinci Qarabağ müharibəsinin nəticələri ilə də düz edib öyünürük. Gözəl. Bu xalqımızın şərəfli tarixinin parlaq səhifələrindən sayılır.
Amma, Azərbaycanın gücü yalnız hərbi müstəvidəki nəticələr üzərindən qiymətləndirmə obyekti ola bilməz. Gəlin digər göstəricilərə də baxaq görək ki, gücümüz başqa indikatorlar üzrə artıb, yoxsa azalıb.
1. Azərbaycan diplomatiyasının beynəlxalq qərarlara təsiri.
Son zamanlar BMT-də bütün səviyyədə səs vermələrdə iştirak etməməklə mövcudluğumuzu belə göstərə bilməmişik. NATO-da, ATƏT-də, Avropa Parlamentində, Avropa Şurasının Parlament Assembleyasında, G7 dövlətlərinin parlamentlərində qərarlara əvvəlki təsirlərimizi qoruyub saxlaya bilməmişik, yeni dostlar qazanılmayıb, əksinə düşmənlərlə daha gərgin ikitərəfli münasibətlər yaranıb. Deməli, beynəlxalq arenada diplomatik təsirlərimiz zəifləyib.
2. Azərbaycanda milli iqtisadiyyatın inkişafı. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, müharibədən sonrakı dövrdə adambaşına düşən gəlirlərin artım tempinə görə qonşu Gürcüstandan və Ermənistandan geriyik. Dünya Bankının proqnozlarına görə islahatlar olmazsa Azərbaycan iqtisadiyyatı 2050 ilədək orta hesabla 11 faiz böyüyəcək ki, bu da 30 il üçün cüzi artım sayılır və dünya üzrə aşağı göstəricilərdən hesab olunur.
3. Azərbaycanlıların sosial durumu. Əhalinin vəziyyəti son 2 ildə daha da pisləşib, işsizlik və yoxsulluq, miqrasiya artıb. Ərzaq qiymətləri Gürcüstan və Ermənistanla müqayisədə daha çox bahalaşdığından aztəminatlı əhalinin yaşam şərtləri daha da ağırlaşıb.
4. Azərbaycanda idarəçiliyin durumu. Ölkədə korrupsiya, talançılıq daha da inkişaf edib, varlılar daha da varlanıb, kasıblar daha da kasıblaşıb. Ölkədə ailə hakimiyyətinə bağlı olan şirkətlərin inhisarçılığı həm regionlar, həm də bazarlar güclənib. İşğaldan azad edilmiş ərazilərdəki gəlirli sahələr məcburi köçkünlər ora qayıtmadan Azərbaycan və Türkiyə siyasi hakimiyyətlərinə bağlı olan bizneslər arasında bölüşdürülüb.
5. Nəhayət, Azərbaycanda siyasi durum. Ən önəmlisi də budur. Hakimiyyət siyasi gücünü xalqdan deyil, Rusiyadan almaqda davam edir. Siyasi gücün xalqdan almayan heç bir hakimiyyət güclü ola bilməz. Azərbaycanın güclənməsinin yeganə yolu ölkədə xalqın hakimiyyətin bərpasıdır. Azad və ədalətli seçkidə xalqın mandatı ilə milli hakimiyyətin formalaşmasıdır.
Yekun olaraq, onu deyim ki, bütün bunları Azərbaycanın gerçəkdən güclü olmasını istədiyim üçün yazıram. Güclü və bütöv Azərbaycanın, qüdrətli milli iqtisadiyyatın və rifahlı cəmiyyətin yaranması üçün hər kəsin edə biləcəyi çox şey vardır. Yetər ki, şirin nağıllara deyil, acı da olsa həqiqətləri qəbul edib, birləşək və xalqın hakimiyyətini bərqərar edək, gerçəkdən güclənək.
Qubad İbadoğlu, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri
Teref.az












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.